Cahil cəmiyyətin ümumi şəkildə ortaq bir məqsədi vardır; dünya həyatından, hədsiz şəkildə maksimum dərəcədə faydalana bilmək… Dünyanın harasına gedilirsə gedilsin, bu ortaq məqsəddən varlı-kasıb, kəndli-şəhərli, böyük-kiçik demədən cahil cəmiyyətin hər üzvünün bu idealı əsasında hərəkət etdiyi müşahidə olunur. Çünki cahilliyin yanlış inancına görə həyat ölümlə məhdudlaşır. Olduqca qısa olan və sürətlə gəlib keçən bu həyatı dünya şərtlərinə görə ən yaxşı şəkildə qiymətləndirmək isə bu insanların inanclarına ən uyğun olan davranış formasıdır.
Halbuki bu tamamilə batil bir etiqaddır. Çünki dünya həyatı bir imtahan mühiti olaraq yaradılmışdır. Allah dünya həyatını insanlara xüsusən cəlbedici gələcək şəkildə yaratmış və bir çox nemətlə bəzəmişdir. İnsanların bəziləri bu gözəllikləri Allahın bəxş etdiyini biləcək və bu müvəqqəti nemətlərdən Ona şükür etməklə istifadə edəcək, əsl məqsədi isə dünya həyatında Allahın razılığını qazanacağı işlər görərək axirəti qazanmaq olacaq. Bəzi insanlar da dünya həyatının bu saxta bəzəklərinə aldanacaq və bütün bunları verənin Allah olduğunu unudaraq axirət həyatını görməzdən gələcək.
Məhz cahil cəmiyyət bu ikinci alternativi seçib bütün ideallarını yalnız dünya həyatı üzərində quran kəslərdən ibarətdir. Qeyd olunan kəslərin gələcək planlarının heç birinə axirət həyatı daxil deyil. Allah onların bu seçimlərinin səbəbini isə bir ayədə belə bildirmişdir:
Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah inkarçıları doğru yola yönəltmir. (Nəhl surəsi, 107)
Ayədə də bildirildiyi kimi, dünya həyatı bu insanları aldadır və daha sevimli görünür. Allahın insanlara nemət və sınaq olaraq yaratdığı bütün imkanlar cahil insanları aldadar. Və onlar da Allaha qarşı borclu olduqları məsuliyyətləri unudaraq bu həyata aldanarlar.
Cahil insanları bu şəkildə ehtirasla əyləndirərək qəflətə aparan mövzular isə məlumdur. Yaxşı bir həyat yaşaya bilmək, varlı ola bilmək, etibar və vəzifə əldə edib cəmiyyətdə hörmətli yer tutmaq, yaxşı bir ailə həyatı qurub öyünə biləcək uşaqlara sahib olmaq…
Məhz cahil insanın sonsuz axirət həyatından üstün tutduğu mövzular bunlara bənzərdir.
Əlbəttə ki, bütün bunlar hər insanın dünyada sahib olmaq istəyəcəyi, haqqı olan nemətlərdir. Ancaq cahil insanın burada düşdüyü böyük bir yanılma vardır. Bu cür insanlar bütün bunların həqiqi sahibinin yalnız Allah olduğunu, bu nemətləri Özünə şükür edərək istifadə etmələri üçün verdiyini və əsl məqsədin axirət olduğunu unudarlar.
Cahil insanların bu həqiqətlərdən uzaq yaşamaları isə, onlara sadə və adi bir dünya meydana gətirər. Dünyadakı bir çox insan bu məlum olan bir neçə idealın arxasınca qaçır. Hər kəsdən daha üstün ola bilmək, daha çox pul qazana bilmək və dünyadan daha çox faydalana bilmək üçün çox vaxt bir çox əxlaqi və insani xüsusiyyətlərindən rahatlıqla güzəştə gedə bilərlər. Bu da onlara zənn etdikləri kimi yaxşı bir həyat deyil, əksinə çətin bir həyat gətirər.
Əllərində dünya həyatında əhəmiyyətli hesab olunan nə qədər çox nemət olursa olsun, yiyələndikləri bu pis xarakterə görə bu nemətlərdən ümid etdikləri zövqü ala bilməz və bunlardan öz xeyirlərinə istifadə edə bilməzlər. Düşdükləri mənfəət mübarizəsi buna mane olar. Nemətlərin yalnız özlərinə aid olmasını istəyərlər və bu mövzuda dəlicəsinə bir ehtirasa düşərlər. Bu da onlarda əlində olana qane olmayan, hər şeydən narazı bir xarakter formalaşdırar.
Bu ehtiras və yarış içərisində dünya həyatının nemətlərindən daha da çox istifadə edə bilmək üçün qaçaqaçda olduqları vaxt, yavaş-yavaş xəstəliklərlə və yaşlılıq əlamətləri ilə qarşılaşmağa başlayır və bir müddət sonra ölüm həqiqəti ilə üzləşərlər. Bu mərhələdən sonra isə dünyadakının əksinə, pul, mövqe və etibar kimi anlayışların heç bir fayda verməyəcəyi və yalnız Allahın razılığını qazanmaq üçün göstərilən səylərin qarşılıq görəcəyi axirət həyatıyla qarşılaşarlar. Ayədə bu həqiqətlə qarşılaşdıqlarında, həyatı boyunca Allaha yönəlməyi görməzlikdən gələnlərin əbədi peşmançılığından belə bəhs edilir:
İnkarçılar mütləq müsəlman olmalarını arzulayacaqlar. Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər. (Hicr surəsi, 2-3)

