Cahil cəmiyyətin Allah inancı

İnsana yaradılış məqsədini bildirən, doğrunu-səhvi göstərən və həyatın həqiqi yönlərini

İnsana yaradılış məqsədini bildirən, doğrunu-səhvi göstərən və həyatın həqiqi yönlərini açıqlayan, yol göstəricimiz Qurani Kərimdir. Çünki insanları yaradan, onların tək hakimi və tək sahibi olan Allah Quranı endirmişdir. Buna görə də insanın bilmədiklərini öyrənməsi və sahib olduğu cahillikdən xilas olub məlumatlı ola bilməsi də ancaq Quranda göstərilən din əxlaqını tam olaraq yaşaması ilə mümkündür.

Bu əhəmiyyətli həqiqəti görməzlikdən gələrək din əxlaqından uzaq yaşayan insanlar isə “cahil” cəmiyyət meydana gətirərlər. Lakin bu cahillik hamının bildiyi cahillik olaraq istifadə edilən mənasından tamamilə fərqlidir. Bu kəslər ədəb, mədəniyyət və ya təhsil baxımından özlərini inkişaf etdirmiş ola bilərlər. Ya da elmin bir çox sahəsində ixtisaslaşmış, yüzlərlə kitab oxumuş, saysız-hesabsız kəşflər etmiş və hətta bu qazandıqlarıyla yaşadıqları tarixə adlarını yazdırmış insanlar da ola bilərlər. Ancaq bu insanların nə mövqeləri, nə təcrübələri, nə də oxuduqları kitablar onlardakı cəhaləti aradan qaldırmağa kifayət edər. Çünki bəhsi keçən bu cahillik, bu kəslərin yaradanımız olan Allahı tanımamaları, Onun qüdrətini lazım olduğu kimi təqdir edə bilməmələri, Onun özlərindən nələr gözlədiyini, Allahın razı olacağı ümid edilən əxlaq və şəxsiyyət quruluşunun necə olmasının lazım olduğunu bilməmələrindən qaynaqlanan bir cahillikdir. Bu əsaslı cəhalət onların həyat tərzindən şəxsiyyət formasına qədər həyatının hər anında öz mənfi təsirini göstərir.

Bu cahillikdən xilas olmağın tək və qəti həlli isə, Allahın insanlara dünya və axirət həyatına aid bütün sirləri və həqiqətləri bildirdiyi və bilmədiklərini öyrətdiyi Qurana yönəlmələridir. Əks təqdirdə isə, tək bir qaynaq, tək bir doğru və tək bir din anlayışı olmayacağı üçün, ortaya minlərlə batil inanc və xarakter çıxar. Bu fərqli xarakterləri daşıyan insanların hər birinin yaşama məqsədləri, idealları, əxlaq anlayışı, doğruları, səhvləri və həyat tərzləri də bir-birindən ayrıdır.

Bu xarakterlər bir-birləri ilə müqayisədə o qədər böyük ziddiyyətlərə sahibdirlər ki, bu insanlar eyni yerdə yaşaya bilmələri çox vaxt mümkün olmaz. Hər kəs öz düşüncəsinin və öz həyat tərzinin doğruluğunu müdafiə edər və başqalarınkını tənqid edər. Bir-birlərini bəyənmədikləri və bir çox məqamda yola getmədikləri üçün də çətin bir həyat yaşayarlar.

Bu insanlar üçün tək həll yolu isə, din əxlaqının təqdim etdiyi gözəl həyatı yaşamaqdır. Çünki insanı yaradan Allah, yenə onun ən ideal həyatı yaşaya biləcəyi və hər şeydən ən çox zövqü ala biləcəyi sistemi Quranda bildirmişdir.

Cahil cəmiyyəti meydana gətirən insanların hamısının həyat forması və dünyaya olan baxışları bir deyil. Aralarında din əxlaqını heç bilməyən insanlar olduğu kimi, din əxlaqını bilən və Allahın bir çox hökmündən xəbərdar olan insanlar da vardır. Hətta bunların böyük əksəriyyəti də sual verdikdə, Allaha inandıqlarını deyirlər:

De: “Əgər bilirsinizsə, (deyin görək) yer üzü və orada olanlar kimindir?” Onlar: “Allahındır!” – deyəcəklər. Sən də: “Elə isə heç düşünmürsünüzmü?” – de. De ki: “Yeddi göyün və əzəmətli ərşin Rəbbi kimdir?” Onlar: “Allahındır!” – deyəcəklər. De ki: “Elə isə siz (Allahdan) qorxmursunuzmu?” De: “Əgər bilirsinizsə, (deyin görək) hər şeyin hökmranlığı əlində olan, (hər şeyi) himayə edən və heç bir himayəçiyə ehtiyacı olmayan kimdir?” Onlar: “(Bu sifətlər) Allaha məxsusdur!” – deyəcəklər. De ki: “Bəs necə olur ki, ovsunlanırsınız (aldanıb haqdan üz döndərirsiniz)?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, doğrudan da yalançıdırlar. (Muminun surəsi, 84-90)

Ancaq bu insanlar dilləri ilə təsdiq etdikləri bu həqiqəti qəlbi ilə rədd edərlər. Buna görə də, Allaha həqiqi mənada iman gətirib Onun bəyəndiyi kimi bir həyat yaşamazlar. Allahın razılığını qazanacaq işlərlə məşğul olmaq əvəzinə öz istəklərini təmin etmək məqsədi üçün yaşayarlar. Dünyadakı heç bir şeyin təsadüfən ortaya çıxmış ola bilməyəcəyini, ən incə detalına qədər hər varlığı üstün bir yaradıcı olan Allahın yaratmış olduğunu başa düşərlər.

Bütün hadisələrin yalnız Allahın qüdrəti və hakimiyyəti altında baş verdiyini açıq şəkildə görərlər. Buna görə də, vicdanən Allahın varlığını təsdiq edərlər. Amma buna baxmayaraq din əxlaqını yaşamaq istəməmələrinin səbəbi isə Quranda belə izah olunmuşdur:

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

Cahil cəmiyyətdəki insanların bir hissəsi də, Allahı açıq şəkildə inkar etməyə cəhd edər. Onlar da yaşadıqları kainatdakı qüsursuz nizamın təsadüflər nəticəsində ortaya çıxa bilməyəcəyini bilirlər. Lakin bu insanlar vicdanlarını tamamilə bağlamışlar. Allahın varlığının dəlillərini görməzlikdən gəlməyə və düşünməməyə çalışarlar. Onları daima doğruya yönəltməyə çalışan vicdanı susdura bilmək üçün də bəzi bəhanələr irəli sürərlər. Lakin bu bəhanələrinin heç bir izahı yoxdur. Bunlar yalnız inkar etmək üçün bəhanə tapmağa çalışırlar.