Allah insanlara həyatı boyunca ehtiyac duyacaqları hər mövzu ilə bağlı bütün zəruri məlumatları Quranda açıqlamışdır. Dünya həyatının həqiqətlərini, insanların yaradılış məqsədlərini, gözəl həyat yaşaya bilmənin sirrini, insan fitrətinə ən uyğun olan əxlaq anlayışını insanlara bildirmişdir. Allahın bildirdiyi bu həqiqətlərə iman gətirib, həyatını bu yöndə yaşayan insanlar dünyada və axirətdə həqiqi xoşbəxtliyi əldə etmiş olarlar.
Cahil cəmiyyətdə isə insanların həyatını yönləndirən, mütləq doğru olduğundan əmin ola biləcəkləri bir güc yoxdur. Əməl etdikləri qaydaların böyük əksəriyyətinin nə vaxt, kim tərəfindən və nəyə əsasən qoyulduğu da bilinmir. Adı qoyulmayan, amma bütün cahil insanların illərlə əməl etdikləri bu qaydalar ata-babadan qalan ənənələrdir. Cahil insanların həyatının məqsədi, idealları, meyarları, qısaca cəmiyyəti nizamlayan bütün qaydalar bu düşüncələr üzərində qurulur. Cəmiyyətdəki hər fərdin mövqeyinə, sosial statusuna, cinsiyyətinə, inancına və həyat tərzinə görə əvvəlcədən müəyyənləşmiş mövqeyi vardır.
Qadının cəmiyyətdəki mövqeyi də insanların böyük əksəriyyətinin təsiri altında qaldığı bu fikirlər və dəyərlər əsasında müəyyənləşir. Bəzi cəmiyyətlərdə qadının fiziki baxımdan kişidən daha gücsüz olması səbəbindən ruhən də onlardan daha zəif olduğuna dair yanlış bir inanc formalaşmışdır. Qadının şəxsiyyəti, əxlaqi xüsusiyyətləri və qabiliyyətlərinin fiziki quruluşu ilə əlaqədar daha məhdud olduğu hesab edilir. Məsələn, cəmiyyətdə “kişi işi” və ya “qadın işi” deyə ayrılan mövzular vardır. Əlbəttə ki, fiziki baxımdan qadının edə biləcəyi işlərlə kişinin edə biləcəyi işlər fərqlənir. Amma cahil cəmiyyətdə ağıl və bacarıq cəhətdən də daha gücsüz olduğuna inanaraq qadınlara qarşı ayrı-seçkilik edirlər.
Müasir dövrdə qadınlar bir çox sahələrdə peşəkar olmaları və bir çox qabiliyyətləri ilə bu fikrin əsassızlığını sübut edirlər. Ancaq yenə də cəmiyyətin bir hissəsində qadının müəyyən işləri edə bilməyəcəyi, ya da kişinin bu işləri daha tez və ağıllı şəkildə həll edə biləcəyinə dair bir inanc sistemi üstünlük təşkil edir.
Qabiliyyətdən başqa bir çox insanlarda şəxsiyyət baxımından da qadının kişidən daha zəif olduğuna dair inanc mövcuddur. Məsələn, kişinin soyuqqanlılıqla qarşıladığı hadisə qarşısında, qadının özünü itirməsi və ya kişinin iradəli olduğu bir çətinlik qarşısında, qadının iradəsiz və gücsüz davranması cahil cəmiyyətdə çoxları tərəfindən adi davranış olaraq qəbul edilir. Bu, uşaqlıq illərindən etibarən qız uşaqlarına verilən təlqinin nəticəsidir. Oğlan uşaqlarını mümkün qədər güclü xarakterə sahib olacaq şəkildə tərbiyə edən ailələr qız uşaqlarına da tam əksini təlqin edirlər. Hər hansı bir çətinliklə qarşılaşdıqlarında oğlan uşaqlarına “kişilər ağlamaz, kişi ol, cəsur ol” deyər, əksinə davrandıqda da, bu vəziyyəti onlara “qız kimi qorxaqlıq etmə”, “qız kimi ağlayırsan”, “qız kimi ürkək davranırsan” kimi sözlərlə izah etməyə çalışırlar. Həmçinin qız uşaqlarını tərbiyə edərkən də onlara tez-tez kişilərdən fərqli olduqları, davranışlarını bu yöndə tənzimləməli olduqlarını təlqin edirlər.
Cahil əxlaqın hakim olduğu cəmiyyətdə qadının bütün vəzifə və məsuliyyətləri yalnız müəyyən mövzularla məhdudlaşdırılmışdır. Müasir cəmiyyətimizin böyük hissəsində qadının bir çox sahədə kişiyə görə daha geridə olması bu qəlibləşmiş düşüncənin nəticəsidir.
Qadınlara aid bu yanlış fikir sistemi tarixin müxtəlif dövrlərində də müxtəlif cür ortaya çıxmışdır. Xüsusilə keçmişdə cahil inanclarını mənimsəmiş cəmiyyətlərdə bu düşüncə bir çox mənfi hallara gətirib çıxarmışdır. Allah Quranda bu cəmiyyətlərdə insanların qız uşaqlarını dəyərsiz hesab edərək doğulan kimi diri-diri torpağa basdırdıqlarını bildirir:
“Diri-diri torpağa basdırılan körpə qızdan soruşulduğu zaman: “hansı günaha görə öldürüldü?” (Təkvir surəsi, 8-9)
Başqa ayələrdə isə Allah,
Onlardan birinə qız övladı olduğu müjdəsi verildiyi zaman qəzəblənmiş bir halda üzü qapqara qaralar. Ona verilən pis müjdə səbəbilə insanlardan gizlənər. O, onu (qız övladını) zəlillik içində yanındamı saxlasın, yoxsa torpağamı basdırsın (deyə düşünər). Görün, verdikləri hökm necə də pisdir! (Nəhl surəsi, 58-59)
ifadələri ilə qızının olacağını öyrənən insanların qəzəbləndiyini və buna görə də, ətrafındakı insanlardan utanıb gizləndiklərini bildirmişdir. Allah həmçinin bu insanların qız uşaqlarını “bərbəzək içində böyüdülüb, mübahisə zamanı bir dəlil gətirə bilməyən” kimi qiymətləndirdiklərinə də diqqət çəkir:
Onlardan birinə Rəhman olan Allaha isnad etdikləri (qız uşağı dünyaya gəlməsi) ilə müjdə verilərsə, qəzəblənmiş bir halda üzü qapqara olar. Bərbəzək içində yetişdirilən və çəkişmə zamanı açıq şəkildə danışmağı bacarmayanlarımı (Allaha isnad edirlər)?! (Zuxruf surəsi, 17-18)
Allah İslam əxlaqından xəbərsiz olan bu cəmiyyətlərə göndərdiyi peyğəmbərləri və endirdiyi haqq kitabları ilə, qız uşaqlarına qarşı olan bu düşüncənin yanlış olduğunu bildirmişdir. Peyğəmbərlərin təbliği və İslam əxlaqının insanlar tərəfindən öyrənilməsindən sonra qızların utanc səbəbi olaraq görmə düşüncəsi və cahil cəmiyyətlərdə mövcud olan bu tətbiqin qarşısı alınır.
Allah Quranın,
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini yaradar. O, istədiyinə qız, istədiyinə də oğlan uşağı verər. Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir. (Şura surəsi, 49-50)
ayələri ilə insanlara verilən hər cür neməti onlara verənin Allah olduğunu xatırladır. Oğlan kimi qız uşağı da, Allahın insanlara lütf olaraq verdiyi bir nemətdir. İnsana düşən isə Allahın nemətinə qarşı nankorluq etmədən ən gözəl şəkildə şükür edə bilməkdir.
Göründüyü kimi, tarixin müxtəlif dövrlərinə qadınlar haqqında bir sıra müxtəlif yanlış fikirlər hakim olmuşdur. Ancaq burada diqqət çəkən önəmli bir həqiqət vardır. Cahil cəmiyyətdəki qadın xarakteri bu fikir sistemini bir mənada dəstəkləyir və təsdiqləyir. Cahil əxlaqa sahib bəzi qadınlar, istər xarakter, istərsə də mənimsədikləri əxlaq anlayışı ilə özləri haqqındakı bu sabit fikrin yanlış olmadığını ortaya qoyurlar.
Halbuki əslində istər qadın olsun, istər kişi olsun möminlər, iti ağla, dərin qavrayış qabiliyyətinə, güclü şəxsiyyətə sahib ola bilən, üstün əxlaq nümayiş etdirən şəxslər olmalıdırlar. Allahın Quranda nümunə olaraq göstərdiyi hz. Məryəm və Fironun xanımı qadınların ən gözəl nümunələrindəndir. Ancaq bəzi qadınların din əxlaqından uzaq həyatı mənimsəyərək cahiliyyə qaydalarına görə yaşamaları onların bu üstün xüsusiyyətlərinin korlanmasına səbəb olur.

