Saleh möminlər üçün, insanları qiymətləndirmənin ölçüsü “təqva”dır (Allaha yaxınlıq). İman sahibi olmayanların meydana gətirdiyi cahil cəmiyyətdə isə, insanlar həm özlərini, həm də digər insanları böyük ölçüdə “pul” meyarına görə qiymətləndirərlər.
Vəziyyət belə olduqda, cahil cəmiyyətdə bir çox tərs məntiq ortaya çıxar;
– Zəngin, varlı olan biri, son dərəcə sadə və əxlaqsız da olsa, “cahil” cəmiyyətdə hörmət görəcək.
– Cəmiyyətdə yaranan bu qayda səbəbi ilə “pullu, amma əxlaqsız” adam da özünün çox “hörmətli” bir adam olduğunu sanacaq.
– “Pul” bu cür əhəmiyyətli meyar olduqda, “pulsuz” olanlar da avtomatik olaraq, “pullu”ların tam tərsinə müəyyən əziklik və etibarsızlıq duyğusu yaşayacaqlar. Xüsusilə “pullu”ların yanında, “pulsuz” olanların bu rəftarı dərhal müəyyən olar. Maddi vəziyyəti pis olan adam, bəlkə qarşısındakı varlının son dərəcə əxlaqsız və sadə bir adam olduğunu, özünün ondan əxlaqi cəhətdən daha üstün olduğunu fərq edəcək, amma o da hələ “cahil cəmiyyətin” dəyərləri ilə mühakimə olunmağın təsirində olacaq: “Pulsuz” olmağın gətirdiyi əzikliyi asanlıqla həzm edə bilməyəcək.
– Pulun bu qədər əhəmiyyətli meyar olduğu cahil cəmiyyətdə, təbii olaraq böyük əxlaqi degenerasiya yaşanacaq. Rüşvət, korrupsiya, saxtakarlıq kimi anlayışlar gündəlik həyatın bir parçası halına gələcəkdir. Bu cahil insanlara görə ən böyük dəyər pul olduğu üçün, pulu əldə etməyə yarayan hər üsul, nə qədər əxlaqsız və ədalətsiz də olsa, qanunilik qazanacaq.
Qurandakı Qarun hekayəsi ilə, Allah, cahil cəmiyyətinin “pul mərkəzli” olma xüsusiyyətini ən gözəl şəkildə belə izah edir. (Qəsas surəsi, 76-83). Qarun və ona etina edənlər klassik cahil cəmiyyətdir. Bütün mülkün Allaha məxsus olduğunu və Allahın, mülkü istədiyinə verdiyini qavraya bilməmişlər. Qarun, özünə verilən mülkün “onda olan üstünlük səbəbi ilə” verildiyini zənn edir. Halbuki;
– Hər şeyin Yaradıcısı Allah olduğuna görə, hər şeyin həqiqi sahibi də Odur. İnsanlar Allaha aid olan bu mülkə yalnız keçici olaraq “əmanətçi” dərəcəsində sahib ola bilərlər.
I – İnsanlara verilmiş olan nemətlər, onlarda olan bir üstünlük və ya xüsusiyyətə görə deyil, yalnız bir nemət və imtahan olaraq verilmişdir. “Qürurlanmaq” üçün deyil, “şükür” etmək üçün verilmişdir. Əgər bunun fərqində olmazlarsa, sahib olunan mülk, həm dünyada, həm də axirətdə insana xoşbəxtlik və qurtuluş gətirməyəcək.
– Mülk, xəsislik edərək “yığıb-toplamaq” üçün deyil, Allah rizası üçün istifadə edilmək üzrə verilir. (Ali İmran surəsi, 180).
– Mömin Allahın verdiyi mülkü, ağıllı bir şəkildə, Allah rizası üçün xərcləyərkən, bunun bitib-tükənəcəyindən də qorxmamalıdır. Rəbbimiz Quranda bu təhlükəyə diqqət çəkib, şeytanın insanı “yoxsulluqla qorxutduğu”nu (Bəqərə surəsi, 268) xatırlatmışdır, və Öz yolunda xərclənən (infaq edilən) malın yerinə, bir başqasını verəcəyini də bildirmişdir. (Səba surəsi, 39).
Qarun hekayəsi əslində cahil cəmiyyətlərin ümumi xarakterini ortaya qoyur. Ayələrdə xəbər verildiyi kimi, Qarun əslində “cahil” cəmiyyətdə olan bir xarakteri təmsil edir. Bu xarakter, cahil cəmiyyəti daxilində zənginliyi və etibarı ilə diqqəti çəkən bəzi insanlardır. Həmçinin, Qaruna etina edənlər izah edilir. Bunlar da Qarunla eyni cahil anlayışı paylaşır, mülkün sahibinin Allah olduğunu qavramırlar. Bu səbəbdən Qarunu və sahib olduqlarını gözlərində böyüdürlər.
Bənzər bir vəziyyət, Allahın Kəhf surəsində izah etdiyi “bağça sahibləri”ndə də görünür. Bol nemət və mülk verilərək eyni Qarun kimi özünü bunların həqiqi sahibi sanan insanla, Allaha iman edən Ondan qorxub-çəkinən mömin arasındakı fərqi Rəbbimiz ayələrdə izah edir. (Kəhf surəsi, 32-44).

