Cahil cəmiyyətdə həyat

Möminlərlə digər insanlar arasındakı ən əhəmiyyətli fərq, möminlərin Allahın sonsuz qüdrətini

Möminlərlə digər insanlar arasındakı ən əhəmiyyətli fərq, möminlərin Allahın sonsuz qüdrətini dərk etməsidir. Allahın gücünü təqdir edə bilən və bu səbəbdən həyatını Allah rizası üzərində quran bir insanın sahib olduğu ən əhəmiyyətli xüsusiyyətlərdən biri də, həyatının hər saniyəsində yalnız Allahın razılığını və rəhmətini düşünərək hərəkət etməsidir.

O, həyatını Allahın razılığını qazanmaq, Ona “bəndə” olmaq hədəfi üzərində qurduğuna görə, Allahın yaratdığını və nəzarət etdiyini qavradığı bütün kainata artıq fərqli gözlə baxacaq. Yalnız Allahı İlah olaraq tanıdığı üçün, saxta ilahlar artıq mömin üçün bir şey ifadə etməyəcək. Allah Quranda bu mövzunu, hz. İbrahimin söylədiyini bildirdiyi ayədə vurğulamışdır:

Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?”(Məryəm surəsi, 41-42)

Mömin, yalnız Allahın rizasını axtardığı, yalnız Ona yalvardığı, yalnız Ondan istədiyi üçün yalnız Allaha yönələr. Allah xaricində heç kimi razı salma ehtiyacı hiss etməz, Allahdan başqasından mədət ummaz. İnsanın həqiqi azadlığı, onsuz da ancaq, bu həqiqəti qavrayaraq Allaha yönəlməsi ilə olar.

Həqiqi imana sahib olmayanların həyatı isə, möminin tam tərsinə, saysız saxta ilahın boyunduruğu altındadır. Belə insanlar, həyatını saysız insanı razı salmağa həsr edərlər. İnsanlardan kömək istəyib mədət umarlar. Halbuki öz cahil məntiqlərinə görə xəyallarında ilahlaşdırdıqları bu varlıqlar da eynilə özləri kimi aciz bir “bəndə”dir. Əlbəttə ki, bu varlıqlar onların istəklərinə cavab verə bilməzlər, onları xilas edə bilməzlər.

Ölüm, bu saxta ilahların insana həqiqətdə heç bir faydası olmadığını ortaya qoyan ən qəti həqiqətdir. Amma, bu xəyali ilahların “xəyali” olduqlarını anlamaq üçün ölümü gözləmək, çox gec qalmaq mənasını verər. Allah Quranda, bu insanların yaşadığı çıxılmaz vəziyyəti belə təsvir edir:

Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi, 74-75)

Məhz mömin olmayanların həyatı bu səhv təməl üzərinə qurulmuşdur. Buna görə möminlərlə digər insanlar arasındakı bir başqa əhəmiyyətli fərq də ortaya çıxar: Möminlər özlərinə rəhbər olaraq, Allahın onlara verdiyi meyarları qəbul edər, haqq kitab olan Qurana tabe olarlar. Onların dini, Allahın Quranda təsvir etdiyi və Peyğəmbərimizin nümunəvi həyatıyla tanıtdığı İslamdır.

Həyatını Allahı dərk etmədən davam edən insanlar isə, əlbəttə özlərinə rəhbər olaraq, Allahın deyil, xəyali saxta ilahların meyarlarını qəbul edəcəklər. Haqq din olan İslama deyil, batil anlayışlara və inanclara sahib olan saxta dinə tabe olacaqlar. Onların dini, çox ilahlı azğın bir dindir. Bu insanlar, özlərinə meyar olaraq, yaşadıqları cəmiyyətin batil dəyərlərini qəbul etdikləri üçün, bir-birindən fərqli qayda və məqsədlərə sahib olarlar.

Buna görə də, yaşadıqları çox ilahlı dinin müxtəlif növləri vardır. Ancaq bunu da ifadə etməkdə fayda vardır: Bir insanın yaşadığı cəmiyyətin nizamına uyğun gəlməsi, qanunlara və qaydalara tabe olması son dərəcə əhəmiyyətli və lazımlıdır. Burada nəzərdə tutulan doğrunu, gözəli, sevgini və hörməti təlqin edən və yaşadan ictimai qaydalar deyil, mənfəəti, eqoizmi, sevgisizliyi və mərhəmətsizliyi təlqin edən batil dəyərlərdir.

Kiminin həyatdakı məqsədi pul və güc əldə etmək, kimininki hörmət edilən və sözü qəbul edilən bir insan olmaqdır. Kimisi həyatının məqsədini “yaxşı həyat yoldaşı” tapıb, “xoşbəxt yuva qurmaq” olaraq düşünər. Bunların hamısı bir möminin də həyatında olan ünsürlərdir. Amma saleh mömin heç birinə lazım olandan çox dəyər verməz. Daha da əhəmiyyətlisi bu mövzular haqqında Allahın Quranda bildirdiyindən başqa anlayışa, mühakiməyə sahib olmaz.

Din əxlaqını yaşamayan insanların isə, məqsəd etdikləri hər bir hədəf üçün din əxlaqına uyğun olmayan üsulları və yolları vardır. “Həyat tərzi” olaraq adlandırdıqları bu batil anlayışların hər biri əslində batil bir dindir və Allahın varlığını və sərhədlərini qavraya bilməmək təməli üzərinə qurulmuşdur.

Halbuki insanların yaradılışı, Allaha bəndə olma və Allaha etibar etmək üzərinə quruludur. İnsan, sonsuz istək və ehtiyaclarını öz-özünə qarşılamaq imkanına sahib olmadığı üçün, yaradılışdan Allaha bağlanmağa möhtacdır. Bu səbəbdən insan fitrəti, Allahı “Rəbb” (təlimatçı, yol göstərici, qayda qoyan) olaraq qəbul etməyə uyğundur:

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)

Nəfsin pis arzularına qapılmayıb, Allaha iman edən xalis bir mömin, bütün həyatı boyunca “nə etməsi lazım olduğunu” Onun kitabından öyrənər, peyğəmbərləri özünə nümunə götürər. Möminin həyatı, inkar edənlərdən tamamilə fərqlidir. Hətta mömin, inkarçıların heç bilmədikləri bəzi həqiqətləri yenə Qurandan öyrənər. Məsələn, Allah Quranda Özündən qorxub pis əməllərdən çəkinənlərə hər cür vəziyyətdə mütləq bir çıxış yolu göstərəcəyini müjdələmişdir:

… Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

Allahın qüdrətini dərk edən və Onu haqqıyla tanıyan mömin həyatını Allaha təslim edəcək. Çünki bilir ki, “kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər”. Bir ayədə hz. Yaqubun övladlarına bu mövzuda verdiyi öyüd-nəsihəti belə xəbər verilir:

“…Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.(Yusif surəsi, 67)

Bu həqiqəti qavrayan mömin, həyatdakı vəzifəsinin Allahın hökmlərini tətbiq etməkdən başqa bir şey olmadığını görəcək. Onun vəzifəsi də, “peşəsi” də budur. Ancaq Allah yolunda cəhd etməklə məsuldur. Hər şeyi Allahdan istəyər, çünki özünə hər şeyi verən Allahdır. Möminlərin bu gözəl əxlaqlarını Allah Quranda belə xəbər vermişdir:

Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyat surəsi, 56-58)

Buna görə də, Quranda təsvir edilən əxlaqa sahib mömin üçün “gələcək qorxusu” deyə bir şey ola bilməz. Bu qorxu ancaq, həyatı bir-birindən müstəqil milyonlarla saxta ilahın arasındakı bir çəkişmə olaraq görənlərə xasdır. Hadisələrin Allahın idarəsində və təqdir etdiyi tale içində baş verdiyini bilməyən bu insan, “öz həyatını qurtarma” mübarizəsi etməsini zənn edir. “İmkanı”“daşdan çıxarması” lazım olduğu düşüncəsindədir. Belə düşündüyü üçün də, belə qarşılıq görər. Bədiüzzaman Səid Nursi, Allahı tanımayanların, insanın əsl vəzifəsinin qulluq olduğunu anlaya bilmədiklərini izah etdikdən sonra belə deyir:

“Həyat bir qarşıdurmadır deyə ağılsız hökm etmişlər.”

Məhz bu, “həyat bir qarşıdurmadır” məntiqindən doğan ruh halı, Quran əxlaqını yaşamayanlar sahib olduğu dinin əsas xüsusiyyətlərindən biridir. Bu yanlış məntiq səbəbi ilə insanlar həmişə çətin və narahat ruh halı içində yaşayarlar. Belə ki;

– Bu insanların əksəriyyəti, möminlərin tam əksinə, eqoist, mənfəətçi, kiçik mənfəətlər arxasında qaçan, tək dərdi “mənfəətini gözləmək” olan insanlardır.

– Fədakarlıqdan, fədakarlığın gətirdiyi incəlikdən xəbərləri yoxdur. Sevgiləri mənfəətə əsaslanır: Bir insanı, o insanda olan gözəl xüsusiyyətlərinə görə deyil, yalnız “mənfəət üçün” sevərlər.

– Təbii ki, özlərini sevdiklərini söyləyən başqa insanların da eyni şəkildə sevdiyini bilirlər. Buna görə də, heç bir zaman sədaqət və vəfa mühitində yaşaya bilməzlər. Həmişə “ya məndən daha zənginini, daha gözəlini, daha yaraşıqlısını taparaq məni tərk edərsə” deyə narahat olarlar.

– Qısqancdırlar. Buna görə də, gözəllikdən və yaxşılıqdan zövq almağı bilməzlər. Məsələn, bir insanın gözəlliyinə baxıb, ondan zövq alacaq və “Allah nə gözəl yaratmış (MaşaAllah)” deməyin rahatlığını yaşayacağı yerdə, “niyə bu gözəllik məndə yox, onda var” düşüncəsi ilə özlərinə zülm edərlər.

– Allahın nemətinə şükür etməyi və onlara verilənlərlə qane olmağı bilməzlər. Bu səbəblə, həmişə “daha çox”unu istəyərlər. Bu istək heç bir zaman təmin edilə bilməz və həmişə narahatlıq qaynağı olar.

– Aciz və zəif olduqlarını qəbul edib Allahdan kömək istəməzlər. Allaha təkəbbür göstərərək, Ondan kömək istəməyərək acizlik və zəifliyin yox olacağını zənn edərlər. Halbuki, belə etməklə acizliyi və zəifliyi yox olacaq deyil. Bu dəfə insanlardan mədət umarlar. Amma qarşılarındakı da özləri kimi yalnız maraqlarını düşünən aciz biridir və həqiqi mənada şəfqət və mərhəmət göstərməkdən məhrumdur. Buna görə də, ümid etdiklərini əldə edə bilmədikləri üçün tez-tez “depressiya”ya girər, psixolojik sarsıntı yaşayarlar.

– Bağışlayıcı və anlayışlı olmaqdan məhrumdurlar. Buna görə də, aralarındakı ən kiçik bir anlaşılmazlıq, qarşıdurma və mübarizəyə çevrilə bilər. Hər iki tərəf də çox vaxt qarşı tərəfə keçməyi öz qüruruna yedirə bilməz. Bu səbəblə tez-tez böyük münaqişələr edərlər.

– Allahın qoruması və idarəsi altındakı bir dünyada deyil, tək qaydanın “qalib gəlmək” olduğu vəhşi bir meşədə yaşadıqlarını düşünürlər. Öz azğın düşüncələrinə görə, bu “meşə”də yaşaya bilmək üçün sərt, təcavüzkar və eqoist olmaları lazımdır. Belə düşündükləri üçün də “qarşılıq” görərlər: Ya cahil cəmiyyət sözü ilə, “kiçik balıq” olub udulurlar, ya da “böyük və zalım balıq” olub digərlərini udarlar.