İman edənlər bütün həyatı boyu, Allahın onlara göstərdiyi yola uyurlar. Onun əmrlərinə, hökmlərinə böyük həssaslıqla yanaşar, ömrünü Rəbbimizin rizasını qazanmaq üçün keçirirlər. Bunun üçün də, Allahın insanlar üçün seçib bəyəndiyi din olan İslama görə yaşayar və Quranı özlərinə rəhbər tutarlar. Dərin imanı sayəsində Allahın istədiyi və bir çox ayədə nümunələrini verdiyi gözəl əxlaqı bütün həyatına əks etdirərlər. Əsla Rəbbimizin hökmlərindən kənara çıxmaz və qadağalarına biganə yanaşmazlar.
Allahın varlığını inkar etməkdə israr edən, inkar etməsələr də Onun göndərdiyi dinə təslim olmağı qəbul etməyən bəzi insanlar isə, bu gözəl əxlaqı əsla yaşaya bilməzlər. Quran əxlaqının tələb etdiyi yaxşılıqları, gözəllikləri heç vaxt yerinə yetirə bilməzlər. Buna görə də, din əxlaqının yaşanmadığı cəmiyyətlər hər cür əxlaqsızlığı, çirkinliyi qorxmadan, nəticəsini düşünmədən edən insanlardan ibarət olar.
Allah qorxusu olmayan bir insan rahatlıqla yalan danışar, oğurluq edər, rüşvət alar, insan öldürər, intihar edər, qumar oynayar, insanların haqlarını tapdalayar və ədalətsizlik edər. Bunları ya açıqca edər, ya da öz aləmində qanuni zəminə oturdaraq bütün bu pislikləri edər. Qəzəbini boğa bilməz, kinlidir, qısqanclıq edər, insanları incidə biləcək sözləri rahatlıqla söyləyər, fədakar deyil, öz mənfəətləri hər şeydən əvvəl gələr. Bu insanların arasında “mən dindar deyiləm, lakin pis insan da deyiləm, qəzəbli də…” deyənlər də ola bilər.
Lakin elə gün gələr ki, bu insan özünü hövsələdən çıxardacaq bir hadisə ilə qarşılaşar, Allaha təvəkkül etmədiyi üçün qəzəblənər və özünü, boynuna almadığı hər cür pisliyi etmə haqqına sahib görə bilər. Hətta zaman gələr, insan öldürər və sonra da “buna layiq idi” deyə bilər. Bu, Allahdan qorxub çəkinən bir insanda heç vaxt olmayacaq bir hadisədir. Çünki inanclı bir insan səbrlidir və Allahın “etmə” dediyi bir şeyi etməz. Buna görə də, əsla qəzəbinə təslim olmaz.
İnancsız bir insan “mən dinsizəm, lakin rüşvət almıram, dürüstəm” deyə bilər. Lakin bu, yalnız bir iddiadır. Çünki Allahdan qorxub çəkinməyən bu insan çətin vəziyyətdə qaldıqda hər pisliyi rahatlıqla edə bilər. Məsələn, “uşaqlarımı oxuda bilmək üçün rüşvət aldım” kimi öz ağlına görə “haqlı” bəhanə uydura bilər. Halbuki dindar insan heç vaxt belə şey etməz. Axirətdə hesabını verə bilməyəcəyini bildiyi bir hərəkəti Allahdan qorxub çəkinən bir insan əsla etməz.
Oğurluq da bu səmimiyyətsiz rəftara çox gözəl nümunədir. Oğurluq kimi cəmiyyətin əksəriyyəti tərəfindən xoş qarşılanmayan bir cinayət belə bu şəxslər arasında, bəzi şərtlərdə qanuni görülə bilər. Məsələn, otellərdən, restoranlardan dəsmal, çəngəl-bıçaq kimi əşyalar götürmək oğurluq hesab edilməz. Halbuki din əxlaqına görə bu, istənilən halda əxlaqsızlıqdır.
Məhz bütün bunlar Allahdan qorxub çəkinməyən insanların ortaq xarakteridir. Bu xarakteri izah etmək üçün başqa yüzlərlə nümunə verilə bilər. Belə insanlar gözəl əxlaq göstərmək üçün əsla iradəsindən istifadə etməzlər. Lakin özləri üçün mənfəət olduqda bəzi fədakarlıqlar edə bilərlər. Həmçinin bu fədakarlıq həmin mənfəətin bitməsi ilə sona çatar. Halbuki dindar insanın iradəsi olduqca güclüdür. Allah qorxusu bunu tələb edər. Bu qorxu, din əxlaqının cəmiyyət üçün yaratdığı etibarlı mühitə də zəmanətdir.
Ailə mühitinin əsasına dayanan vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər də dinsiz cəmiyyətdə ortadan qalxar. Gözəl əxlaqın gətirdiyi bu davranışları heç bir qarşılıq gözləmədən yaşayanlar, yalnız Allahdan qorxan və bütün etdiklərinin hesabını axirətdə verəcəklərini bilən inanclı insanlardır.
Mərhəmət, sevgi və fədakarlıq üzərində qurulan, Quran əxlaqına əsaslanan ailələr cəmiyyətin gələcəyi və hüzuru baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Lakin bu dəyərlərin ortadan qalxdığı dinsiz mühitdə, cəmiyyətin təməl dirəyi olan ailə dəyərləri korlandığından həmin cəmiyyət də korlanar.
Qurana tabe olmaqla əldə edilən bu hüzurlu mühitləri yaratmaq, ancaq insanların Allah inancı və qorxusu ilə mümkün ola bilər. Bunlar qəti olan AÇIQ-AYDIN həqiqətlərdir.
Dinsizliyin hakim olduğu cəmiyyətdə ictimai anarxiya yaranar. Zəngin kasıbı əzər, kasıblar da onlara kin saxlayar, müdir işçiyə, işçi də müdirə qarşı anlayışsız və aqressiv münasibət göstərər. Ehtiyac içində olan insanlara mərhəmət yox, tam əksinə qəzəb duyular. Ata uşağı, uşaq da atası ilə aqressiv rəftar edər.
Mediada bir gün belə əskilməyən cinayət və intihar xəbərlərinin qaynağını həmişə dinsizlik meydana gətirir. Yalnız qəzəbləndiyi, kin bəslədiyi və ya həmin insanın ölümündən mənfəət əldə edə biləcəyi üçün, gözünü belə qırpmadan soyuqqanlı şəkildə adam öldürən bir insan, əlbəttə ki, axirətdə bu etdiklərinin hesabını verəcəyini düşünmür. Allahdan qorxub çəkinməyən bir insanın rahatlıqla edəcəyi bu cinayətlər, bütün cəmiyyətin nizamını pozacaq, hüzurunu yox edəcək davranışlardır.
Belə cəmiyyətlərdə köməkləşmə və səxavət kimi anlayışlar yox olmuşdur. İnsanlar bir-birini himayə etməz, bir-birinin sağlamlığını, rahatlığını əsla düşünməz və insanlara toxuna biləcək zərərlərin qarşısını almağa çalışmazlar. Məsələn, yolda özündən gedib yerə yıxılan bir insana lazımi diqqət göstərilməz, insanlar öz başlarına köməksiz buraxılarlar.
Hər kəs bir-birindən maksimum faydalanmağa çalışar, buna görə də, bir-birlərinə “fırıldaq gəlməkdən” çəkinməzlər. Benzin satan benzinə su qatar, vaxtı keçmiş bir məhsulu verməkdən çəkinməz… Göstərilən xidmətlər də həmişə məhdud olar, həkim ancaq çox varlı xəstədirsə lazımi qayğını göstərər, ancaq yaxşı pul qazanacağını düşünsə yaxşı xidmət edər. Nəticədə bəzi insanlar yalnız dünyəvi mənfəətdən söhbət getdikdə bəzi fədakarlıqlara qatlana bilər.
Göründüyü kimi, din əxlaqının yaşanmadığı hər yerdə ictimai problemlər, əxlaqsızlıqlar bitmək bilməz. O zaman Allahın insanlar üçün seçdiyi və bəyəndiyi din əxlaqına təslim olmağın vacib olduğunu və ancaq bu yolla hüzur və dincliyin əldə edilə biləcəyini əsla anlamazlıqdan gəlməyin. Eləcə də, ancaq Allahın əmrlərinə tabe olaraq keçirdiyiniz bir ömrü axirətdə də hesabını rahat şəkildə verə biləcəyinizi düşünün.
Dinsizliyin gətirdiyi pis əxlaq, əvvəla insanların öz dincliyini pozar, qəlbində böyük sıxıntı yaradar. Məsələn, qısqanc olan və bununla yanaşı ətrafındakı insanlara pislik edən bir insan üçün yaşadığı qəzəb, çəkdiyi vicdan əzabı və qısqanclığın qəlbində yaratdığı təzyiq çox sıxıntı vericidir. İnsanın bəslədiyi qısqanclıqdan çox vaxt qarşı tərəfin xəbəri belə olmaz, olsa da bundan zərər görməz. Dolayısilə, insanın keçirdiyi qısqanclıq hissindən geriyə yalnız həmin insanda buraxdığı vicdan əzabı və qəzəb qalar. Bu da dinsizliyin insanda yaratdığı sıxıntılı ruh hallarından biridir. Allah bir ayədə din əxlaqından uzaq insanların sıxıntısına belə diqqət çəkmişdir:
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü islama açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o göyə çıxırmış kimi dar və sıxıntılı edər. Allah iman gətirməyənlərin üstünə belə murdarlıq çökdürər. (Ənam surəsi, 125)
Dindar insanlar isə bir-birlərinin gördüyü gözəl və xeyirli işlərdən razı qalar, bir-birlərinin gözəl yönlərindən zövq alarlar. Bir insanın gözəlliyi inanclı bir insana Allahın yaratma gücünü xatırladar və Onu tərifləməsinə səbəb olar. Halbuki din əxlaqından uzaq mühitdə qısqanclıq nəticəsində deyilən incidici sözlər, qoyulan ləqəblər, edilən dedi-qodular, həmişə gərgin mühit yaradır. Məhz dinsizliyin insanlarda yaratdığı təxribatçı, dözülməz və anormal xarakter bütün bunları edən şəxslərin özlərinə böyük sıxıntı olaraq geri qayıdar. Yəni bu insanlar açıqca özlərinə zülm edərlər. Rəbbimiz bir ayədə belə buyurmuşdur:
…Lakin insanlar, öz nəfslərinə zülm edirlər. (Yunis surəsi, 44)
Allahdan qorxub çəkinən insan hadisələr qarşısında hər zaman səbirli davranar. Çətinliklər heç vaxt onu ruhdan salmaz, əhvalını korlamaz. Allaha təvəkkül etdiyinə görə, hər cür hadisəni əzm və mətanətlə qarşılayar. Dinin insanlara gətirdiyi təvəkküllü və hüzurlu ruh halına sahib olduğu üçün, hadisələri ağılla qiymətləndirər və nəticəyə gələr.
Lakin dinsizliyin gətirdiyi təvəkkülsüzlük, çətinlik və batil qorxularla dolu ruh halına sahib insanlar əsla gözəl həyat yaşaya bilməzlər. Nə cəmiyyətlər, nə də cəmiyyətdəki fərdlər dindən uzaq yaşanılan mühitdə “rahat” ruh halına sahib ola bilməzlər. Allahın bir ayədə də bildirdiyi kimi, “…qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar”, (Rəd surəsi, 28)
Elə isə, dinsizliyin cəmiyyətin bütün gözəl və insani duyğularını yox etməsi həqiqəti üzərində mütləq düşünüb nəsihət qəbul edib və Allahın hökmünə təslim olmayan insanların dünyada da, axirətdə də çətinlik və peşmançılıq içində həyat yaşayacağını anlamazlıqdan gəlməyin.

