Bütün kainatı və hər növ cismi ən kiçik atomdan qalaktikalara qədər Allah yaratmış və nizamlamışdır

Yaradılış dəlilləri Allahı tanıdır

İnsanlar Allahın Zatını görə bilməzlər. Ancaq Onun varlığını, qüdrətini və bəzi isimlərini yaratmış olduğu varlıqlara baxaraq anlayarlar. Hər rəsmin öz rəssamını tanıtması kimi, canlı və cansız varlıqlar da özlərini yaratmış olan Allah´ı bizə tanıdırlar. İnsan bunlar üzərində düşünməli və yaradılış dəlillərinə şahid olmalıdır. Necə ki, Allah Quranda dəvə, ağcaqanad, arı, hörümçək kimi müxtəlif heyvanları, bitkiləri, ağacları, dağları, yerləri, göyləri bir iman həqiqəti, yəni yaradılış möcüzəsi olaraq örnək çəkmişdir. Bu kimi iman həqiqətlərinə diqqət çəkilən ayələrdən bəziləri belədir: Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini (görmürlər)? Dağların necə sancıldığını (görmürlər)? Yerin necə döşədildiyini (görmürlər)? (Ğaşiyə surəsi, 17-20)

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (belə) izah edir. Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allah´ın göylərdə və yerdə yaratdıqlarında (Allah´dan) qorxan adamlar üçün dəlillər vardır. (Yunus surəsi, 5-6)

Əlbəttə ki, yaradılış dəlilləri yalnız bu ayələrdəki nümunələrlə məhdud deyil. Ətrafımızda gördüyümüz və ya görə bilmədiyimiz bir çox varlıq vicdanı və ağılı ilə qiymətləndirən hər insan üçün bir iman həqiqətidir. Məsələn, bağçadakı qarışqalar, stolun üstündəki çiçək, küçədəki və ya evimizdəki pişik, it və ya quş, bədənimiz, göylərdəki və yerdəki nizam, yağışın yağması, bizi kosmosdan gələn zərərli şüalardan və maddələrdən qoruyan atmosfer və bunlar kimi başqa canlı və ya cansız varlıqlar Allah´ı tanımaq istəyən hər insan üçün bir yaradılış dəlilidir. Nəhəng bir ulduzun həyatı böyük bir iman həqiqəti olduğu kimi, bədənimizin hər hansı bir orqanı da imana yönəldən bir həqiqətdir.