Quranda diqqət çəkilən bir başqa mövzu isə inkar edənlərin Quranı dinləməyə dözə bilməmələridir. Onlar özləri kimi, digər insanların da Qurandan uzaq olmalarını istəyərlər. Çünki Quranı dinləyən bir adam vicdanının səsinə uyaraq, yaxşıların tərəfinə keçə bilər; haqqı tətbiq edərək yaşamağa və yaşatmağa başlaya bilər. Məhz buna görə də, inkar edənlər onlara edilən təbliği dinləməmək üçün hər cür üsullardan istifadə edərlər.
İnkar edənlər Quranı dinləməmək üçün yuxarıdakı ayədə ifadə edildiyi kimi, yüksək səslə üstün gəlməyə cəhd göstərər, mövzunu dəyişdirməyə çalışar və ya aqressiv üslubla ayələrin oxunmasını əngəlləməyə cəhd edərlər. Bu üsullar işə yaramazsa, bu dəfə iman edənləri susdurmaq üçün şiddətə, təhdidə və hər cür təzyiq üsullarına keçərlər. Bunları etmələrinin tək səbəbi isə eşitdikləri həqiqətlərdən təsirlənəcəklərini, vicdanlarının hərəkətə keçəcəyindən və bəzi düşüncələrinin nə qədər səhv olduğunu fərq edəcəklərindən qorxmalarıdır. Bu qorxularını onların üz ifadələrindən, rəftarından, Quran ayələri oxunarkən və yaradılış həqiqəti izah edilərkən bir anda çaxnaşmaya düşmələrindən dərhal anlamaq mümkündür. Tək qurtuluşları Quran əxlaqına tabe olmaq olmasına baxmayaraq inkar edənlərin haqqı dinləməkdən qaçacaqlarını Allah Yasin surəsində belə bildirir:
Onlara: “Önünüzdəkindən (dünya əzabından) və arxanızdakından (axirət əzabından) qorxun! Ola bilsin ki, sizə mərhəmət olunar”, – deyildikdə (onlar üz çevirərlər). Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər. (Yasin surəsi, 45-46)
Halbuki Quranı dinləməmək üçün qulaqlarını tıxayanlar bilməlidirlər ki, haqq-hesab günü çox böyük peşmanlıq yaşayacaqlar. O gün tək istədikləri şey isə ölümün hər şeyi bitirməsi olacaq. Bu vəziyyət Quranda belə xəbər verilir:
Kitabı sol tərəfindən verilən isə belə deyəcəkdir: “Kaş mənə kitabım verilməyəydi. Əməllərimin haqq-hesabını heç bilməmiş olaydım. Kaş ölümlə hər şey bitmiş olaydı. Mal-mülküm mənə heç bir fayda vermədi. Səltənətim də yox olub getdi”. (Haqqə surəsi, 25-29)

