Boşanma bəzi nəfsi istəklərinə tabe olanlar üçün cütlərin bir-biri ilə bütün maddi əlaqələrinin kəsilməsi mənasına gəlir. Onlara elə gəlir ki, maddi əlaqələr kəsiləndən sonra artıq qarşı tərəfi qoruyub qayğı göstərmək üçün heç bir səbəb qalmır. Əksər hallarda ayrılandan sonra sevgi və hörmət hissini itirdiklərinə görə yalnız öz mənfəətlərini düşünür, qarşı tərəfin düşəcəyi çətinliyi və sıxıntını görməzlikdən gəlirlər. Bu, əlbəttə ki, Quran əxlaqını yaşamayan insanlarda görünən anormal xarakterdir. Uca Rəbbimiz Quranda boşanandan sonra qadınlara şəfqət və mərhəmət göstərilməli olduğunu belə buyurur:
“Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın…” (Bəqərə surəsi, 231)
“Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur. Belə olduğu təqdirdə onlara haqlarını verin və gözəl tərzdə sərbəst buraxın.” (Əhzab surəsi, 49)
Diqqət edildikdə görünür ki, hər iki ayədə yaxşı münasibətdən bəhs edilir. Bundan başqa, boşanandan sonra belə əgər lazımdırsa, qadını xoşluqla saxlamaq yenə kişiyə aid məsuliyyətdir. Qadın işləməyə bilər və maddi imkanı, qalacaq yeri olmaya bilər. Bu durumda ayədə iki ehtimal göstərilir; ya kişi qadını himayəsində saxlayacaq, ya da qadın özü getmək istədikdə kişi ondan gözəl tərzdə ayrılacaq. Hər iki vəziyyətdə kişinin vəzifəsi qadına yaxşı davranmaqdır.

