Bəzi insanlar var ki, hər sahədə çox gözəl xüsusiyyətlərə malikdirlər, ancaq bu xüsusiyyətlərinə baxmayaraq insanlar tərəfindən lazımınca hörmət qazana bilmirlər. Hətta çox vaxt heç kəsin diqqətini belə çəkməz, sadə insan təsiri bağışlayarlar.
Halbuki bir insan bu cür üstün əxlaqa və həqiqətən də dəyərli ruha sahibsə, bu xüsusiyyətlərinin ətrafı tərəfindən mütləq hiss olunması və təqdir görməsi lazımdır.
Bir sözlə, əgər bəhs olunduğu kimi bir vəziyyət mövcuddursa, bunun belə olmasının səbəblərindən biri, digər üstün xüsusiyyətlərinə baxmayaraq bu insanın “boş” insan olmasıdır.
Dəyərli ruha sahib olan insan, həyatın hansı üzü ilə qarşılaşırsa, qarşılaşsın yenə də həyatını ən gözəl şəkildə yaşayan insandır. İnsan ruhundan, sevgidən, məhəbbətdən, dostluqdan, sədaqətdən, dünya nemətlərindən də ən çox həzz alan bu kimsələrdir. Çünki bu insanlar öz ruhundakı üstünlükləri görə bildikləri üçün, digər insanlarda da bu cür üstünlükləri görə bilirlər. Allahın yaratdığı möcüzələri də ən gözəl şəkildə görə bilən insanlar da elə bunlardır.
Boş, məqsədsiz insan isə, bütün bunlardan demək olar ki, xəbərsiz halda həyatını yaşayır. Özü ilə “dolu insan”lar arasındakı fərqi heç vaxt hiss etməz. Aralarında müqayisə edə bilmədiyi üçün belə insanların dəyərini də qavraya bilmir.
İnsan ruhunu dolu hala gətirəcək, gözəlləşdirəcək, zənginləşdirəcək və boşluqdan qurtaracaq şey isə “səmimi iman, səmimi Allah sevgisi və Allah qorxusu”dur. İmanı dərinləşdikcə insan, boşluqdan da canını qurtarmış olur. Boşluqdan uzaqlaşmış, ruhu zənginləşmiş insanın isə hərəkətlərində, üslubunda köklü surətdə dəyişikliklər hiss olunmağa başlayır. Ruhundakı zənginlik, danışığına, hərəkətlərində də əks olunur. Və bu ruh zənginliyi də həmin insanın əxlaqına, şəxsiyyətinə, həyatının hər anına gözəllik qatır.

