Çox böyük bir dəmir yolu dayanacağının ortasında dayandığınızı düşünün. Gənclər, yaşlılar və uşaqlar yanınınızdan sürətlə keçib gedir. Hamı fərqli bir təlaş içindədir. Eyni qatara minməyə çalışırlar, çünki hamısı eyni səfərə çıxacaq. Kimisi əşyalarını səliqə ilə yığıb, ağır çamadanlarını sürükləyərək daşıyır. Yolun sonunda onlara heç bir ehtiyacı olmayacağını bilmir. Kimisi isə tanışları ilə vidalaşır. Yolun sonunda bir daha geri dönüşün olmayacağını bilmir. Məhz bu cür vaxtı çatanda eyni qatara minən milyonlarla sərnişindən biriyik biz. Orada dayanırıq, bizi axirətdəki sonsuz həyatımıza aparan o qatarı gözləyirik və o qatara mütləq minirik.
Yolun sonunda ölüm və bizi qarşılayacaq mələklər var. Hamımız yanımızda gözlərimizlə görmədiyimiz kitab daşıyırıq. Səyahətimizi dünyada keçirdiyimiz qısa həyatımız kimi düşünsək, o səyahət boyu etdiyimiz hər şey, savablarımız, günahlarımız bir-bir kitabımıza yazılır. Biz fərqində olmadan mələklər ağzımızdan çıxan hər sözü, atdığımız hər addımı, savablarımızı və günahlarımızı diqqətlə kitabımıza yazırlar. Şübhəsiz, bu kitabın açılması möminlər üçün çox böyük müjdədir. Çünki mömin qısa həyatı boyu hər gününü saleh əməllərlə, ibadətlərlə, dualarla doldurmuşdur. Çünki bu qısa səyahətin sonunda ölüm olduğunu və ardından da heç bitməyən sonsuz həyatın başlayacağını bilir. Buna görə də Rəbbinin qarşısında inamla və təslimiyyətlə dayanır:
Kitabı sağ tərəfindən verilən belə deyəcəkdir: “Alın kitabımı oxuyun! Mən əməllərimin haqq-hesabı ilə qarşılaşacağımı dəqiq bilirdim”. (Haqqə surəsi, 19-20)
İnkarçılar isə şeytanın oyununa aldanıb dünyaya meyl etdikləri üçün o səyahətə böyük sevinclə çıxırlar. Səyahətlərində nəfs təlimi yoxdur, ibadətlər yoxdur, Allaha inanıb-güvənmək yoxdur, yalnız dünya üçün yaşamaq vardır. Lakin yanlarında diqqətlə daşıdıqları, amma fərqində olmadıqları kitabları səyahətin sonunda açılacaqdır və o səyahətdə yaşanan hər gün, hər saniyə sətirbəsətir həmin kitabda yazılmışdır:
Kitab (əməl dəftəri) ortaya qoyulacaq və günahkarların onun içindəkilərdən qorxduqlarını görəcəksən. Onlar da: “Vay halımıza! Bu necə bir kitabdır! (Dünyada etdiyimiz) böyük-kiçik heç bir şeyi kənarda qoymadan hesablamışdır”, – deyəcəklər. Beləcə, etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz. (Kəhf surəsi, 49)
Əslində həmin milyonlarla insanın gəlib keçdiyi dəmir yolu dayanacağında ətrafda çox saxta izdiham var. O qədər böyük bir izdihamdır ki, insanlar bu izdihamın içində itirlər. Bir-birlərinin üzünü görüb, Allahın üzünü görməyi unuda bilirlər. Bir-birlərinə çox dəyər verirlər. Yoldaşlarının, dostlarının, tanışlarının sözlərini çox vacib hesab edirlər. Gün ərzində yaşadıqları hadisələrə o qədər qapılırlar ki, bütün söhbətləri dünya yönlü olur. Necə pul qazandıqlarından, uşaqlarını necə ən yaxşı yerdə oxutduqlarından, necə mal-mülk yığdıqlarından bəhs edirlər. Amma bilmirlər ki, keçdikləri bütün dayanacaqlarda bunları bir-bir tərk edəcəklər. Bilmirlər ki, yolun sonunda təkcə Allahı tapacaqlar.
Buna görə də onları bir müddətə qədər öz qəflətləri ilə baş-başa burax! Onlar zənn edirlər ki, özlərinə verdiyimiz mal-mülk və oğullarla Onların xeyri üçün tələsirik? Xeyr, onlar başa düşmürlər. (Muminun surəsi, 54-56)
Möminlər isə o qatara dərin imanla, təslimiyyətlə və səmimi qəlblə minirlər. Bilirlər ki, bu səyahət, həqiqətən də, çox qısa olacaq. Allah bu qısa dünya həyatında onları müxtəlif imtahanlarla, çətinliklərlə, xəstəliklərlə sınayacaq, onlar da səbirlə və gözəl tərzdə bu imtahanlardan keçəcəklər. Bu səyahətləri saleh əməllərlə, dua ilə, ibadətlərlə dolu olacaq. Onlar da hər dayanacaqda mallarını, mülklərini, yoldaşlarını, dostlarını, uşaqlarını, bir sözlə, hər şeylərini qoyacaqlar. Çünki bu səyahətin sonunda yalnız ağ bir kəfən və onları gözləyən torpaq var. Buna görə də bunu bilirlər, dünya həyatının hərislik edilməyəcək bir yer olduğunu bilirlər. Səmimi bir qəlblə və dərin imanla çıxdıqları bu səyahətin sonunda onları qarşılayacaq Ədn cənnətləri var.
Onların mükafatı Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir. Onlar orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı nə gözəldir! (Ali İmran surəsi, 136) Bu dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əsil həyat axirət yurdundadır. Kaş bunu biləydilər. (Ənkəbut surəsi, 64)
Bu, danılmaz bir həqiqətdir ki, eyni dəmir yolu dayanacağında dayanıb, bu qatara minməkdən qaça bilən tək bir insan da olmayacaq. Dünya həyatında çox dəyər verdiyimiz insanların hamısı bu qatara mütləq minəcəklər və səyahətin sonunda çox dəyər verilən o milyonlarla bədən yalnız bir ovuc torpağa çevriləcək. Səyahətin sonunda bədənlər bir-bir torpağa girəcək, sümüklər çürüyəcək, dünyada yaşayan milyonlarla insandan, demək olar ki, heç bir iz qalmayacaq. Geriyə yalnız Rəbinin qarşısında hörmətlə baş əyən və bağışlanmağı gözləyən ruhlar qalacaq…
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir. (Furqan surəsi, 70)
O, günahları bağışlayan, tövbələri qəbul edən, şiddətlə cəzalandıran və lütf sahibi olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur. Qayıdış yalnız Onadır. (Mömin surəsi, 3)

