Allah “ Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız”. (Maidə surəsi, 35) ayəsi ilə insanları Özünə yaxınlaşmaq üçün yollar axtarmağa çağırmışdır. Buna görə də bir möminin həyatındakı ən böyük hədəf Allahın bu çağırışına uyğun olaraq səy göstərmək və gəlib-keçmiş bütün insanlar arasında Allaha ən yaxın qul olmağa çalışmaq olmalıdır. Bu mövzuda möminlərin özlərinə nümunə götürdükləri insanlar isə peyğəmbərlərdir. Peyğəmbərlərin Allaha olan yaxınlıqları onların Allahdan çox qorxub- çəkinən, Allahı çox sevən, təqva sahibi, gözəl əxlaqlı və səmimi insanlar olmalarından irəli gəlir.
Quranda “Biz də bunu ona bağışladıq. Həqiqətən, onun üçün dərgahımızda uca bir məqam və gözəl bir qayıdış yeri vardır”. (Sad surəsi, 25) ayəsi ilə hz. Davudun Allaha olan yaxınlığı bütün möminlərə nümunə göstərilmişdir. Özünə peyğəmbər əxlaqını və səmimiyyətini nümunə götürən hər bir insan eyni şəkildə Allahdan qorxub-çəkinərək, Quranın hökmlərini diqqətlə yerinə yetirərək və həyatını Allahın razılığını qazanmağa həsr edərək peyğəmbərlərin Allaha olan yaxınlığını əldə etməyə ümid edə bilər.
Lakin burada daha bir mühüm məqam vardır: Bir insanın Allaha yaxınlıq mövzusunda irəliləyiş göstərməsi yalnız səmimi bir istəklə bir neçə saniyə içində də mümkün ola bilər. Çünki Allah insanlara çox yaxındır və qullarının dualarını qəbul edəndir. Buna görə də bir insanın Allah ilə yaxınlaşması yalnız onun səmimi və qəti niyyətindən asılıdır.

