“Bilirdim, amma vaxtım və imkanım yox idi”, deyərək özünü aldadanlar

Allah Quranı bütün insanlara yol göstərici kitab olaraq göndərmişdir

Allah Quranı bütün insanlara yol göstərici kitab olaraq göndərmişdir. Qiyamətə qədər bütün insanlar Quranda bildirilən əmrlərə tabe olmaqla, ibadətləri yerinə yetirməklə məsul sayılırlar. Allahın Quranda istisna olaraq bildirdiyi hallar xaricində hər insan ibadətləri yerinə yetirib yetirmədiyi haqqında din günü hesab verəcəkdir. Buna görə, Allahın bildirdiyi istisnalar xaricində öz-özünə bəzi bəhanələr uyduraraq Allaha olan qulluq vəzifəsini yerinə yetirməyən insan özünü aldatmış olur. Bu açıq həqiqətə baxmayaraq, insanlar davamlı bəhanələr uydurur və Allaha qarşı olan məsuliyyətlərini qulaq ardı edirlər. Məktəb illərində ayrı, iş həyatına başladıqda ayrı, evlənəndə, uşaqları olanda ayrı bəhanələr irəli sürürlər. Din əxlaqını yaşamağa səmimi niyyətləri olmadığı üçün müxtəlif mövzuları ibadətlərini yerinə yetirmələrinə mane olaraq görürlər. Ən böyük bəhanələri isə vaxtının və imkanlarının olmaması iddiasıdır.

Gündəlik həyatı boyunca insanlar bir çox işə rahatlıqla zaman ayırırlar. Xüsusilə hər hansı bir mənfəətləri olduğunda lazım gələrsə, başqa istəklərindən keçir, amma yenə də o iş üçün lazım olan zamanı nizamlayırlar. Eləcə də imkanları olmadıqda bütün maneələri qaldıran çarələri də çox tez düşünüb tapırlar. Ancaq ibadətlərdən söz düşəndə insanların çoxu eyni qərarlılığı göstərmir.

“Namaz qılmaq istəyirəm, amma vaxt tapa bilmirəm”, “işləyirəm, necə oruc tuta bilərəm”, “məktəbə gedirəm, dərsə hazırlaşmalıyam, ibadətə vaxt ayıra bilmərəm”, “bura bağ evidir, burada oruc tuta bilmərəm” kimi bəhanələr uyduran insanlara ətrafınızda tez-tez rast gəlmisiniz. Eyni şəkildə, “səbirli insan olmaq istəyirəm, amma hər şey bir-birinin ardınca olur”, “hirslənmək istəmirəm, amma mühit çox stresslidir” kimi bəhanələrlə çirkin əxlaq göstərən insanları çox görmüsünüz.

Bu insanlar, əslində, Quran əxlaqını həyata keçirməyə səmimiyyətsiz yanaşırlar. Çünki bir az əvvəl də ifadə etdiyimiz kimi, insanlar dünyaya aid mənfəət ümid etdiklərində zaman və imkanları düşünmədən, lazım olanda hər cür çarəni taparaq istədikləri şeyi edirlər. Amma mövzu onları yaradan və yaşadan Allaha qarşı yerinə yetirilməsi lazım olan məsuliyyət olduğu zaman dərhal imkansız olduğuna şikayət etməyə başlayırlar.

Bu mövzunun daha konkret şəkildə aydın ola bilməsi üçün belə bir nümunə verək. Bir insana gündə 1 saatını ayıraraq bir iş görməsi qarşılığında çoxlu miqdarda pul təklif edilsə, (məsələn, aylıq qazandığı maaşın 10 qatının ödənəcəyi deyilsə), bu adam imkanları necə olursa olsun, dərhal təklifi qəbul edər. Üstəlik, bu insan bir tərəfdən universitet imtahanına hazırlaşa bilər və ya eyni zamanda, işləyə bilər. Lazım olsa, yuxusundan keçər, lazım olsa, özünə ayırdığı vaxtdan azaldar, amma zamanı problem olaraq görməz. Eyni şəkildə, bütün imkanlarını da dərhal bu işə uyğun hala gətirər. Bu, dünyadakı insanların çoxuna aid olan və inkar edilməsi qeyri-mümkün olan bir həqiqətdir.

Buna görə, əgər insan eyni qərarlılığı Allahın razılığı üçün göstərməzsə, bu, böyük bir səmimiyyətsizlik və vicdansızlıq olar. Üstəlik, insan etdiyi ibadətlər qarşılığında üç-beş manatla müqayisə edilməyəcək qədər qiymətli qazanca qovuşacaq, sonsuza qədər Allahın rəhmətini və cənnətini qazanacaq.

Amma insanların çoxu sahib olmağa çalışdıqları malların, pulların, daşıdıqları kredit kartlarının, yığdıqları dollarların, xoşlarına gələn evlərin, avtomobillərin, gözəl geyimlərin sehri ilə Quran əxlaqını bir kənara buraxır, axirəti unudur və dünyaya meyl edirlər. “Vaxtım yoxdur”, “çox məşğulam”, “görüləcək işlərim var”, “işim var”, “ideallarım var”, “gələcəkdə edərəm” kimi sözlərlə özlərini aldadır, axirət qazancını təmin edən ibadətlərə yönəlməzlər. Allahın əmr etdiyi gözəl əxlaqı yaşamaz, namaz qılmaz, oruc tutmaz, Allahın onlara verdiklərindən ehtiyacı olanlara verməz, ancaq qazanc əldə etməyə çalışmaqla ömür sürərlər.

Allah dünyada özlərini aldatmaqla dedikləri bəhanələrin qəbul ediləcəyini zənn edən və buna görə, ibadətlərini yerinə yetirməyən və ya durmadan təxirə salan insanların axirətdə qarşılaşacağı vəziyyəti bizə belə bildirmişdir:

O gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcəkdir. İnsan özünə qarşı şahidlik edəcəkdir. Üzrxahlıq etsə belə (bu ondan qəbul olunmayacaqdır)! (Qiyamət surəsi, 13-15)

Buna görə, siz də diqqət yetirin, əsla bu insanlar kimi axirətdə keçərli olmayan bəhanələri dünyada səbəb göstərib özünüzü aldatmayın. Ayədə bildirildiyi kimi, hər nə bəhanə olursa olsun, siz, əslində, bunun doğru olmadığını qavraya biləcək bəsirətə sahibsiniz. Əgər nəfsinizə uysanız, bunun hesabını Rəbbimiz olan Allaha verə bilməzsiniz. Sizin onsuz da hazırda dünyada yaşama məqsədiniz Allaha qulluq etməkdir. Etməli olduğunuz digər işlərin heç biri bundan daha önəmli və əhəmiyyətli deyil. Çünki əbədi qurtuluşunuz ancaq Allahın rəhmətini qazanmaqla mümkündür.