İnsan birisi ilə mübahisə etdiyi zaman, qarşı tərəfə öz fikrini qəbul etdirməyi ən yaxşı nəticə hesab edir. Halbuki əsl müvəffəqiyyət qarşı tərəfi məğlub etmək deyil. Bəzən də insanın məğlub olması, onun üstünlüyünü göstərən əlamət ola bilər. İnsanın nəfsində hər zaman üstün olmaq arzusu var. Hamı öz fikrinin qəbul edilməsini, öz məntiqi istiqamətində hərəkət edilməsini istəyir. Bir söhbətdə mütləq son sözü söyləməyə çalışır və belə olduqda da, öz aləmində xoşbəxt olur. Bunu böyük bir müvəffəqiyyət kimi görür. Halbuki insan məhdud ağıla malikdir və ona verilən ömür də çox qısadır. İnsanın bu məhdud zaman içərisində əldə edə biləcəyi məlumat, bacarıq və təcrübə də eynilə çox məhduddur. Bu səbəbdən, bir mövzuda əldə edilən ən doğru nəticə birdən çox adamın ağlını, məlumatını, təcrübəsini, düşüncəsini ortaya qoyması ilə meydana çıxır. Bu, insanı daha doğru nəticəyə aparır.
Müşavirə etmək, başqalarının fikirlərinə də dəyər vermək, sözün gözəlini qəbul etmək Quran əxlaqının gərəyidir. Ancaq müşavirə (istişarə) ilə bərabər, bəzən insanın ətrafındakılar ondan daha ağıllı olur. Allah Quranda bu vəziyyəti “…Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır”. (Yusuf surəsi, 76) ayəsi ilə insanlara xəbər vermişdir. Belə bir vəziyyətdə bu insanlarla məsləhətləşmək, onların fikirlərindən istifadə etməyə çalışmaq gözəl davranış olar. Bu cür insana üstün gəlməyə, sözdə və ya fikirdə ondan önə keçməyə çalışmaqdansa, onun fikirlərinə tabe olmaq daha gözəl əməldir.
Bu, həm adamın Allaha qarşı göstərəcəyi əxlaq baxımından, həm də doğru və ən məqsədəuyğun fikri tətbiq etmək baxımından ən hikmətli davranışdır. Bu səbəbdən, insanın içindəki “həmişə qalib gəlmək arzusu” düzgün istək deyil. Çox vaxt daha gözəl rəftar insanın məğlub olması, yəni qarşı tərəfin fikirlərinə tabe olmasıdır ki, bu da məğlub olmaq deyil. Guya məğlubiyyət kimi görünən bu vəziyyət, əslində o adamı ucaldan vəziyyətdir. Ancaq bəzən insan yanındakı bir çox adamdan daha ağıllı, daha vicdanlı və daha təcrübəli ola bilər. Belə bir vəziyyətdə bildirilən fikrin səhv olduğunu bilə-bilə onunla razılaşmaq olmaz.

