Beş duyğu orqanı

Beş duyğu, tam insanın ehtiyacına uyğun olaraq təşkil edilib

Beş duyğu, tam insanın ehtiyacına uyğun olaraq təşkil edilib. Misal üçün qulaq ancaq müəyyən sərhədlər arasında gələn səs titrəşmələrini qəbul edir. Daha geniş sərhədlər daxilində olması isə ilk başda üstün bir şey kimi görünə bilər. Ancaq, “eşitmə limiti” olaraq adlandırılan bu qəbuletmə sərhədi, müəyyən məqsəd üçün nizamlanıb.

Əgər çox həssas qulağa sahib olsaydıq, ürəyimizin döyünərkən çıxardığı səsdən, yerdəki mikroskopik böcəklərin çıxardığı xışıltılara qədər bir çox səsi hər an eşidərdik. Bu da bizim üçün olduqca narahat edən vəziyyət meydana gətirəcəkdi. Qulaqdakı və eşitmədəki bu qüsursuz yaradılış Allahın çox böyük lütfüdür. Necə ki, bir ayədə Rəbbimiz “Sizin üçün qulaqlar, gözlər və qəlb yaradan Odur. Nə qədər də az şükür edirsiniz!” (Muminun surəsi, 78) şəklində buyurmaqdadır.

Yeməyi ağzınıza aparmanızla birlikdə həzm sistemi hərəkətə keçir. Ağıza salınan yemək dişlər tərəfindən parçalanır və üyüdülür. Dişlər bu əməliyyat üçün xüsusi olaraq yaradılıblar. Bilinən ən sərt orqanik maddə olan diş minası ilə örtülüblər və eyni zamanda kimyəvi maddələrə qarşı da çox dayanıqlıdırlar. Hər diş vəzifəsinə uyğun formaya malikdir. Məsələn ön dişlər itidir, yeməyi qoparır. Köpək dişləri itidir, qidanı parçalayır. Azı dişləri isə qidanı üyüdə biləcək şəkildə yaradılıb. Əgər ağzımızdakı dişlərin hamısı eyni cür olsaydı, məsələn 32 köpək dişi və ya 32 kəsici dişə sahib olsaydıq yemək yeməmiz demək olar qeyri-mümkün hala gələrdi.

Dişlərdəki yaradılışın bir başqa nümunəsi də dişlərin düzülməsində görülür. Hər diş olması lazım olduğu yerdədir. Kəsicilər olmaları lazım olduğu kimi ön tərəfdə, azı dişlər yenə olmaları lazım olduğu yerdə arxa tərəfdədir. Bunların yerinin dəyişdirilməsi belə dişləri tamamilə istifadəsiz hala gətirə bilər.

Bir-birindən müstəqil olan üst və alt dişlər arasında da qüsursuz uyğunluq var. Hər iki bölgədəki dişlər, çənə sümüyü bağlandığı zaman tam olaraq bir-birlərinin üzərinə oturacaq şəkildə yaradılıb. Məsələn tək bir azı dişiniz digər dişlərdən daha uzun olsa və ya üzərində əlavə çıxıntı olsa, ağzınızı bağlaya bilməzdiniz.

Bu vəziyyətdə danışmaq və yemək yemə kimi ehtiyaclarınızı belə qarşılaya bilməz vəziyyətə gələrdiniz. Bu uyğunluq Allahın insan üçün var etdiyi nemətlərdən yalnız biridir.

Qidalar bir tərəfdən dişlər tərəfindən üyüdülərkən, bir tərəfdən də kimyəvi hücuma məruz qalırlar. Bu hücumu reallaşdıran isə tüpürcək mayesidir. Gündəlik həyatda heç kim ağzındakı bu mayenin fərqində olmaz; ifraz olunub olunmadığını, miqdarının çoxluğunu-azlığını, qısaca bu mövzu ilə bağlı heç bir detalı ümumiyyətlə düşünməz.

Adi bir ifrazat zənn edilən tüpürcək ifrazatı, əslində çox həssas nisbətlərə sahib müxtəlif kimyəvi maddələr ehtiva edən xüsusi qarışıqdır. Bu maye əvvəlcə qidalardakı dadı almağımızı təmin edir. Qidaların içindəki dad verən molekullar, tüpürcək içində həll edilərək dilin üzərində olan dad qəbul edici sinir ucları ilə birləşirlər. Ancaq bu cür yediyimiz yeməklərin dadını ala bilirik.

Quru ağızla yeyilən yeməklərin dadlarının alınmaması da buna görədir. Ağızda bir-birindən fərqli xüsusiyyətlərə sahib iki fərqli tüpürcək mayesi ifraz olunur. Bunlardan biri karbohidratları çox incə şəkildə parçalayır və qismən şəkərə çevirir. Məsələn çörək karbohidratdır. Əgər ağzınıza bir parça çörək qoyub və bir neçə dəqiqə udmadan gözləsəniz, parçalanan karbohidratın şəkər dadını dilinizdə hiss edərsiniz. Digər tüpürcək mayesi isə çox sıx bir konsistensiyaya malikdir. Bu yapışqan maye sayəsində yemək yeyərkən ağzın hər tərəfinə yayılmış olan yemək parçaları bir yerə gətirilərək tikə formasını alır.

Yaxşı bəs, tüpürcək ifrazatı olmasaydı nə olardı? Əlbəttə ki, ağzımızdakı quruluqdan dolayı nə yediklərimizi uda bilər, nə qidaların dadını ala bilər, nə də rahat danışa bilərdik. Qatı heç bir qidanı yeyə bilməz, ancaq maye olanlarla bəslənmək məcburiyyətində qalardıq. Bu da insan üçün olduqca çətin vəziyyət olardı. Üç ayrı ifrazat bezindən ifraz olunan tüpürcək, bir tərəfdən yeməkləri nəmləndirərək udulmasını asanlaşdırarkən, digər tərəfdən də ehtiva etdiyi kimyəvi maddə ilə yeməklərin içində orqanizmə faydalı olan parçaların həll edilməsini təmin edir.

Ağzımız sanki bir kimya laboratoriyası kimi işləyir və yediyimiz qidalardakı nişastanı parçalayır. Tüpürcəkdə olan və pityalin adı verilən ferment bu iş üçün xüsusi yaradılmış kimyəvi maddədir. Pityalin, nişastanı təhlil edərək şəkərə çevirir. Ağızda edilən həzm yalnız kimyəvi proses deyil. Eyni zamanda dişlərin etdiyi mexaniki bir həzm də baş verir. Bu iki həzm növü də bir-birlərini tamamlayacaq şəkildə çalışarlar.

Yeməkləri üyütmədə dilin də əhəmiyyətli rolu var. Çox həssas dad ölçmə xüsusiyyətinə sahib olan dil, eyni zamanda yeməklərin ağızda diyirlənərək boğazdan keçməsində asanlıq təmin edir. Dilin üst səthində və yanlarında olan dörd fərqli dada; acıya, şirinə, duzluya və turşa həssas 10.000-ə yaxın dad nöqtəsi var. Məhz bu dad reseptorları hər gün yediyimiz onlarla növ qidanın dadını bir-birlərinə heç qarışdırmadan qəbul etməyimizi təmin edir.

Belə ki, dil daha əvvəl heç tanımadığı bir qidanın dadını da asanlıqla təhlil edə bilər. Bu sayədə heç bir zaman bir qarpızın dadını qreypfrut kimi turş hiss etmərik və ya bir torta duzlu demərik. Üstəlik dad reseptorları milyardlarla insanda eyni qidada eyni dadı qəbul edir. Hər kəs üçün şirin, duzlu, turş kimi anlayışlar eynidir. Bəzi elm adamları dilin bu qabiliyyətini “fövqəladə kimya texnologiyası” olaraq adlandırırlar. Yaxşı bəs, dilin üzərində az sayda dad nöqtəsi olsaydı nə olardı?

O zaman yediyimiz yeməklərin heç birinin dadlarını hiss edə bilməzdik. Nə şirinin, nə qızartmanın, nə çörəyin, nə də başqa bir yeməyin dadını bilə bilməzdik. Hər nə yesək, həmişə eyni yavan dadı alardıq. Yemək yemək zövqlü nemət olmaqdan çıxaraq, hər gün etmək məcburiyyətində olduğumuz əziyyətli iş halına gələrdi. Ancaq bu belə deyil və dildəki xüsusi dad reseptorları sayəsində yediyimiz bütün yeməklərin dadlarını ayırd edə bilirik.

Mədədəki sistemdə mükəmməl tarazlıq vardır. Qidaların mədədəki həzmi, bu orqanın içindəki xlorid turşusu tərəfindən həyata keçirilir. Ancaq bu turşu o qədər güclüdür ki, tək qidaları deyil, mədə divarını belə əridə biləcək gücdədir. Lakin Rəbbimiz bunun həllini də ən gözəl şəkildə yaradıb: Həzm əsnasında ifraz olunan mədənin selikli qişası adlı maddə mədənin bütün divarlarını örtür və turşunun parçalayıcı təsirinə qarşı mükəmməl qoruma təmin edir. Beləcə mədənin öz-özünü yox etməsinə maneə törədilmiş olur.

Mədənin selikli qişasının tərkibindəki bir səhv onun qoruyucu xüsusiyyətini poza bilər. Halbuki, istər mədənin həzm üçün istifadə etdiyi turşuda, istər o ifrazatdan mədəni qorumaq üçün ortaya çıxan mədənin selikli qişasında qüsursuz uyğunluq var. Mədə boş ikən, zülalları yəni ət kimi heyvan mənşəli qidaları parçalamaqla məsul olan ifrazat mədədə olmur. Daha doğrusu mədə boş ikən bu ifrazat tamamilə fərqli, parçalayıcı xüsusiyyəti olmayan bir maddə olaraq mədədə mövcuddur.

Zülal tərkibli bir qida mədəyə düşdükdə, mədəyə ifraz olunan bir selikli maddə bu təsirsiz maddəni çox güclü zülal parçalayıcı halına gətirir. Beləcə mədə boş qaldıqda bu güclü zülal parçalayıcı, zülallardan ibarət olan mədəyə zərər vermir. Mədədəki mayenin, qida düşdükdə parçalayıcı xüsusiyyət qazanması Allahın insan üzərindəki qorumasının çox mükəmməl nümunəsidir.

Tənəffüs sistemi, həssas tarazlıqlar üzərinə quruludur. Tənəffüs edərkən ciyərlərimizə çəkdiyimiz havanın soyuq və kirli olması səhhətimizə mənfi təsir edir. Buna görə havanın əvvəldən təmizlənmiş və isidilmiş olması lazımdır. Burnumuz tam da bu işə uyğun olaraq yaradılıb; burun divarlarında olan tüklər və içəridəki yapışqan maddə, içəri girən havadakı tozları tutaraq filtr funksiyasını həyata keçirir. Həmçinin hava, burun içindəki qıvrımlardan keçərək istilənir.

Burun sümükləri içində elə xüsusi quruluş var ki, içəri girən hava, burun içində ancaq bir neçə dövr atdıqdan və isindikdən sonra ciyərlərə gedə bilir. Kiçik bir sümüyün içində hava axımına bir neçə dövr atdıracaq quruluş ancaq xüsusi yaradılış sayəsində ortaya çıxa bilər. Çünki havanın hərəkətini istiqamətləndirmək bəzi hesablama və planlama nəticəsində həyata keçirilə bilər. Belə xüsusi quruluşun, bir başqa sistemin ehtiyacına cavab vermək (ciyərə gedən havanı isitmək və təmizləmək) üçün var olması hər iki sistemi də Rəbbimizin xüsusi olaraq yaratdığının dəlilidir.

Bütün bu saydığımız pillələr nəticəsində içəri girən hava nəmləndirilmiş və tozlardan təmizlənmiş şəkildə nəfəs borusuna gedir. Bu qüsursuz sistemin içindəki hər detal Allahın üzərimizdəki rəhmətinin dəlilidir. Atmosferdəki incə nizam, burnumuzun qüsursuz yaradılışı, burun içindəki bütün detallar xüsusi olaraq var edilib. Hər bir detalda Allahın insanlar üzərindəki qorumasını, şəfqətini, mərhəmətini açıq-aşkar görürük.

İnsanın bədənindəki şəkər miqdarının müəyyən məhdudiyyətlər içində olması həyatın davamı üçün zəruridir. Amma gündəlik həyatda şəkərli qidalar yeyərkən əlbəttə ki, bu həssas tarazlığın hesabını siz edə bilməzsiniz. “Sizin üçün” bu hesab aparılır. Qanınızdakı şəkər miqdarı yüksəldiyində pankreas (mədəaltı vəz) adı verilən orqanınız insulin deyilən xüsusi maddə ifraz edir.

Bu maddə qaraciyər və bədəndəki digər hüceyrələrə qandakı artıq şəkəri geri çəkib yığmalarını əmr edir. Qandakı şəkər nisbəti, beləcə heç bir zaman təhlükəli səviyyəyə çıxmaz. Onlara nəzarət etmək bir tərəfə, gündəlik həyatda sizin nə pankreastan, nə insulindən, nə də qaraciyərdən xəbəriniz olmaz.

Qanınızdakı şəkərin yüksəldiyini fərq etməzsiniz, hətta önünüzə fərqli şəkər nisbətləri olan iki şüşə qan qoyulsa aradakı fərqi anlaya bilməzsiniz. Bunun üçün laboratoriyaya, inkişaf etmiş alətlərə ehtiyacınız var. Amma heç vaxt görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələriniz, qandakı şəkəri bu laboratoriya və alətlərdən daha həssas şəkildə ölçür və nə edilməsi lazım olduğuna qərar verirlər. Sonra lazımlı tədbirlər alınır, hüceyrələr qandakı şəkəri tanıyıb, ayırd edib, tuturlar. Yediyi hər hansı şəkərli yemək səbəbi ilə asanlıqla ölə biləcək olan insan, Allahın onun bədəninə yerləşdirdiyi bu bənzərsiz qoruma sistemi sayəsində həyatda qalır.