Bəqərə surəsi (8-13)

İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, – deyirlər. (Bəqərə surəsi, 8)

Onlar, (özlərinə görə guya) Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər. (Bəqərə surəsi, 9)

Onların qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır. (Bəqərə surəsi, 10)

Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” – deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” – deyərlər. (Bəqərə surəsi, 11)

Bilin ki, əsil fitnə-fəsad törədənlər onlardır. Lakin bunu dərk etmirlər. (Bəqərə surəsi, 12)

Onlara: “İnsanlar iman etdiyi kimi siz də iman edin!” – deyildiyi zaman: “Biz də səfehlər kimi iman edək?” – dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)