Dünyanı qavrama formamız o qədər mükəmməldir ki, “xaricdə”, yəni bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandırır. Lakin bu vəziyyətin gördüyümüz yuxudan heç bir fərqi yoxdur. Yuxuda ətrafımızdakı hadisələrin, səs və görüntülərin fərqində oluruq, hətta bədənimizin də. Düşünürük və mühakimə edirik, qorxu, qəzəb, məmnuniyyət və sevgi hissləri duyuruq. Başqa insanlarla danışır, onlarla eyni şeyləri gördüyümüzü düşünərək ətrafımızdakılar haqqında fikir yürüdür, hətta üzərimizə gələn avtomobilin bizi vurmasından ehtiyat edərək kənara çəkilirik. Qısaca, oyanıb yaşadığımızı zənn etdiyimiz şeylərin yalnız zehnimizdə olduğunu bilənə qədər, yuxumuzda da maddi dünyada yaşadığımızı düşünürük…
Yuxudan oyandıqdan sonra: “Hər şey bir yuxu imiş”, dediyimizdə isə yaşadığımızın, əslində, fiziki xüsusiyyətə malik olmadığını, hər şeyin zehnimizdə yaradıldığını başa düşürük. Oyaq olduğumuzu düşündüyümüz zaman isə qəti şəkildə real dünyada yaşadığımızı düşünür və davranışlarımızı buna uyğun nizamlayırıq. Ancaq oyaq olduğumuz zaman qarşılaşdığımız hadisələr də eynilə yuxuda olduğu kimi zehnimizdə yaşanır. Buna görə də hal-hazırkı hisslərimizin də yuxu olmadığından əmin ola bilmərik.
Çox güman ki, oyaq olduğunuzu düşünmənizin səbəbi oxuduğunuz yazını, əlinizdə tutduğunuz telefonu hiss etməniz, oxuduqlarınızı izah edə bilməniz, bütün hadisələrin məntiqli və səbəb-nəticə əlaqələrinə uyğun olaraq baş verməsidir. Lakin bunların hamısı beyninizdə seyr etdiyiniz surətlərdir. Sizə “indi oyaqsınız, yoxsa xəyal görürsünüz?” kimi sual verilsəydi, cavabınız “əlbəttə ki, oyağam” olardı. Bəlkə bu sualı yuxularınızda özünüzə dəfələrlə vermisiniz. Lakin yuxunuzda verdiyiniz cavabın (yəni “yuxuda deyiləm, oyağam”) oyandıqdan sonra səhv olduğunu görmüsünüz. Yaxşı, bəlkə elə indi də eyni şəkildə yanılırsınız?
Kim sizə hal-hazırda yuxu görmədiyinizin, hətta bütün həyatınızın yuxu olmadığına dair zəmanət verə bilər?
Dolayısilə, yaşadığınız dünyanın həqiqi olmasından necə əmin ola bilərsiniz?
Bizim görüb, qoxulayıb, dadıb, toxunub və eşitdiklərimiz yuxudakına bənzər beynimizdəki surətlərdir.
İşığın olmadığı beyində rəngarəng işıqlarla bəzədilmiş bir prospekti, bütün rəngləri canlılığı və parlaqlığı ilə seyr edə biliriksə, o zaman bu prospektin, işıqlı küçələrin, vitrinlərin, küçə lampalarının, avtomobillərin faralarının beynimizdə elektrik siqnallarından yaranan surətlərini görürük.
Beynimizə heç bir səs girə bilmədiyinə görə, biz heç vaxt yaxınlarımızın səslərinin əslini eşidə bilmərik. Eşitdiklərimiz həmişə surətlərdir. Yaxud biz heç vaxt dənizin sərinliyini, günəşin istiliyini hiss edə bilmərik. Biz həmişə beynimizdə bunların surətlərini yaşayırıq.
Eyni zamanda, bu günə qədər heç vaxt insan nanənin əsl dadını hiss etməmişdir. Nanə hesab etdiyi dad beynində yaranan bir qavrayışdan ibarətdir. Çünki nanənin əslinə nə toxuna bilər, nə onun əslini görə bilər, nə əslinin qoxusunu bilər, nə də dadına baxa bilər.
Nəticədə, onu deyə bilərik ki, xarici dünyada maddənin əsli var, ancaq biz həyatımız boyu bizə göstərilən surətlərdən ibarət hisslərlə yaşayırıq. Ancaq bu surətlər o qədər həqiqidir ki, heç vaxt surətlərini yaşadığımızı bilmirik. Məsələn, indi başınızı qaldırın və olduğunuz otağa göz gəzdirin. Özünüzü mebellər olan bir otağının içində görürsünüz. Oturduğunuz kreslonun qollarına toxunduğunuzda sanki, həqiqətən, bu qolların əsillərinə toxunurmuş kimi bərkliyini hiss edirsiniz. Göstərilən görüntülərin həqiqiliyi, bu görüntülərin yaradılışında istifadə edilən sənətin mükəmməlliyi bir çox insanın maddənin əsli mövzusunda yanılmasına səbəb olur. Bunun səbəbi görüntünün möhtəşəm sənətlə, son dərəcə həqiqi və qüsursuz şəkildə anbaan yaradılmasıdır.
Elm adamlarının qəbul etdiyi bu həqiqəti tanınmış filosof Corc Politzer bu şəkildə ifadə edir:
“Gördüyümüz və toxunduğumuz üçün və bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanarıq. Halbuki hisslərimiz yalnız zehnimizdə mövcud olan fikirlərdir. Bu halda, qavrayışla hiss etdiyimiz obyektlər fikirlərdən başqa bir şey deyildirlər və bu fikirlər zehnimizdən başqa yerdə olmazlar… Madam ki, bunlar yalnız zehində mövcud olan şeylərdir, elə isə kainatı və əşyaları zehinin xaricində varlıqlar olaraq xəyal etdiyimizdə yanılmaların içinə düşmüş oluruq…” (George Politzer, “Fəlsəfənin ilkin prinsipləri”, səh. 38-39)
Tanınmış elm adamı Rita Karter xarici dünyanın əslini görmədiyimizi, xaricdə maddə olduğu halda, beynimizdə yaranan görüntünün ancaq bir qavramadan ibarət olduğunu belə açıqlayır:
“Bir sima və ya mənzərə gördüyümüzdə, əslini görmərik, gördüyümüz orijinalın bir şərhi və ya tamamilə yeni versiyasıdır… Bunlar nə qədər yaxşı surətlər olsalar belə, orijinalından əskik və ya fərqlidir.” (Rita Carter, “Mapping The Mind”, səh. 135)
Bu mövzunu daha yaxşı anlamanız üçün Başlanğıc (Inception) filmini izləmənizi məsləhət görürəm.

