Bəlkə də həyatı yenidən dəyərləndirmək lazımdır

Dünyanın bədbəxtliyinin əsl səbəbi

Dünyanın yarısı narahat, bədbəxtdir. Bir çox insan yaşadığı ölkədən, işlədiyi iş yerindən, evindən, bəziləri ailəsindən, həyat yoldaşından, bəziləri başqa insanların varlığından narahatdır. Sevinc əskikliyi, kədər hakimdir. Bunun mənbəyi də bilinmir. Ona görə getdikcə artan bədbəxtliyin səbəbini çox vaxt iqtisadi çətinliklərlə əlaqələndirirlər. Ancaq bir də baxırıq ki, heç bir iqtisadi çətinliyi olmayan, dünyada sahib ola biləcək hər cür imkana malik olan bəzi insanlar bədbəxtliklərinə məğlub olub. Ya intihar edir, ya da narkotik maddə, içki aludəsi olur. Deməli nə xoşbəxtlik, nə də bədbəxtliyin səbəbi insanların iqtisadi vəziyyətlərindən asılı deyil.

Rəbbimiz bizi yaradarkən dünyanı, öz ruhumuzu, bədənimizi necə istifadə edəcəyimizə dair təlimatı da bizimlə birlikdə dünyaya göndərib. Bu Qurandır. İnsan Allahın bizə bildirdiyi şəkildə dünyada yaşamadıqda bütün sistemi pozulur. Bu pozulan sistem bizə əzab verməyə başlayır. Çünki Allah dünyanı yaradarkən hər şeyi bir nizam və ölçü ilə yaratdığı kimi, bizim dünyaya adaptasiya olmağımızı da ona görə yaratmışdır. Havanı yaradarkən nə qədər oksigenə ehtiyacımız olacağını. Hüceyrələrimizi yaradarkən, hüceyrələrimizin nələrə ehtiyacı olacağını. Ay, günəş, planetlər, ulduzlar, atmosfer kimi saymaqla bitməyən hər incəliyi Allah bir nizamla yaratmışdır. Kainatdakı ən kiçik bir disbalans, yaradılışına zidd nizamsızlıq dünyadakı nizamın də alt üst olması deməkdir.

Allah Quranda da eyni şəkildə ruhumuzun nələrə ehtiyacı olduğunu, necə davranmaq lazım olduğunu və bunu etmədiyimiz təqdirdə necə bir əxlaqi pozğunluq baş verəcəyini, bu sistemin bizə necə əziyyət verəcəyini bildirmişdir. Yeni elektron bir cihaz aldığınızda istifadə qaydasını oxumadan o cihazı işlətsəniz, xarab olmasına səbəb olarsınız. İnsan ruhu da eynilə belədir. Ona görə Quranda təsvir edilən həyat və əxlaq qaydalarına tabe olmadıqda, hər mövzunu sevgi, şəfqətlə həll etmək əvəzinə nifrət, dava-dalaşla həll etməyə meylli olduqda bədbəxtliyin yayılması labüddür. İnsanı xoşbəxt edəcək tək şey Allahın dininə tabe olmaqdır, insanın mənəviyyatı, imanı, dinidir.