Bədiüzzaman “hz. Mehdinin seyid olacağını; özünün isə seyid deyil, Kürd olduğunu” əsərlərində dəfələrlə ifadə etmişdir

Bədiüzzaman özünün hz. Mehdi olmadığını açıqladığı dəlillərdən birində “hz. Mehdinin seyid olacağını, ancaq özünün seyid olmadığını” ifadə etmişdir. Bədiüzzamanın bu həqiqəti açıqca dilə gətirdiyi sözlərindən bəziləri belədir:

“…Mehdilik isnadını heç qəbul etmədiyimə bütün qardaşlarım şahidlik edirlər. Hətta Dənizlidəki əhli vüqüf (məlumat sahibi şəxslər) əgər Səid Mehdilik iddia etsə, bütün tələbələri qəbul edəcəklər dediklərinə görə Səid etiraznaməsində: “mən seyid deyiləm, Mehdi seyid olacaq” deyə onları rədd etmişdir…” (Şualar, səh. 365)

“Mən seyid (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) deyiləm. Bu zamanda nəsillər bilinmir. Halbuki, Axırzamanın o böyük şəxsi Əhli-Beytdən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) olacaq.” (Emirdağ Lahikası, səh. 247-250)

Bədiüzzaman əsərlərində Peyğəmbərimiz (s.ə.v)-in hədisini xatırlatmış; “seyid olan insanın seyidliyini gizlətməsinin Quran əxlaqına uyğun olmadığını” ifadə edərək, bu mövzudakı sözünün doğru olduğunu ifadə etmişdir:

“Seyid olmayan seyidəm və seyid olan deyiləm desə, duhul və huruc (üsyan) haram olduğu kimi ikisi də haram sayılar…. hədis və Quranda qadağan edilmişdir.” (Muhakemat, səh. 52)

Əgər Bədiüzzaman seyid olsaydı, bunu gizlətməsi üçün heç bir səbəb yoxdur. Çünki Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olmaq, gizlədiləsi xüsusiyyət deyil; tam əksinə müsəlmanlar üçün böyük şərəfdir. Dünya üzərində milyardlarla seyid vardır və soruşanda da bu həqiqəti açıq şəkildə dilə gətirirlər. Buna görə də, Bədiüzzaman da seyid olsaydı, ona belə sual veriləndə “Bəli seyidəm, şərifəm, amma Mehdi deyiləm” deyər; özünün Peyğəmbərimiz (s.ə.v)-in soyundan olduğunu ifadə etməkdən böyük qürur duyardı. Çünki “seyid olduğunu qəbul etməsi hz. Mehdi olduğunu da qəbul etməsi” demək deyil. Ancaq buna baxmayaraq, seyid olmadığını dəfələrlə açıq şəkildə ifadə etmişdir. Üstəlik, Bədiüzzaman risalələrdə dəfələrlə “Kürd” olduğunu ifadə edərək bu həqiqəti sübut etmişdir (Münazarat, səh. 84; Tarihçe-i Hayat, səh.228; Bediüzzaman ve Talebelerinin Mahkeme Müdafaları, səh.18) Eyni şəkildə, əgər özünün hz. Mehdi olduğunu düşünsəydi, milyonlarla insanın oxuduğu əsərlərində bunun əksini yüzlərlə səhifədə izah etməz; hz. Mehdinin xüsusiyyətlərinin onunla uyğun olmadığını və bu mübarək şəxsin özündən sonrakı dövrdə gələcəyini sübutları ilə birlikdə açıqlamazdı.

Bununla yanaşı “hər seyid olan şəxs, mütləq Mehdi olacaq deyə bir şey yoxdur”. Dünya üzərində milyonlarla seyid olan insan var. Bir insanın seyid olması Mehdi olmasını tələb etmədiyi üçün, seyid olan hər insan bu həqiqəti rahatlıqla və iftixarla dilə gətirir. Üstəlik, Bədiüzzaman “mənim bu mövzudakı tək əskikliyim seyidliyimdir, əgər seyid olsaydım, Mehdi olardım” deməmişdir. Tam əksinə, “hz. Mehdinin bütün xüsusiyyətlərini, edəcəyi bənzərsiz fəaliyyətləri uzun-uzun açıqlamış və bunların öz yaşadığı dövrdə hələ həyata keçmədiyini ifadə etmişdir”.

Hz. Mehdinin əleyhdarı olan Dəccaliyyət və Süfyaniyyətin təsiri, Bədiüzzaman həyatda ikən günümüzdəki kimi şiddətli deyildi

Dövrümüzdə İslam ölkələrinin və bütün dünya müsəlmanlarının olduğu vəziyyət, hz. Mehdinin yerinə yetirəcəyi vəzifələrin Bədiüzzamanın dövründə həyata keçmədiyini açıq şəkildə ortaya qoyur. Süfyaniyyət və Dəccaliyyətin təsiri müsəlman ölkələr üzərində bütün şiddəti ilə hiss edilir. Dünyanın müxtəlif ölkələrində din azadlığı yaşanmır. Bədiüzzaman həyatda ikən isə, müsəlmanların məruz qaldıqları çətinlik və əziyyətlər bu dərəcə şiddətli deyildi. Bu da hz. Mehdi kimi, Süfyan və Dəccalın fəaliyyətlərinin də o dövrdə hələ baş vermədiyini göstərir. Dəccal və Süfyan ilə mübarizə mühiti meydana gəlmədən hz. Mehdinin vəzifəsini yerinə yetirə bilməsindən bəhs etmək olmaz.

Bununla yanaşı, dövrümüzdə bütün İslam aləmi və müsəlmanlar ayrılıblar. Bədiüzzaman yaşadığı dövrdə bütün dünya müsəlmanları üzərində birləşdirici rol oynamamışdır. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bütün müsəlmanları birləşdirmək xüsusiyyətini hz. Mehdinin daşıyacağı bildirilir. Bədiüzzaman da hz. Mehdinin bu xüsusiyyətini belə bildirir:

“…O şəxs, bütün əhli imanın (iman edənlərin) mənəvi köməyi ilə, İslam Birliyinin yardımlaşması ilə, bütün üləma və övliyanın (alimlərin və vəlilərin) və xüsusilə Əhli-Beytin nəslindən (Peyğəmbərimiz (s.ə.v)-in soyundan) hər əsrdə güclü və milyonlarla fədakar seyidlərin (Peyğəmbər soyundan gələn fədakar şəxslərin iştirakı ilə) dəstəyi ilə o böyük vəzifəni icra etməyə çalışar.” (Emirdağ Lahikası, səh. 260)

Bədiüzzaman bu sözündə hz. Mehdinin üçüncü vəzifəsini açıqlamışdır. Buna görə hz. Mehdi Quran əxlaqının gözardı edildiyi dövrdə, insanların yenidən din əxlaqına yönəlməsinə vəsilə olacaq, İslam Birliyini quracaq və bütün müsəlmanların birləşərək ittifaq halında hz. Mehdinin bu vəzifədəki köməkçiləri olacağını bildirmişdir. Bütün müsəlmanların daxil olacağı belə geniş miqyaslı ittifaq və dəstək Bədiüzzamanın dövründə olmamışdı. Bədiüzzamanın da müjdələdiyi kimi, bu geniş kütlənin mənəvi köməyi, ancaq Axırzamanda hz. Mehdi ilə birlikdə meydana gələcək və İslam əxlaqının bütün dünyaya hakim olmasında böyük rol oynayacaq.

Bədiüzzaman hər mövzuda risalələrdəki açıqlamalarının yetərli olduğunu söyləmişdir

Bədiüzzaman “Bir Risalə-i Nur tələbəsi olaraq mən də bunlara itaət edirəm” deyərək, həyatda olduğu müddətdə əsərlərində yazdıqlarının doğruluğunu dəfələrlə təsdiq etmişdir. Risalələrin hər biri minlərlə nüsxədən ibarət olan kitablardır. Buna görə əsərlərində açıq şəkildə “Mən seyid deyiləm” deyirsə, bəzi şəxslərin “Bədiüzzamanın bu açıqlaması doğru deyil; filan gün bizi çağırmış, həm şərif, həm seyid, həm də hz. Mehdiyəm demişdir” demələri Bədiüzzaman Səid Nursi həzrətlərinə qarşı çox böyük təhqir, böyük zülm və böhtan olar. Çünki bu, Bədiüzzaman kimi qiymətli və üstün əxlaqlı bir şəxsin bu mövzuda yazdıqlarının “yalan” olduğunu iddia etmək mənasını verir. Yüzlərlə səhifə boyunca yazdıqlarının əksinə, Bədiüzzamanın “(yalnız iki üç adama) bütün yazdıqlarının yalan olduğunu söylədiyi” şəklində bir iddia, bu cür iddiaların sahiblərini töhmət altında buraxır. “Bədiüzzaman həzrətləri milyonlarla insanı aldatdı, yalan danışdı; lakin bu mövzun doğrusunu üç-beş adama açıqladı” şəklində bir iddia heç bir şəkildə qəbul edilə bilməz. Risalə-i Nurda Bədiüzzaman həzrətlərinin “yüzlərlə səhifə çox əhatəli və təfərrüatlı yalan danışdığını; ümməti aldatdığını, bu yazılanların yalan olduğunu” iddia etmək sayıqlamadır. Sevgi adına da olsa belə, bu cür ağır təhqir edilməməlidir.

Bədiüzzaman kimi dərin imanlı böyük mücəddidin əsərlərində, düşündüyü və inandığı şeylərin tam əksinə şərh edilməsi doğru deyil. Buna görə də Bədiüzzamanın vəfatından illər sonra belə iddia ilə ortaya çıxmaq, hər nə qədər yaxşılıq adına, Bədiüzzamanı sevmə adına edilmiş də olsa, Bədiüzzaman adına çox böyük böhtan olar. Onu yalanla ittiham edən və yüzlərlə səhifədə ümməti aldatdığını iddia edən belə yanaşma isə heç bir vicdanın qəbul etməyəcəyi davranışdır.

Bununla yanaşı, heç bir dəlilə əsaslanmayan bu iddianın dəstəklənməsi üçün hz. İsa ilə əlaqədar da bəzi yalan iddialar önə sürülür. Bilindiyi kimi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi dövründə hz. İsanın ikinci dəfə yer üzünə gələcəyi bildirilir. Hz. Mehdinin imamlığında hz. İsa və hz. Mehdi birlikdə namaz qılacaq, yer üzündə yeddi il birlikdə hökm sürəcəklər. Ancaq bu hadisələrin heç biri Bədiüzzaman həyatda ikən baş verməmişdir. Bədiüzzaman hz. İsa ilə birlikdə olmamışdır. Bu vəziyyət də müxtəlif şəkillərdə şərh edilməyə çalışılır; hz. İsanın yalnız ruh olaraq gələcəyi, ya da Bədiüzzaman həyatda ikən gəldiyi və vəfat edib dəfn edildiyi kimi əsassız fikirlər qarşıya qoyulur. Halbuki, Bədiüzzaman əsərlərində çox açıq dillə və dəfələrlə hz. İsanın (cismi bədəni ilə) “bir şəxs” olaraq yer üzünə gələcəyini ifadə etmişdir. Hz. İsanın “Xristian ruhanilər ilə ittifaq edəcəyini, Dəccal ilə mübarizə edərək onu fikirlə təsirsiz hala gətirəcəyini” ifadə etmişdir. Bədiüzzaman bu sözlərindən birində hz. İsanın şəxsi-mənəvi deyil, şəxs olduğunu belə ifadə edir:

“…göylər aləmində insani cismi ilə olan İsa əleyhissalam, o dini haqq cərəyanının (haqq dinin) başına keçəcəyini…” (Mektubat, səh. 60)

Bununla yanaşı, Bədiüzzaman hz. İsanın Dəccal ilə olan mübarizəsini izah etdiyi sözlərində də şəxsi-mənəvi ilə şəxsi-mənəvi arasında yaşanacaq mövzudan deyil; hz. İsanın birbaşa şəxsi ilə Dəccalın şəxsinə qarşı edəcəyi mübarizədən bəhs edir:

“…Cavab: Səhih hədisdə (doğruluğu qəti olan hədisdə) rəvayət edilən: “Həzrəti İsa əleyhissalamın gələcəyini və İslam şəriəti ilə əməl edəcəyini, Dəccalı öldürəcəyini” imanı zaif (zəif) olanlar istibad edirlər (ehtimal vermirlər, uzaq görürlər, olmayacaq zənn edirlər). Onun həqiqəti izah edilsə, heç istibad (uzaq görünəcək) yeri qalmaz.” (Mektubat, səh. 58-59)

Bir başqa sözündə isə Bədiüzzaman Dəccalın təsirinin ancaq möcüzə sahibi Peyğəmbər tərəfindən ortadan qaldırıla biləcəyini ifadə edərək, hz. İsanın şəxsi-mənəvi deyil, möcüzələr göstərəcək xüsusiyyətlərə sahib bir şəxs olacağını bir daha açıq şəkildə ifadə etmişdir:

“…ancaq möcüzələr sahibi və hamının qəbul etdiyi bir şəxs ola bilər ki: o şəxs, bir çox insanın peyğəmbəri olan həzrəti İsa əleyhissalamdır…” (Şualar, səh. 463)

Bədiüzzamanın hz. İsa və hz. Mehdinin gəlişi ilə əlaqədar çox açıq sözlərinə baxmayaraq, xüsusi söhbətlər dəlil göstərilərək qarşıya qoyulan bu cür iddialar, belə qiymətli mücəddidin qələmə aldığı risalələrin hamısını şübhə altına alacaq qədər çox təhlükəli cəhdlərdir. Bunun kimi bir çox insan, bir-birindən fərqli iddialarla ortaya çıxıb “Bədiüzzaman Səid Nursi burada belə demişdir, amma bunların hamısı bir taktikadır, yalandır; doğrusunu bizə söylədi” desə bu nə qədər etibarlı olacaq? Belə vəziyyətdə bir müddət sonra Risalə-i Nurda yer alan hər mövzu üçün bir şey deyilə bilər və Bədiüzzamanın əsərləri getdikcə əsl mənasından və hikmətindən uzaqlaşar. Belə təhlükənin qarşısını almaq üçün isə Bədiüzzaman kimi qiymətli İslam aliminin şəxsən yazıb təsdiq etdiyi açıq-aşkar sözlərini qorumaqla mümkün olacaq. Bədiüzzaman da əsərlərində, hər mövzuda olduğu kimi bu mövzuda da ən doğru açıqlamaların risalələrdə ola biləcəyini xatırlatmış, risalələrdə yazılanlar oxunduğunda sanki özü ilə görüşürmüş kimi ən doğru məlumatların əldə ediləcəyini ifadə etmişdir.

“Risalə-i Nurun hər kitabı bir Səiddir. Siz hansı kitaba baxsanız, mənimlə qarşı-qarşıya görüşməkdən on dəfə çox həm faydalanar, həm həqiqi bir surətdə mənimlə görüşmüş olarsınız. Risalə-i Nur mənə heç bir ehtiyac buraxmır.” (Emirdağ Lahikası, səh. 159)

“…Çünki deyər: “Əgər mənimlə həm axirət, həm Risalə-i Nur üçün görüşmək istəyirsə; Risalə-i Nur mənə qətiyyən ehtiyac buraxmamışdır. Milyonlarla nüsxəsinin hər biri on Səid qədər fayda verir… Əgər Risalə-i Nurun xidməti, yayılması üçün olsa; mənə xidmət edən həqiqi fədakar tələbələrim və mənəvi övladlarım, qardaşlarımın mənim əvəzimə görüşmələri kafidir, mənə heç ehtiyac olmayacaq…” (Emirdağ Lahikası-2, səh. 214)

Bədiüzzaman əsərlərində eyni həqiqəti dilə gətirən tələbələrinin sözlərinə də yer vermişdir. Bunlardan bəziləri belədir:

“Ey müəllimlər və əhli qəlb! Verəcəyiniz sualların cavablarını Risalə-i Nurda tapa bilərsiniz. Əhl-i kəşf (gözlə görülməyən qeybi həqiqətləri Allahın lütfü ilə kəşf edib bilən övliyalar) və qəlbdən biri, mənim kimi aciz insandan Mehdini soruşur. “Nə vaxt gələcək…” Hələ Mehdini anlamayıb. Dabbetül Ərzin kimlər olduğunu bilmir. Bunlara dair, risalələrdə bir açıqlama vardır. Hər müşkül sualın (çətin sualın) cavabını o risalələrdən axtarıb, tapa bilərsiniz.” (Mustafa Hulusi, Barla Lahikası, səh. 143)

“…bu barədə ərz edim ki, ustadımız Bədiüzzaman, bir Nur tələbəsinə Risalə-i Nurdan bəzən oxumaq üçün izah etmir, deyir ki: “Risalə-i Nur, imani məsələləri lazımi dərəcədə izah etmişdir. Risalə-i Nurun hocası Risalə-i Nurdur. Risalə-i Nur oxuyanın başqalarından dərs almağa ehtiyacı olmur.” (Sözler, səh. 772)