Bədbəxtlik heç bir şəkildə həyatın bir gerçəyi deyil. Tam əksinə, insanların içərisinə düşdükləri bu sıxıntının həlli çox asandır. Allah Quranda “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır” ayəsi ilə insanlara (Rəd surəsi, 28) həqiqi xoşbəxtliyin yalnız imanla əldə edilə biləcəyini bildirmişdir. İnsanlar ancaq Allahın üzərlərindəki rəhmətini və qorumasını qavradıqları və ancaq iman əxlaqını yaşadıqları təqdirdə, dünya həyatının hər anından zövq ala bilərlər. Ancaq o zaman ətraflarındakı gözəllikləri təqdir edib, xoşbəxt olmağı bacara bilərlər.
Allah, “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” ayəsində (Nəhl surəsi, 97) iman edən qullarını dünyada və axirətdə gözəl həyatla yaşadacağını vəd edib. Məhz Qurana əməl edənlər dünyada və axirətdə uca Allahın vəd etdiyi bu nemətdən istifadə edirlər.
Amma bu məqamda da insanların göz ardı etməməli olduğu vacib bir həqiqət var. Bu gözəl həyatı yaşaya bilmək, həyatdan və dünya nemətlərindən, Allahın insanlar üçün yaratdığı o qədər gözəllikdən zövq ala bilmək üçün imanın qəlbə həqiqi mənada yerləşməsi lazımdır. Yoxsa insanların yalnız dilləri ilə iman etdiklərini demələri, ya da iman edənlərə yalnız müəyyən istiqamətlərdə bənzəmələri onları içərisində olduqları bədbəxtlikdən xilas etməz. Gerçək xoşbəxtlik üçün qəlbən Allaha tam itaət etmək və həyatın hər anını Quran əxlaqına uyğun şəkildə yaşamaq lazımdır. Əks təqdirdə içdən-içə həyatın hər mərhələsində əzab çəkərlər. Nə qədər xoşbəxt olmaq istəsələr də buna nail ola bilməzlər. Əksinə həyatlarına hüzn, pessimizm, ümidsizlik kimi mənfi cəhətlər hakim olar.

