Bayquşun boynunda 14 ədəd fəqərə vardır, bu, insandakı fəqərə sayının tam iki qatı qədərdir

Bayquşun başını 270 dərəcə çevirməsi

Bayquşlar, demək olar ki, başlarını tam dairə formasında çevirə bilirlər. Əgər biz bunu etməyə çalışsaq, beynimizə gedən qan axını dayanar və huşumuzu itirərik.

İki amerikalı elm adamı bayquşların kəllə sümüyündə, eləcə də boynunda fərqli sümük və damar sisteminin olduğunu müəyyən edib. Bu xüsusiyyət sayəsində bayquşun damarları zədələnmir və o, başını 2700 çevirdikdə belə başına gedən qan axını dayanmır.

ABŞ-dakı Cons Hopkins Universitetində tibb fakultəsinin mütəxəssisi dr. Filip Qeyllud bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov etmək üçün başlarını 2700 çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit vəziyyətdə dayanır. Buna görə də görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.
Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

Dr.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıblar. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir. Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalaraq zərər çəkmə ehtimalı azalır.

Bu, təkcə bayquşa deyil, digər quşlara da xas olan xüsusiyyətdir. Lakin bayquşu digər quşlardan fərqləndirən cəhət boyun fəqərələri arasında əsas arteriya üçün daha geniş boşluğun olmasıdır.