Quranda bildirildiyinə görə, bir insanın başqa bir insanın günahını öz üzərinə götürməsi və buna görə axirətdə onun əvəzinə cəza çəkməsi mümkün deyildir. Allah hər bir insanı etdiklərinə görə təkbaşına məsul tutacağını və təkbaşına sorğu-suala çəkəcəyini bildirmişdir. Çünki Allah dünya həyatında hər bir insana doğru ilə yanlışı ona bildirən və onu hər zaman Allahın razılığını qazanmağa çağıran bir vicdan vermişdir. Bundan əlavə, bütün insanlara Öz tərəfindən doğru ilə yanlışı öyrədən bir Kitab nazil etmiş, peyğəmbərləri vasitəsilə dinini təbliğ edərək onları qarşılaşacaqları bu əzaba qarşı xəbərdar etmişdir. Bütün bunlardan sonra doğru olandan üz çevirən insanlar isə bu seçimlərini öz iradələri, mühakimələri və istəkləri ilə edərlər. Bu seçimlərinin nəticəsinə görə də yenə yalnız özləri məsul tutulacaqlar. Quranda bu həqiqət insanlara belə bildirilmişdir:
Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır. (Fatir surəsi, 18)
Həmçinin, Allah başqa bir ayəsində dünyada insanlara bu cür vədlər verərək onları günaha sövq edən insanların yalan danışdıqlarını bildirərək insanları xəbərdar etmişdir:
Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək” – deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyildir. Şübhəsiz ki, onlar yalançıdırlar. (Ənkəbut surəsi, 12)

