Quranı yaxşı bilən zəkalı və təcrübəli bir insan başqalarının dinlə bağlı səhv və nöqsanlarını ən kiçik incəliyinə qədər düzəldə, bu məsələdə onlara nəsihət verə, xəbərdarlıq edə bilər. Bu, müsbət bir haldır, lakin bu, insana həmin səhv və günahları özünün də etməsinə haqq qazandıra bilməz. Əksinə, insan başqalarına verdiyi nəsihətdən özü də ibrət almalı və həmin səhvləri etməməyə diqqət yetirməlidir. Yoxsa başqalarına verdiyi nəsihət savab deyil, axirətdə onun əleyhinə bir dəlil kimi çıxar.
Başqasının səhvini üzə çıxara bilən bir insanın eyni səhvi öz nəfsində üzə çıxara bilməməsi kimi bir hal mümkün deyil. Əlbəttə, o, öz səhvlərini və günahlarını da bilir. Bu isə onun qeyri-səmimi olduğunu göstərir. Məsələn, yalançı birinin insanları doğruluğa, riyakar birisinin insanları səmimiyyətə, namaz qılmayan birisinin isə insanları namaz qılmağa çağırması çox böyük qeyri-səmimilik və ikiüzlülükdür.
Özündə olan bir səhvi başqa mömin qardaşında da gördüyü zaman mömin insanın edəcəyi ən doğru və səmimi hərəkət ona ən əvvəl eyni səhvin özündə də olduğunu demək, bununla bağlı həmişə bir-birinə xəbərdarlıq edərək, ortaq səhvlərini düzəltməkdə bir-birini dəstəkləmək və təşviq etməkdir.

