Əsrlər boyu cəmiyyətdə bəzi insanlar çoxluğun etdiyini doğru qəbul etmişdir. Bəzi insanları din əxlaqının tələblərini yerinə yetirməkdən çəkindirən ən böyük maneələrdən biri də budur. İnsanları yaşadıqları cəmiyyətin onlar haqqında nə deyəcəyindən, nə düşünəcəyindən asılı edən bu yanlış düşüncə tərzi din əxlaqına uyğun yaşamayan əksər insanlar tərəfindən həyat tərzi kimi mənimsənilmişdir. Nəticədə, bu insanların cəmiyyətdə əksəriyyət təşkil etməsi digər insanları da səhv istiqamətləndirmiş və onları bu kütlənin yaşadığı yanlış həyat tərzinin və qayda-qanunlarının doğru olduğuna inandırmışdır. Halbuki düşünmədən əksəriyyətlə ayaqlaşmaq şeytanın bir oyunudur və insanı dünyada və axirətdə zərərə məruz qoyar. Quranda Allah müsəlmanlara belə əmr edir:
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir. (Maidə surəsi, 49)
Ayədən də məlum olduğu kimi, Allah insanlara haqsız çoxluğa və onların nəfslərinə uyğun qayda-qanunlarına tabe olmamağı əmr edir, Quran əxlaqına uyğun hərəkət etməyin həll yolu olduğunu bildirir. Ancaq insanların əksəriyyəti vicdanları qəbul etməsə də, özlərini çoxluğun həyat tərzi ilə ayaqlaşmağa məcbur hiss edir, bunu cəmiyyətin bir fərdi olmaq üçün labüd hesab edirlər. Halbuki əksəriyyətin nə etdiyi, nəyə inandığı, nəyi müdafiə etdiyi bir insan üçün əsla etibarlı mənbə və dəyər ölçüsü deyil.
İnsanların bir hissəsi, eynilə haqq dinin əmri kimi “madam ki, bu cəmiyyətdə yaşayırıq, cəmiyyətin həyat tərzinə və qoyduğu qaydalara tabe olmalıyıq” məntiqinə tabe olmağa özlərini məcbur hiss edirlər. Din əxlaqının həqiqi mənasını qavramamış bu insanlar dünyada Allahın əmrlərindən başqa insanların tabe olduğu bəzi qaydalar olduğuna, insanın da sosial varlıq olduğuna görə, bu qayda-qanunlara əməl etməli olduğuna inanırlar Bu əxlaqa malik insanlar cəmiyyətin fərdlərini razı salmağı ən zəruri vəzifə hesab edirlər. Buna görə, cəmiyyətin “başqaları nə deyər, insanlar necə qiymət verər, nə düşünər, mənim haqqımda yaxşı desinlər, ağıllı, zəkalı desinlər, varlı desinlər, əliaçıq desinlər, mənim haqqımda belə düşünməsinlər, bunu deməsinlər, belə danışmasınlar” kimi fikirlərin içindən çıxa bilmirlər. Nəticədə isə din əxlaqına uyğun yaşamadıqları üçün əsla həqiqi xoşbəxtliyi və rahatlığı tapa bilmir. Nə razı salmaq istədikləri insanları razı salır, nə də özləri razı qalırlar.
Əksəriyyətin mənimsədiyi həyat tərzi, saxta qayda-qanunlar və hərəkətlər insanları doğruya yönəltməz. Əksinə, Allah Quranda əksəriyyətə tabe olmağın insanı azdıran təhlükə olduğunu belə xəbər verir:
Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar. (Ənam surəsi, 116)
Buna görə, əksəriyyətin Quran əxlaqına zidd həyat tərzini seçməsi, insanları ələ salması, zülm etməsi, ailələrinə, hətta dövlətinə qarşı çıxması, Allahın haram etdiyi hərəkətləri düşünmədən etməsi cəmiyyətdə yaşayan başqa insanlara təsir etməməlidir. Bundan əlavə, bu cür insanların əksəriyyət təşkil etməsi də onların etdiyi səhvlərə haqq qazandırmır. Məsələn, bir xalqın atəşə, günəşə və ya ulduzlara sitayiş etməsi başqasının da eyni inancı mənimsəməsi üçün əsas deyil.
Bir xalqın içində rüşvətxorluq, fırıldaqçılıq, zalımlıq, oğruluq və bunun kimi əxlaqsız davranışlara səs çıxarılmasa da, bir şəxs “çoxu bunu edir” məntiqi ilə eyni hərəkətləri etməyə məcbur deyil.
Bir xalqın içində ancaq varlılara hörmət edilməsi, gözəl əxlaqlı kasıb insanların maddi gücü olmadığına görə əzilməsi digər insanların da bu düşüncə tərzini dəstəkləməsinə əsas vermir.
Əksinə, bəzi insanların vicdanı qəbul etmədiyi halda, məhz əksəriyyətin qınamasından qorxaraq bu zalım məntiqi doğru qarşılaması böyük vicdansızlıq olar. Çünki insan cəmiyyət tərəfindən qınanmaqdan, təcrid edilməkdən və ya alçaldılmaqdan qorxaraq vicdanı ilə doğru olduğunu bildiyi şeyi etməkdən çəkinməsi ağıllı hərəkət deyil. Allah Quranda müsəlmanların mühüm xüsusiyyətinin insanların qınamasından qorxmaması olduğunu belə xəbər verir:
Ey iman gətirənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir. (Maidə surəsi, 54)
Yuxarıdakı nümunələrdə qısa şəkildə bildirildiyi kimi, insanlar Allahın razı qaldığı həyat tərzindən fərqli həyatı mənimsəyiblərsə, əksəriyyətə tabe olmaq məntiqi onlara qazanc gətirməyəcək. Belə ki, əqli cəhətdən çökmüş və əxlaqi degenerasiyaya uğramış fərdlərdən ibarət cəmiyyət dünyada ciddi qarışıqlığın içinə sürüklənir. Mənfəətə əsaslanan çəkişmələr, düşmənçiliklər, qəzəb, nifrət, qısqanclıq kimi mənfi duyğu və düşüncələr insanlar arasında sürətlə yayılır. Dünya isə yaşamaq mümkün olmayan, anormallıq və xaosun hakim olduğu yerə çevrilir. Bu, Allahın Ona şərik qoşanlara dünyada verdiyi qarşılıqdır.
Müsəlman əksəriyyətin səhv davrandığı mühitdə Allahın əmr etdiyi kimi vicdanla və Quran əxlaqına uyğun davranmalıdır. Buna görə, əksəriyyətin Quran əxlaqına uyğun olmayan həyat tərzini seçməsi, gündəlik həyatda buna uyğun qərar verib bu cür düşünməsi cəmiyyətdə yaşayan digər şəxslərə təsir etməməlidir.
Müsəlmanlar harada olsalar da, nə etsələr də, qəlbində və söhbətlərində daima Allaha olan imanlarını və bağlılıqlarını əsas götürürlər. Həyatının məqsədi Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olduğu üçün hər an bu məqsədə uyğun hərəkət edirlər. Hər işdə Quranda bildirildiyi kimi, Allaha təslim olurlar. Bu əxlaqına görə, çoxluq içində Quran əxlaqına uyğun hərəkət edən yeganə insan olsalar da, bu onları əsla zəiflətməz. Əksinə, daha diqqətli davranar və Allahın razı olmadığı davranışlardan çəkinərlər. Allahın icazəsi ilə, heç bir şərait və mühit onları gözəl əxlaqdan, Allahı və axirəti düşünməkdən uzaqlaşdırmaz. Rəbbimiz Quranda möminlərin bu xüsusiyyətini belə bildirmişdir:
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar. (Nur surəsi, 37)
Quranda hz. İbrahimin və onunla birlikdə olan möminlərin onları qınayan insanlardan çəkinməyən qətiyyətli davranışları nümunə göstərilir. ”Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)” ayəsi ilə təriflənən hz. İbrahim və yanındakı möminlər insanların əksəriyyətinin bütlərə sitayiş etdiyi cəmiyyətdə yaşayırdılar. İnsanların onları qınamasına, hədə-qorxu gəlməsinə baxmayaraq, ancaq Allahdan qorxduqlarına görə, bu cəmiyyətin batil hərəkətlərinə kəskin reaksiya vermişdilər. Hz. İbrahimin bu qətiyyətinə görə, müşrik qövmü onu cəzalandırmağa qərar vermişdi. Lakin buna baxmayaraq, hz. İbrahim Allaha bağlılıqda qətiyyət göstərmişdir. Allah bu gözəl davranışına görə, onu qövmünün əziyyətindən xilas etmişdir.
Ancaq insanların bəziləri hz. İbrahim kimi qətiyyətli ola bilmir. Qəlbi Allahdan uzaq olduğu üçün vicdanını da dinləmirlər. Vicdanın qarşısına “insanların əksəriyyəti edir, onlar edirsə, doğrusu budur” kimi səhv məntiqlə sədd çəkir və Allahdan qafil, insanların razılığını üstün tutan, onların qınamasından çəkinən həyat yaşayırlar.

