Ayə izahı: Zumər surəsi, 18

Ayədə möminlərin sözün ən gözəlinə uyduqları, hər öyüdü dinləyib tətbiq etdikləri

Ayədə möminlərin sözün ən gözəlinə uyduqları, hər öyüdü dinləyib tətbiq etdikləri bildirilmişdir. Allah gözəl sözə uyan qullarını hidayət verəcəyi ilə müjdələmişdir. Ayənin sonunda isə bu kəslərin təmiz ağıl sahibləri olduğu xəbər verilmişdir. Təmiz ağıl sahibi olmaq; dərin düşünmək, incəlikləri qavraya bilmək, hikmətli danışa bilmək, doğrunu və səhvi bir-birindən ayırd edə və xeyirləri görə bilməyi ifadə edər. Vicdanının səsini dinləyərək Allaha yönələn hər insan qısa müddətdə təmiz ağla sahib ola bilər. Bunun üçün lazım olan Allaha səmimi iman etmək, Ondan lazımi qaydada qorxmaq və Rəbbimizin istədiyi kimi həyat sürməkdir. Bu səmimi iman insana ağıl verir.

Səmimi və vicdanlı insanlar hər cür pislikdən və nöqsandan təmizlənməyi qəlbən arzu etdikləri üçün Allaha yaxınlaşdıracaq hər öyüdü cani-könüldən dinləyər, Allahın ayələrdə buyurduqlarını eşitdikləri an dərhal itaət edərlər. İman edən bir insan ona xatırladılan hər şeyin sonsuz cəhənnəm əzabından qorumaq üçün edildiyini düşünərək tam bir təslimiyyətlə cavab verir.

Möminlər üçün gözəl sözə uyub-uymamaq bir seçim deyil. Çünki, bu seçimdə bir yanda cənnətlə, digər tərəfdə cəhənnəmlə sonlana biləcək əbədi bir həyat var. Bundan xəbərdar olan və Allahdan qorxan, axirətə tam yəqinliklə iman edən möminlər sonsuz axirət həyatını təhlükəyə atacaq hər cür əməl və sözdən şiddətlə çəkinər, axirət günündə fayda verə biləcəyini ümid etdikləri bütün öyüd-nəsihət və xatırlatmalara dərhal uyarlar.