Şirk sözü hərfi mənada “şərik olmaq” deməkdir. Şirk termini Quran tərcümələrində bəzən Allaha “şərik qoşmaq”, “ortaq qoşmaq” olaraq da tərcümə edilmişdir.
Quranda bildirilən həqiqət isə Allahdan başqa heç bir ilah olmadığıdır. Bu həqiqət Quranda “La ilahə illəllah” hökmü ilə xəbər verilir. Bu ifadə Quranda dəfələrlə təkrarlanır və imanın əhəmiyyətli şərti olaraq vurğulanır. Yalnız bu cəhətin müsəlmanlar tərəfindən daha yaxşı qavranılması və dərin düşünülməsi lazımdır. Çünki Allahın tək güc və qüdrət sahibi olduğu, tək İlah olduğu çox qəti bir həqiqətdir, lakin bu həqiqəti yalnız zahir mənasıyla qiymətləndirmək böyük səhv olar. Qurana baxdığımızda bu təməl həqiqətin əksinə bir inanc, tutum və davranışın şirk olduğunu görərik. Buna görə şirki ümumi mənada, “La ilahə illəllah” həqiqətinin xaricində, Allahdan başqa “güc və qüdrət sahibləri”, “ilahlar” olduğu kimi (Allahı tənzih edirik) səhv anlayışa düşmək şəklində təsvir edə bilərik.
Şirk anlayışının təməlində Allahın yaratdıqlarına “mənlik vermə”, yəni ətrafındakı şəxslərə və əşyalara Allahdan müstəqil varlıqlarmış gözü ilə baxmaq kimi səhv yanaşma var. Bu səhv dünyagörüşünə görə həm Allahın sahib olduğu zənginlik, gözəllik, güc və ehtişam vardır, həm də insanların. Yəni insanların da müstəqil olaraq bu şəkildə zənginliyə, gücə, ehtişama sahib olduğu yanlış düşüncədir. Ancaq bir kimsəyə və ya bir əşyaya belə səhv bir anlayışla baxmaq, onun sahib olduğu xüsusiyyətləri özündən bilmək, bu xüsusiyyətlərin onda müstəqil və mütləq olaraq var olduğunu sanmaq, buna görə o adama dəyər vermək, ya da ondan qorxmaq onu ilahiləşdirmək deməkdir.

