Kiməsə Allahın Qatından hidayət olaraq endirdiyi İslam dinindən bəhs olunarsa, o, öz istəyi ilə iman gətirər, heç bir təzyiq və məcburiyyət altında qalmadan qərar verər. İnsan doğrunu və ya yanlışı seçməkdə müstəqildir. Əgər yanlışı seçərsə, axirətdə bunun qarşılığını alacaq. Yəni qarşılığı verəcək olan insanlar deyildir, Allahdır.
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.” (Bəqərə surəsi, 256)
Bir insan müsəlman olması üçün dini və Allahı ağlı ilə qavramalı və qəlbən təsdiq etməlidir. Xidmət etdiyi zaman da nə üçün etdiyini dərk etməlidir. İslam dini qəlbən qəbul edilməli, qəlbən istənməlidir. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayəsində açıqlamışdır. Məsələn, 3 vaxt namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmaldır və ya malından infaq edən (Allah yolunda xərcləmək) bir insanın bu ibadətinin Allah Qatında keçərli olması bu sədəqəni istəyərək və sevərək verməsindən asılıdır.
Bu səbəbdən dinin hökmlərinə riayət etmədiyi üçün bir insan cəzalandırılmamalı, ona bu hökmlərə uyması üçün gözəl sözlə təbliğ edilməlidir. İnsanlara dini yaşamaları üçün cəza və təzyiq edilsə, İslam deyil, münafiqlik yaranar. Təzyiq altında möminlər deyil, münafiqlər yetişər.
Peyğəmbərimiz (s) dini təbliğ edərkən insanlar üzərində təzyiq yaratmırdı.
“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf surəsi, 45)
Bir başqa ayədə isə Peyğəmbərimizə (s) insanları iman gətirmələri üçün məcbur etməməsi bu şəkildə bildirilmişdir:
“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?” (Yunus surəsi, 99)

