Ayə izahı: Taha surəsi, 9-10

Hz. Musa Tur dağındakı alovun yanına getdikdə çox böyük bir həqiqətlə üz-üzə gəldi

Hz. Musa Tur dağındakı alovun yanına getdikdə çox böyük bir həqiqətlə üz-üzə gəldi. Allah Hz. Musaya bir kolluqdan səsləndi və ona vəhy etdi. Allah bu ilk vəhyi Quranda belə xəbər verir:

Bir zaman o, bir alov görmüş və ailəsinə belə demişdi: “Siz (burada) qalın! Mən bir alov gördüm. Bəlkə, mən ondan sizə bir məşəl gətirər, yaxud alovun yanında bir bələdçi taparam”. Musa ora gəlib çatan zaman ona belə bir nida gəldi: “Ey Musa! Həqiqətən, Mən sənin Rəbbinəm. Dərhal çarıqlarını çıxart. Çünki sən müqəddəs vadi olan Tuvadasan! Mən səni seçdim. Ona görə də vəhyə qulaq as! Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! (Taha surəsi, 10-14)

Bu, Hz. Musanın aldığı ilk vəhydir və artıq o, Allahın elçisidir. Allah onu elçi seçdiyini bildirmişdi. Allah ona bir ağacdan səslənərək insanın dünyada nail ola biləcəyi ən şərəfli məqamla şərəfləndirmişdi.

Tur dağında həyata keçən bu hadisədə diqqət ediləcək vacib bir məqam var: Allahın Hz. Musa ilə danışması… Allah bir ağacdan Hz. Musaya səslənmişdi. Allah Hz. Musaya onunla danışa biləcək qədər yaxındır. Əslində Allah hər kəsə onunla danışacaq qədər yaxındır. Məsələn, siz bu yazılanları oxuyarkən də Allah sizə ən yaxındır. Sizinlə danışacaq, sizin səsinizi eşidəcək və sizə də Öz səsini eşitdirəcək qədər yaxındır. Allah bizim hər danışığımızı eşidəcək qədər bizə yaxındır. Hətta biz pıçıldasaq belə O, bizi eşidir. Bu həqiqəti Allah Quranda “…Biz ona şah damarından da yaxınıq” (Qaf surəsi, 16) ayəsi ilə xəbər verir. Allah Hz. Musaya Özünü tanıdıb onun Rəbbi olduğunu söylədikdən sonra ondan əsasını xəbər aldı:

Sağ əlindəki nədir, ey Musa?” Musa dedi: “O mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarım üçün yarpaq silkələyirəm. Həmçinin başqa məqsədlərlə də ondan istifadə edirəm”. (Taha surəsi, 17-18)

Şübhəsiz ki, Hz. Musanın əlindəkinin əsa olduğunu Allah bilir. Lakin Hz. Musanı maarifləndirmək və ona Öz gücünü göstərmək üçün əsasını atmasını istəmişdi.

I … “Əsanı at!” Musa əsanın ilan kimi hərəkət etdiyini görən kimi arxasına baxmadan dönüb qaçdı. (Allah buyurdu:) “Ey Musa! Geri gəl, qorxma! Şübhəsiz ki, sən əminlikdəsən.” (Qəsas surəsi, 31)

Hz. Musa həmişə işlətdiyi əsasının bir ilana döndüyünü görəndə ayələrdə də bildirildiyi kimi, qorxmuşdu. Ancaq Allah bu hadisə ilə birlikdə Hz. Musanı maarifləndirmiş, ona təslimiyyət və Özündən başqa bir şeydən qorxmamağı öyrətmişdi:

…(Ona dedik:) “Ey Musa, qorxma! Çünki, peyğəmbərlər Mənim hüzurumda qorxmazlar. (Nəml surəsi, 10)

Allah buyurdu: “Qorxma, götür onu! Biz onu əvvəlki şəklinə salacağıq. (Taha surəsi, 21)

Hz. Musa ayədə bildirilən əmrə uyğun olaraq əsasını geri almışdı. Həmçinin bu əsa az sonra Firona qarşı işlədəcəyi bir möcüzə olacaqdı. Allah bunun ardınca Hz. Musaya ikinci bir möcüzəni də vermişdi:

Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın… (Qəsas surəsi, 32)

Hz. Musanın ikinci möcüzəsi isə ayədə xəbər verildiyi kimi, əlinin ağappaq olmasıdır. Musa peyğəmbər bir-birinin ardınca gələn bu hadisələrə görə həyəcana və ayənin ifadəsi ilə desək, dəhşətə qapılmışdı. Ancaq Allah ona özünü ələ almağı və bu möcüzələrlə Fironun yanına getməsini əmr etmişdi:

…Əlini özünə çək ki, qorxun keçsin! Bunlar Firona və onun əyanlarına qarşı Rəbbin tərəfindən iki dəlildir. Həqiqətən, onlar fasiqlərdir”. (Qəsas surəsi, 32)