Bu ayədə Allah “İman gətirdim”, deyən qullarını dünya həyatında sınayacağını bildirir. Allah insanlardan səmimi iman istəyir. Bu isə “Mən inandım”, deməklə əldə edilə bilməz. İnsanın dünyadakı vəzifəsi uca Allaha və axirətə iman gətirmək, Quranda bildirilən gözəl əxlaqlı insan olmaq, Allahın hədlərini qorumaq və Onun rizasını qazanmağa çalışmaqdır. Bu səbəbdən, hər insan Allaha və Onun dininə həqiqətən inandığını, şeytanın onu sapdırmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, doğru yoldan dönməyəcəyini göstərməlidir. Eyni şəkildə, inkarçılara uymadığını, öz nəfsinin istəklərini Allahın rizasından üstün görmədiyini də isbat etməlidir. Bunu isə qarşılaşdığı hadisələrə verdiyi reaksiyalarla ortaya qoyar. Allah din əxlaqını yaşamağı qəbul edən insanın qarşısına səbir tələb olunan bəzi çətinliklər çıxarar, bunlara qarşı göstərdiyi rəftarlarla onu sınayar.
Mömin qarşısına çıxan hər hadisəyə imtahan gözü ilə baxmalı, Allaha təvəkkül etməli və Onun razılığına uyğun olan rəftarı göstərməlidir. Allah Quranda möminləri qorxu, aclıq, mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağını bildirir. (Bəqərə surəsi, 155)
Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın bir imtahanıdır. Allah verdiyi hər nemətlə insanın şükür edib-etməyəcəyini də sınayır. Nemətlərlə yanaşı, Allah insanın qarşısına həyatı boyu qərar verməli olduğu bir çox hadisə çıxarır. Əlbəttə, yaşadıqlarının bir imtahan olduğunu dərk edən və Allahın razılığına uyğun olduğunu düşündüyü şəkildə qərar verən möminlər bu imtahanı qazanmağı və Allahın Quranda bildirdiyi kimi, cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilərlər.
Dünyadakı imtahan mühitində möminlər vicdanın səsini dinləyib, Allahın onları sınadığını unutmamalıdırlar. Səmimi qəlblə Allaha yönələn bir insan qarşısına necə çətinlik çıxırsa çıxsın, mütləq bir asanlıqla qarşılaşar və Allahın icazəsi ilə doğrunu tapar. Bu imtahan dünyasının ən böyük sirlərindən biri odur ki, iman gətirənlər mütləq qazanarlar. Ən böyük qazanclardan biri isə iman gətirənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanətə görə onların axirətdəki qarşılıqlarının və dərəcələrinin artırılmasıdır.
