Ayə izahı: Nisa surəsi, 159

Nisa surəsinin 159-cu ayəsində hz

Nisa surəsinin 159-cu ayəsində hz. İsanın vəfatından əvvəl bütün Kitab əhlinin ona iman gətirəcəyi bildirilir

Kitab əhlindən olan hər bir kəs ölümündən əvvəl mütləq ona (İsaya) iman gətirəcəkdir. Qiyamət günü isə o (İsa) onlara şahidlik edəcəkdir. (Nisa surəsi, 159)

Təfsir alimlərinin böyük əksəriyyəti “qablə məthivi”, yəni “ölümündən əvvəl” ifadəsindəki “o” əvəzliyinin hz. İsaya şamil olunduğunu təsdiqləyirlər. Eyni zamanda ərəb qrammatikasına görə ayədəki “o” əvəzliyi hz. İsaya işarədir.

Quranın kitab əhlindən bəhs edən bütün ayələrində çoxluq bildirən “hum” şəkilçisi istifadə olunmuşdur (Beyyinə surəsi, 1-6, Hədid surəsi, 29, Həşr surəsi, 2). Bu ayədə isə təklik bildirən “hu” şəkilçisindən istifadə olunmuşdur. Yəni ayədə hz. İsanın dünyaya ikinci dəfə gəldikdən sonra bioloji ölümündən əvvəl kitab əhlinin hamısının ona iman gətirəcəyi xəbər verilmişdir.

Ayədəki “Qiyamət günü isə o (İsa) onlara şahidlik edəcəkdir” ifadəsi də hz. İsaya işarə edir. Beləliklə, ayə “Hz. İsa nüzul etdiyi zaman kitab əhlindən ona iman gətirməyən qalmayacaq” kimi təfsir olunur. Bu da hz. İsanın yenidən dünyaya qayıdacağını və onun rəhbərliyi altında din əxlaqının dünyaya hakim olacağını göstərir.

Allah Quranda bütün peyğəmbər və elçilərin haqq-hesab günü göndərildikləri qövmə şahidlik edəcəklərini bildirir. Ancaq İsa peyğəmbərdən başqa heç bir peyğəmbər üçün “ölməzdən əvvəl ona iman gətirməyən qalmayacaq” demir. Bundan başqa, Quranda hz. İsadan əvvəl yaşamış və kitab əhlinin də iman gətirdiyi heç bir peyğəmbər üçün belə ifadə istifadə edilməmişdir. Məsələn, hz. İbrahim, hz. Süleyman, hz. Davud, hz. Musa, hz. Yusif, hz. Yaqub üçün buna bənzər ifadələr yoxdur.

Əgər ayədə hər bir kitab əhlinin öz ölümündən əvvəl hz. İsaya iman gətirəcəyi (qeyd edək ki, belə ifadə yoxdur) bildirilsəydi, kitab əhlinə göndərilmiş digər bütün peyğəmbərlər üçün də bu cür ifadələrə Quranda yer verilərdi. Lakin bu ifadə yalnız İsa peyğəmbərə şamil edilir. Bu da hz. İsanın fərqli mövqeyə sahib olduğunun əhəmiyyətli dəlillərindəndir.

Bəzi insanların ayəni “Kitab əhlindən olan hər insanın öz ölümündən əvvəl hz. İsaya iman gətirəcək” kimi təfsir etməsi düzgün deyil. Hz. İsanın dövründə kitab əhlindən olan yəhudilər iman gətirməmişdilər. Hətta onlardan bir dəstə hz. İsanı öldürməyə cəhd etmişdi. Daha sonra onu öldürdüklərini düşünüb küfrlərinə davam etmişdilər.

İslam alimləri də bu düşüncədədirlər. Səhabələrdən Əbu Hüreyrə və İbn Abbas ayənin hz. İsanın yenidən yer üzünə qayıdacağına işarə etdiyini bildirmişlər. Kurtubi ayəni bu cür izah edir:

“Qiyamət əlamətləri ortaya çıxmağa başladıqda hz. İsa göydən yerə diri olaraq enəcək və kitab əhlindən sağ olan hər kəs ona iman gətirəcək. Ortada sadəcə İslam milləti olacaqdır.”

Təbəri isə ayəni belə təfsir edir:

“Hz. İsa dəccalı məhv etmək nüzul etdikdə (yer üzünə endiyində) kitab əhlindən hər kəs onun ölümündən əvvəl ona iman gətirəcək. Bütün xalqlar İslam yolunda tək millət kimi birləşəcəklər.”

Xəlil Hərras Təbərinin təfsirini səhih (düzgün) hesab etmiş, Nisa surəsinin 159-cu ayəsinin hz. İsanın yenidən dünyaya gələcəyinə dəlil olduğunu belə açıqlamışdır:

“Ayədə ifadə edilən “o” əvəzliyi hz. İsaya işarədir. Nüzulundan sonra yer üzündəki kitab əhlinin hamısı hz. İsaya iman gətirəcək, onu qəbul edəcək və İslam dini tək və hakim din olacaqdır… Hz. İsa yer üzünə endiyi vaxt kitab əhli ona iman gətirəcəkdir…”