Ayə izahı: Nisa surəsi, 119-120

Yalan, şeytanın insanlar üzərindəki pis təsirlərindən biridir

Yalan, şeytanın insanlar üzərindəki pis təsirlərindən biridir. Şeytan, yalanı insanlara asan yol kimi göstərər və bu yöndə təlqin verər. İmanı zəif olan insanlar isə şeytanın bu pıçıltılarına uyarlar. Əbdülqadir Gilani; “şeytan sənə nələr etmədi ki… Yalanı sənə sevdirdi. Səhv işləri sənin üçün bəzədi” sözləri ilə şeytanın yalanı sevdirmə xüsusiyyətinə diqqət çəkmişdir.

Şeytanın digər xüsusiyyəti isə ilk yalançı olmasıdır. Şeytan insanları Allahın yolundan azdırmaq üçün and içmişdir. İlk növbədə isə, hz. Adəm (ə.s) və həyat yoldaşını aldatmağa çalışmış və onlara yalan söyləmişdir. Şeytanın hz. Adəm (ə.s)-a söylədiyi yalanı Allah Quranda (Əraf surəsi, 20-21) bildirir.

Şeytan, yalan danışaraq hz. Adəm (ə.s)-ı aldatmışdır. Həmçinin, özünü də olduqca xoşniyyətli göstərmiş və onlara öyüd verərək yaxşılıq etdiyini söyləmişdir. Bunun üçünsə and içmişdir. Tez-tez and içmək və xoşniyyətli olduğunu iddia etmək də yalançıların ən nəzərə çarpan xüsusiyyətlərindən biridir. Şeytanın insanlara yalan vədlər verdiyini Allah İbrahim surəsi, 22-ci ayəsində bizə bildirir.

İnsan bir qərar verərkən, bir şeyi düşünərkən, həm vicdanının səsi, həm də şeytanın pıçıltıları olar. Ağıl və vicdan sahibi, Allaha və axirətə inanan bir mömin həmişə vicdanının səsini dinləyər. Digərləri isə çox vaxt şeytanın səsini dinləyər. Lakin şeytanın söylədiyi hər söz yalandır. Məsələn, kasıblara kömək etmək istəyən bir insanın, şeytanı ona; “əgər bu pulu kasıblara versən sənin pulun azalar, gələcəkdə bir şey baş versə zəmanətin qalmaz” kimi sözlər söyləyərək onu yaxşılıq etməkdən, xeyir əməl işləməkdən uzaq tutmağa çalışar. Halbuki, şeytan həmişəki kimi yalan deyir. Çünki insan bir xeyir iş gördükdə, Allah onun köməkçisi və dostudur. Həmçinin ruzini verən Allahdır. Həmin insan istədiyi qədər xəsislik edərək pulunu qorumağa çalışsa da, Allah istəmədikcə heç bir qazanc təmin edə bilməz.

Yaxud vicdanına tabe olaraq namaz qılmaq istəyən insana şeytan, “gələcəkdə, qocalanda qılarsan. İndi qılmasan da olar” kimi vəsvəsələr verər.