Ayə izahı: Nəml surəsi, 24

Təxribatçı xüsusiyyətin əsasında kin və intiqam duyğuları durur

Təxribatçı xüsusiyyətin əsasında kin və intiqam duyğuları durur. Müharibə, münaqişə və terror əməlləri ilə təxribat törədən şəxslər səbir etməyi, ədalətlə hökm etməyi bilməzlər. Onlar problemləri uzlaşma yolu ilə deyil, şiddətə əl ataraq həll etməyi tərcih edən insanlardır. Eyni şəkildə, dəccalın dinində də insanlar uzlaşdırıcı üslubdan istifadə etməzlər. Əksinə olaraq, mübahisə və çəkişməyə üstünlük verərlər. Bu, kin və düşmənlik hisslərini körükləməklə insanları bir-birinə qarşı qoyur. Axırzaman hədislərində dəccalın kin, qəzəb və şiddətin geniş yayıldığı dövrdə ortaya çıxacağı və onun bu mühitdən istifadə edəcəyi xəbər verilmişdir. Bu hədislərin bəziləri belədir:

“Dəccal dinin zəiflədiyi, elmin yetərsiz hala gəldiyi zaman ortaya çıxar.”

“O günlər ağılların yox olduğu günlərdir. İnsanlar bir-birlərini öldürərlər. Ta ki, adam qonşusunu, əmioğlusunu, yaxınını öldürər. Öldürən niyə öldürdüyünü, öldürülən də niyə öldürüldüyünü bilməz.”

Əslində, bunlar şeytanın əsas xüsusiyyətlərindən biridir. Şeytan üsyankar, kindar və qəzəbli xüsusiyyətə sahibdir; dünyadakı məqsədi insanları bu yöndə təşviq etməkdir. Buna görə də şeytan insanların arasını vurmağa çalışır. Allah bu təhlükəni Quranda belə xəbər verir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Şeytanın təsirinə düşənlər rahat və mülayim şəkildə həll edilə bilən hadisələri çox böyüdürlər. Xoşlarına gəlməyən və düşüncələrinə uyğun olmayan hər şeyə qəzəblə yanaşırlar. Qəzəbləndiklərinə görə doğru düşünə bilməz, hadisələri ədalətli və obyektiv şəkildə dəyərləndirməzlər. Şeytan onların bu halından istifadə edib onları şüursuz davranmağa, cinayətə meyilli olmağa vadar edər. Onlara qəzəblənmədikləri müddət boyu hüzursuz olacaqları təlqinini verir.

I … Quranda hz. Adəmin oğullarının arasında baş verən hadisəni təsvir edən hekayə şeytanın təlqini ilə davranan insanın aqressiv xüsusiyyətə malik olduğunun əhəmiyyətli nümunəsidir:

“Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər. Məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. İstəyirəm ki, həm mənim günahımı, həm də öz günahını yüklənib cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur!” Nəfsi onu, qardaşını öldürməyə sövq etdi və onu öldürdü. Buna görə də o, zərər çəkənlərdən oldu.” (Maidə surəsi, 27-30)

Ayələrdə göründüyü kimi, şeytanın təlqini ilə nəfsinə tabe olan qardaş qəzəb və qısqanclıqla hərəkət etmiş və bu hissləri onu cinayətə sövq etmişdir. Mömin əxlaqı sərgiləyən digər qardaş isə qarşı tərəfin aqressiv və haqsız rəftarı qarşısında təvazökarlığını itirməyib gözəl əxlaq göstərmişdir. Eyni şəkildə, Allahın ona verdiyi nemətlərə görə hz. Yusifə qarşı qısqanclıq və qəzəb duyan qardaşları da onu öldürməyə cəhd göstərmişdilər. Hz. Yusif isə başına gələn olaylara baxmayaraq, qardaşları ilə təkrar qarşılaşanda mehriban davranıb onları bağışlamışdır. Bu, Allahın iman edənlərə əmr etdiyi üstün əxlaqın tələbidir. Ayədə müsəlmanların gözəl əxlaqı belə təsvir edilir:

O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər. (Ali İmran surəsi, 134)