Cahil cəmiyyətin əsas həyat fəlsəfəsi insanın yalnız özü qarşısında məsuliyyət daşıması düşüncəsinə əsaslanır. Həmin düşüncəyə görə, insanların əsas vəzifəsi ən yaxşı şəraitdə yaşamaqdan ibarətdir, lakin onlar digər insanların maddi və mənəvi həyatı ilə bağlı heç bir məsuliyyət daşımırlar. Bu səbəblə bir çox insan öz dinini yalnız təkbaşına yaşamaqdan məsul olduğunu və din əxlaqını başqalarına izah etməkdən məsul olmadığını düşünür. Ancaq Qurana nəzər saldıqda bunun əksi ilə qarşılaşırıq.
Müsəlmanın ən böyük vəzifələrindən biri İslam əxlaqını ətrafında olan insanlara izah etmək və təbliğ etmək, onları da Allaha iman gətirməyə təşviq etməkdir. Quranda müsəlmanların insanlara xəbərdarlıq etməsi ilə bağlı bir çox qəti və açıq hökmlər vardır.
Ey örtüsünə bürünən (Peyğəmbər)! Qalx və (insanları) xəbərdar et! (Müddəssir surəsi, 1-2)
Müsəlmanlar öz dinlərini tətbiq etməklə yanaşı, ətrafdakı insanlara da təbliğ etməyə məsuldurlar. Hətta Quranda müsəlmanların bütün həyatını təbliğlə, yəni dinlərini yaymaqla keçirmələri bildirilir. Müsəlmanlar işlərini, məskunlaşdıqları əraziləri, əyləncələrini, həyat tərzlərini bu məsuliyyətlərinə görə tənzimləyirlər. Müsəlman üçün Allahın varlığının bütün insanlar tərəfindən bilinməsi, dərk edilməsi, bütün insanların cəhənnəmin necə yer olmasından və hesaba çəkilmələrindən xəbərdar olması onların ticarətindən, əyləncəsindən və ya rahatlığından daha əhəmiyyətlidir. Allahın qüdrətini yaxşı bilən müsəlmanlar insanların dini əxlaqa əməl etmədikləri təqdirdə, onları gözləyən aqibətin necə olacağını öyrənmələri üçün əllərindən gələni edirlər. Lazım olarsa, dünyəvi işlərindən imtina edərək insanları xəbərdar edər və Allahın bu əmrlərini yerinə yetirməyə davam edərlər. Allahın möminlərə olan bu əmri başqa bir ayədə belə bildirilir:
…(Axirətdə): “Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, – deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə, (həqiqətləri) sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 19)

