Ayə izahı: Muminun surəsi, 96-cı ayə

Lovğalanan birinə təvazökarlıq etmək, ona hörmət etmək, haqsız yerə qəzəblənən birini

Lovğalanan birinə təvazökarlıq etmək, ona hörmət etmək, haqsız yerə qəzəblənən birini sakitləşdirmək və güzəştə getmək, mübahisə etmək istəyən birinə gözəl söz söyləmək…

Pisliyə yaxşılıqla cavab vermək iman etməyən insanların anlayışına zidd davranışdır. İslam əxlaqında isə sülh, tolerantlıq və təvazökarlığın əhəmiyyətini və möminlərin yüksək əxlaqını nümayiş etdirən mühüm əxlaqi xüsusiyyətlərdən biridir.

Cəmiyyətdə geniş yayılmış yaxşılıq anlayışı var, lakin bu anlayışın da içində bəzi çatışmazlıqlar və səhvlər var. Quran əxlaqına uyğun yaşamayan insanlar yaxşılığı bəzən kiçik yardım kimi qəbul edir və əsasən qarşı tərəfə bunu xeyirxahlıq kimi edirlər. Əsl yaxşılığın nə olduğunu isə Quran ayələrindən öyrənmək olar. Quranda bildirilən yaxşılıq möminin bütün həyatını əhatə edir və ömür boyu yerinə yetirdiyi ibadətdir. Möminlərin yaxşılıq anlayışını cəmiyyətdəki yaxşılıq anlayışından fərqləndirən ən əsas xüsusiyyət isə onların pis əxlaq və ya pis sözlə qarşılaşdıqda da yaxşılıqla cavab vermələridir. Allah əvəz gözləmədən gözəl davrananların mükafatını, şübhəsiz ki, verəcək.

Pisliyə yaxşılıqla cavab verməyin hikməti var. Pisliyə yaxşılıqla cavab verəndə, düşmən də olsa, yumşalaraq dosta çevrilir. Uca Allah bu vəziyyəti Quranda belə bildirir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)

Ayədə bildirildiyi kimi, Quran əxlaqında daima ən gözəl davranış hədəflənir. Məsələn, danışarkən Allahın “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar…” (İsra surəsi, 53) ayəsinə uyğun olaraq ən gözəl sözdən istifadə edilir. Uca Allah pisliyə yaxşlıqla cavab verməyi, gözəl şeyə isə daha gözəl tərzdə qarşılıq verməyi yaxşı əxlaqi xüsusiyyət kimi bildirmişdir. Quranda Allah salamı daha gözəl tərzdə və ya eynilə almağı belə buyurur:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Nisa surəsi, 86)

Quran ayələrində bildirildiyi kimi, möminlər qarşılarındakı insanı həmişə gözəl əxlaqla və gözəl sözlə doğru yola dəvət edərlər. Tolerant və ədalətli davranar, kobud üslub göstərməzlər. Çünki ancaq Allah rizası üçün yaşayan möminlər gözəl əxlaqın, qarşılarındakı insanın vicdanına təsir edəcəyini bilirlər.

Kobud üslub Allahın möminlərə əmr etdiyi üsluba heç uyğun deyil. Rəbbimiz Quranda mömin əxlaqını mülayim, dava-dalaşdan çəkinən, əleyhinə olan insanlara belə mülayim və dostcasına yanaşan, təvazökar, səbirli, mərhəmətli xarakter kimi tanıdır. Quran ayələrini təhlil edəndə mülayim, tolerant üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğunu görürük. Uca Allah hz. İbrahimin üstün əxlaqını “… Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi.” (Tövbə surəsi, 114) ayəsi ilə bildirir. Peyğəmbərimiz hz. Məhəmmədin əxlaqı isə bir ayədə belə bildirilir:

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar… (Ali İmran surəsi, 159)

Müsəlmanlar din əxlaqına uyğun yaşamaqla və dini təbliğ etməklə məsul olan, insanlara zorakılığı tətbiq etməyən, ən zalım insanlara belə pis davranışlarından çəkindirib ədaləti təmin etmək üçün mülayim söz söyləməyi vəzifə bilən insanlardır. Bu üstün əxlaqa malik möminlərin davakar, kobud və hadisələri qızışdırması əsla mümkün deyil.

Dövrümüzdə hər hansı qrupa və ya inanca mənsub radikal cərəyanlar dünyəvi sülhü və təhlükəsizliyi təhdid edən başlıca ünsürlərdən biridir. Radikallar sərt, aqressiv, hətta bəzən təcavüzkar üslubdan istifadə edən şəxslərdir. Cəmiyyət üçün böyük təhlükə olan radikalizmin əsas xüsusiyyəti qəzəbli üslubdur. Radikal insanların söhbətlərində, yazılarında və davranışlarında açıq-aşkar bəlli olan bu üslub İslam əxlaqında yeri olmayan cahiliyyə təkəbbürü təəssübünün (Fəth surəsi, 26) ifadəsidir. Quranda müsəlmanlar qəzəblənəndə, qəzəblərini cilovlayan, ağıllı, mülayim insanlar kimi tanıdılır. Onlar həmişə sülhün tərəfində durar, münaqişələri tolerantlıq çərçivəsində həll edər və hadisələrin müsbət tərəflərini görərlər. Hər hadisədə sülhpərvər və sakitləşdirici davranarlar.

Bir ayədə müsəlmanların bu xüsusiyyətləri belə bildirilir:

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da infaq edər, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)

Qəzəbli üslubla düşüncələrini qəbul etdirməyə çalışan insanlardan fərqli olaraq, müsəlmanlar onlarla eyni fikir və inanca sahib olmayan insanlarla danışarkən və onlara İslam əxlaqını təbliğ edərkən çox nəzakətli və hörmətli üslubdan istifadə edərlər. Məqsədləri qarşılarındakı insana təzyiq göstərmək deyil. Quran ayəsində bildirildiyi kimi, “Dində məcburiyyət yoxdur” (Bəqərə surəsi, 256). Müsəlmanlar Allahın Quranda bildirdiyi əxlaqı ən gözəl şəkildə insanlara təbliğ etmək və seçimi qarşılarındakı insanın vicdanına həvalə etməklə məsuldurlar. Uca Allah müsəlmanın digər insanlarla üslubunun necə olacağını ayədə açıq şəkildə bildirir:

Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin yolundan azanları da, doğru yolda olanları da ən yaxşı tanıyandır. (Nəhl surəsi, 125)

Pisliyə yaxşılıqla cavab verməklə bağlı möminlərə yol göstərən nümunələrdən biri Qurandakı hz. Musa hekayəsidir. Hökm və hikmət sahibi olan Allah hz. Musaya və hz. Haruna fironun yanına getməyi və onunla yumşaq danışmağı ayələrdə belə bildirmişdir:

Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! (Taha surəsi, 43-44)

Axirəti düşünməyən insanlar vaxtını boş söhbətlərlə, nə özlərinə, nə də başqalarına faydası olmayan sözlərlə keçirdikləri halda, möminlər hər dəqiqəsini xeyirli və hikmətli söhbətlərlə keçirirlər.

Axirət haqqında qəflətə düşüb, boş sözlərlə vaxtını keçirən insanlar barədə Quranın “Ənam” surəsinin 91-ci ayəsində belə deyilir: “…onları burax ki, öz boşboğazlıqları ilə əylənsinlər”. Möminlərin boş və yararsız sözlərdən qaçdıqları isə başqa bir ayədə belə bildirilir: “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər”. (Qəsas surəsi, 55)

Möminlər boş və yararsız sözü Qurana əsasən müəyyən edirlər. Dünyada keçirdikləri hər anın axirət həyatı üçün çox dəyərli olduğunu bildiklərinə görə, yaşadıqları hər anı vicdanı ilə dəyərləndirərək boş-boş danışmamaq üçün diqqətli davranırlar. Bir ayədə: “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər. (Furqan surəsi, 72)” – deyilərək möminlərin boş sözlə qarşılaşdıqları zaman ləyaqətlə ötüb keçdikləri bildirilir.