Ayə izahı: Muminun surəsi, 40

İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır

İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o, bəlkə də heç bir fiziki əziyyətlə müqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda böyük əzginlik əmələ gətirir. Bu hiss “peşmançılıq” hissidir.

Peşmançılığın iki fərqli şəkli var. Allaha iman gətirən insanların yaşadıqları peşmançılıqla yuxarıda tərif etdiyimiz və inkarçı insanların yaşadıqları peşmançılıq bir-birindən çox fərqlidir.

Möminlər hər hadisədən Allahın xəbəri olduğunu və Onun izni ilə baş verdiyini, başlarına nə gəlsə, Allahın izni ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də çox mühüm xüsusiyyətlərdən biri olan təvəkkülü əsas götürürlər. İnanan insan çətinliklə qarşılaşanda da, heç etmək istəmədiyi səhv bir iş görəndə də təvəkküllə hərəkət edər. Əgər səhv edərsə, tez tövbə edər və Allahın onu bağışlayacağını düşünər. Bu səbəbdən də sıxıntılı və uzun müddət davam edən peşmançılıq hissinə qapılmaz. Möminin hiss etdiyi peşmançılıq onu səhvlərini düzəltməyə, tövbə edərək həmin davranışı bir də təkrarlamamağa istiqamətləndirər. Yəni özünü düzəltməsinə, nöqsanlarını aradan qaldırmasına təhrik edər, ancaq heç vaxt sıxıntıya, ruhi düşkünlüyünə səbəb olmaz. Şövqünü, həyəcanını, iman coşğusunu azaltmaz, tərəddüd və vəsvəsəyə salmaz.

Allaha iman gətirməyən insanların yaşadığı peşmançılıq hissi isə çox sıxıntılı və davamlıdır. Belələrinin təvəkkülü olmadığı üçün qarşılaşdıqları çətinliklərə, etdikləri hər səhv hərəkətə görə dəhşətli sıxıntı çəkirlər. Daim “kaş” nidası ilə yaşayırlar: “kaş etməsəydim…”, “kaş deməsəydim…”, “kaş getməsəydim…”

Ancaq bundan daha əhəmiyyətli bir məsələ var. Belə ki, insanların dünyada ikən yaşadıqları bu sıxıntılı peşmançılıqdan daha böyüyü axirətdə qarşılarına çıxacaq. Dünyada dindən uzaq olan insanlar axirətdə həmişə dünyada yaşadıqları hər dəqiqənin peşmançılığını hiss edəcəklər. Çünki dünyada onlara çoxlu xəbərdarlıq olmuş, doğru yola dəvət edilmişdilər. Fikirləşmək və həqiqəti tapmaq üçün çox zamanları olmuşdu.