Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilənlərdən və kafirlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun! (Maidə surəsi, 57)
Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan bir qövmdür. (Maidə surəsi, 58)
De: “Allah yanında cəza etibarilə bundan (bu dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara və donuzlara döndərmiş, eləcə də tağuta ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir və onlar doğru yoldan daha çox azmışlar”. (Maidə surəsi, 60)
Bu ayələrdəki xitab kitab əhlinin arasından çıxan camaatadır. Lakin onların xüsusiyyəti odur ki, onlar qadağan olunan şeyləri etmək üçün israr edən və dinə rişxəndlə yanaşan fasiq inkarçılardır. “Kitab əhli” kəlməsindən yalnız bu iki üzlü insanların hansı topluluğun içindən çıxdığını müəyyən etmək üçün istifadə olunmuşdur.
“Maidə” surəsinin 60-cı ayəsindən əvvəlki ayələrə baxanda bu təsvirlərin hamısını görə bilərik. 57-ci ayədə “Sizdən əvvəl kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri dost tutmayın” ifadəsi ilə müsəlmanlardan öncə kitab verilənlərin, yəni musəvi və xristianların arasından çıxmış dini ələ salıb oyun-oyuncaq hesab edənlərdən və kafirlərdən bəhs edilir. Təkrar qeyd edək ki, burada musəvi və xristianlardan bəhs edilmir, onların arasından çıxan dinsiz, yəni inkarçı və eyni zamanda təcavüzkar və rişxəndçi münafiq topluluqdan bəhs edilir. Belə bir topluluq təkcə müsəlmanlar üçün deyil, musəvi və xristianlar üçün də böyük təhdid və bəladır.
Ayələrdə işlənən “inkarçı” kəlməsinin yanlış anlaşılmamağı üçün bunu qeyd etmək lazımdır: bir insan hər hansı bir dinə inanıb-inanmaya bilər. Bu barədə sərbəstdir və öz vicdanı ilə qərar verməlidir. Bir dindar əsla dini qəbul etməyən birinə öz fikirlərini zorla qəbul etdirə bilməz. Bu, Quranda qadağan edilib. Hətta əvvəlki hissələrdə gördüyümüz kimi, bir müsəlman inkar edən bir adamı belə canı bahasına qorumalıdır.
Lakin o inkarçı əgər dinə rişxəndlə yanaşıb dindarlara və onların dəyərlərinə zərər verməyə çalışarsa, hörmət və şəfqətdən üz döndərib düşmən kimi davranarsa, hətta hücum çəkərsə, bu zaman Allaha qarşı günah etmiş olar. Diqqət ediləndə görünür ki, burdakı ayələrdə bəhs edilən inkarçılar həmin xüsusiyyətləri üzərində daşıyan və həddi aşan adamlardır. Dindarları çətin vəziyyətə salıb münafiqlik etdiklərinə görə Allah onları meymun və donuzlara bənzədərək alçaldır.

