Göylərin və yerin yaradıcısı olan Rəbbimiz ayədə insanlar üçün zəruri nemət olan suyu göydən endirdiyini bildirir. Yer üzündə 1 saniyədə milyonlarla kubmetr su okeanlardan atmosferə, oradan da quru sahələrə dövr edir. Bu su ilə torpaqlar canlanır, bitkilər yetişir, həyat davam edir. Allahın böyük lütfü olan bu dövran sayəsində insanlar suya olan tələbatını asanlıqla ödəyir, rahat yaşayırlar.
Eyni zamanda ayədə gəmilərin dənizlərdə hərəkətinin də Allahın insanlara bəxş etdiyi nemət olduğu bildirilir. Əlbəttə ki, suyun insanlara ram edilməsi Allahın böyük lütfüdür. Allah dilədiyi üçün su daşıma xüsusiyyətinə malikdir. Allahın əmri ilə gəmilər suyun üzərində hərəkət edirlər.
Ayənin davamında canlı-cansız bütün varlıqların Allahın nəzarəti altında olduğu bildirilir. Rəbbimiz kainatı insan üçün yaratmış, günəşi, ayı, gecəni və gündüzü onun ixtiyarına vermiş və onu hər cür nemətlə təmin etmişdir.
Ayənin sonunda isə Allah qullarına istədikləri hər şeyi verdiyini bildirir. Allah dünya həyatında insanlara bəxş etdiyi gözəlliklərə diqqət çəkir, bu nemətlərin saymaqla bitməyəcək qədər çox və müxtəlif olduğunu xatırladır. Göy üzündən dənizin dərinliklərinə qədər hər yerdə Allah saysız-hesabsız nemətlər yaratmışdır. Ancaq bəzi insanlar bu qədər nemət və gözəlliyə baxmayaraq Allahı lazımınca təqdir edə bilmirlər və Rəbbimizin verdiyi nemətlərə nankorluq edirlər. Halbuki, insan onun üçün yaradılan bütün nemətlərə şükür etməli və dünya həyatında Allahın bəyəndiyi əxlaqa yiyələnməlidir.

