Hədisçilər, məzhəblər, təriqətlər dinin hər sahəsinə qarışdığı kimi insanların dua etməsinə də qarışmaqdan çəkinməyiblər. Dua Allaha yalvarmaq, ondan istəmək formasından formal, ritual bir hala çevrilib. Başında cübbə, üzündə saqqal olan adamlar insanların hansı duaları etməsini də müəyyən ediblər. Məsələn: Qorxu duası, sevgi duası, varlanmaq duası, filan günlər hansısa ayəni neçə dəfə oxusan müəyyən müddətdən sonra ev alırsan, hansı duanı filan qədər desən filan hadisə olur, barmağı müəyyən sayda toxunduraraq zikr edirsən, Duanı ərəb dilində edəndə daha tez qəbul olunur. İnsanların şüuraltına yeridiblər ki, haşa Allah təkcə ərəb dilini bilir. Hətta özlərindən nağıl da uydurublar, guya Cənnət dili Ərəb dili olacaq. Bütün bunları da çəkinmədən kiminsə adı ilə dolayı olaraq gətirib Allahın Rəsuluna bağlayırlar. Amma biz Quranı oxuyanda orada dua anlamının tamam başqa olduğunu görürük.
Quranın heç bir yerində ərəbcə ibadət etmək, ərəbcə dua etmək kimi kəlmələr keçmir. Çünki bu rasizmə gətirib çıxarır. Quran şovunizmə, rasizmə qarşıdır. Bütün elçilər öz ümmətinə onların dilində olan kitabla, sözlə gediblər. Ona görə də Quranın ərəbcə olması, onun bütün tətbiqlərinin ərəbcə olması demək deyil. Görək Quran Allaha dua etməyi necə bildirir:
Əraf 55. Rəbbinizə acizanə, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevmir.
Əraf 56. Allaha qorxu və ümidlə yalvarın.
Səcdə 16. Qorxu və ümid içində rəbbinə yalvarırlar.
Allah Ona qəlbdən inanan, heç bir şübhə duymadan və tam itaətlə güvənən şəxsin bütün dualarına cavab verəcəyini Quranda belə bildirir:
Bəqərə 186. Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Muminun 60. Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.
I Ayələrdən də gördüyümüz kimi, Allah Quranda nə xüsusi metodla, nə də xüsusi bir dildə dua edilməsinə aid əmr verməyib. Gizli və aşkar şəkildə dua edə bilərik. Öz sözlərimizlə, öz doğma dilimizdə Allahdan dilədiyimizi istəyə bilərik. Bütün dillər Allaha məxsusdur. Namazdan sonra, günün istənilən vaxtı, hər an bu ayələr ilə dua edə Allahdan nələrsə diləyə bilərik.
Əraf 23. Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq.
Əraf 126. Ey Rəbbimiz, üzərimizə səbr yağdır və müsəlman olaraq bizim canımızı al.
Əraf 155. Sən bizim ixtiyar sahibimizsən. Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan.
Bəqərə 127. Ey Rəbbimiz, bu xeyirli işi məndən qəbul et, sən doğrudan da, Eşidən və Bilənsən.
Bəqərə 128. Tövbəmizi qəbul et, həqiqətən Sən tövbələri qəbul Edən və Mərhəmətlisən.
Bəqərə 201. Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru.
Bəqərə 250. Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə qüvvət ver. Bizə kafir qövm üzərində qələbə qazandır.
Bəqərə 285. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq.
Bəqərə 286. Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma. Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma. Bizi əfv edib bağışla, bizə rəhm et. Sən bizim ixtiyar sahibimizsən.
Hud 47. Ey Rəbbim, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram.
İbrahim 40. Ey Rəbbim, məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur.
İbrahim 41. Ey Rəbbimiz, haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla.
Nuh 28. Ey Rəbbim, məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla.
Şüəra 83-85. Ey Rəbbim, mənə hikmət bəxş et və məni salehlərə qovuşdur. Sonra gələnlər arasında mənə yaxşı ad qismət et. Məni Nəim cənnətlərinin varislərindən et.

