Ayə izahı: Hicr surəsi, 14-15

İnanmayanlar arasında möcüzə görməyə çox böyük istək var

İnanmayanlar arasında möcüzə görməyə çox böyük istək var. Onlara təbliğ edilən dinə inanmaq üçün mütləq belə şeylər görmək istəyirlər. Onsuz da hər tərəf möcüzələrlə doludur, bir az düşünə bilən insan bunları çox rahat şəkildə görə bilər.

Məsələn, “Havada duran bir daş var!” deyilsə, bu, böyük bir möcüzə kimi dəyərləndirilir, ancaq milyardlarla tonluq dünya yaradıldığı gündən bəri kosmik boşluqda durmaqdadır. Üstəlik dayanmadan, qüsursuz və ahəngdar bir şəkildə bir orbit üzərində günəşin ətrafında dolanır.

Atomlar arasındakı güclü cazibə qüvvəsi də bir möcüzədir, günəşin uzaq məsafədən dünyanı isitməsi, canlılara həyat verməsi də möcüzədir… Bu hadisələrin bir səbəbinin olması onların dəyərini azaltmaz, çünki səbəblər də heyrətamizdir. Ancaq belə hadisələr Allahın qüdrətini bilməyən və Onun sübutlarını görmədən keçənlər üçün heç bir şey ifadə etmir.

“İsra” surəsinin 90-93-cü ayələri inkarçıların necə möcüzə istədiyini açıq şəkildə təsvir etmişdir.

Ancaq inanmayanların möcüzə görmək istəkləri də səmimi deyil. Yəni bu insanları möcüzə gördükdən sonra yenə iman etməyəcəklər. Bu istəklərinin tək səbəbi rəsulun belə bir şey edə bilməyəcəyini və möcüzə olmadıqda isə inanmaları üçün bir məcburiyyətin qalmayacağını düşünmələridir. Quranda bu insanların səmimi olmamasından belə bəhs olunur:

Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, – deyərdilər. Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Ənam surəsi, 7-8)