Ayə izahı: Furqan surəsi, 77

Allahdan başqasını ilah edənlər, yəni müşriklər də bəzən Allaha dua edərlər

Allahdan başqasını ilah edənlər, yəni müşriklər də bəzən Allaha dua edərlər. Ancaq müşriklərin duası möminlərin duasından çox fərqlidir. Müşriklər yalnız çətin vəziyyətdə qaldıqları zaman Allaha möhtac olduqlarını xatırlayar və yalnız bu cür vəziyyətlərdən xilas olmaq üçün dua edərlər.

Halbuki, insanın həyatında Allaha möhtac olmadığı bircə an belə yoxdur. Məhz müşrik ilə möminin dualarındakı fərq burada ortaya çıxır. Möminlər həmişə və hər şəraitdə Allaha üz tutarlar. Mömin dua etmək üçün özünün çətin vəziyyətə düşməsini gözləməz. Həmişə Allaha yaxınlaşmaq ehtiyacı duyduğu üçün dua edər.

Müşrik xarakterinin ən diqqətə çarpan xüsusiyyəti isə, Allaha qarşı son dərəcə nankor və ikiüzlü olmasıdır. Özü çətin vəziyyətdə olarkən hər şeyi bir kənara buraxaraq Allaha dua edər. Çətin vəziyyətdən çıxdıqda isə sanki dua edən o deyilmiş kimi Allahı unudar. Çünki hadisələrin böyük hissəsinin Allahdan başqa varlıqların iradəsində, nəzarətində baş verdiyini zənn edir. Əslində, dünyadakı hər şeyin Allahın iradəsi ilə baş verdiyini bilmir. Bu dar düşüncəsinə əsasən bel bağladığı bütün ümidlərin Allahın idarəsində, nəzarətində olduğunu nəzərə almaz.

Məsələn, xəstələndiyi zaman onu sağaldanın, şəfa verənin həkimlər, dərman və ya xəstəxananın müasir texnoloji imkanları olduğunu fikirləşər. Hər xəstəliyə şəfa verənin, lazımlı dərmanı, həkimi də var edənin Allah olduğunu dərk etmir. Yalnız, çox güvəndiyi həkimlər, dərmanlar fayda vermədikdə, həmin vaxta qədər çox az fikirləşdiyi, bəlkə də heç düşünmədiyi Allaha sığınmağa başlayar. Halbuki, şəfa verəcək olan ancaq Allahdır. Cahil insanlar isə bunu qavraya bilmirlər və nankorluq edirlər. Onların bu nankorluğu ayələrin birində belə təsvir olunur:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunis Surəsi, 12)