Ayə izahı: Fatir surəsi, 11

Ölüm mövzusu mühüm olduğuna görə bir çox insan, “tale” haqqında səhv düşüncələr ortaya atır

Ölüm mövzusu mühüm olduğuna görə bir çox insan, “tale” haqqında səhv düşüncələr ortaya atır. “Taleyinə boyun əymək”, “taleyini dəyişdirmək” kimi səhv məntiqlər cəmiyyətdə olduqca məşhurdur. Bir sıra insanlar müşahidə və təxminlərini tale zənn edib bunların reallaşmadığını görüncə, taleyin təyin olunduğu kimi getmədiyini, dəyişdiyini zənn edirlər. Sanki taleyi əvvəlcədən oxumuş, hadisələr oxuduqları şəkildə həyata keçməmişdir. Bu cür səhv və əsassız məntiqlər, taleyin mənasının tam olaraq qavrana bilinməməsindən qaynaqlanır.

Tale, zaman və məkan anlayışlarını yoxdan var edən və bunları tamamilə hakimiyyətində saxlayan, zaman və məkana tabe olmayan Allahın keçmiş və gələcəkdəki bütün hadisələri zamansızlıq ölçüsündə təsbit etməsi və yaratmasıdır. Zamanı Allah yaratmışdır, buna görə O, zamandan asılı deyil. Allahın Qatında hər şeyin əvvəli də, sonu da, sonsuzluq içindəki yeri də müəyyəndir. Hər şey olub bitmişdir.

İnsanlar tale üzərində deyil, tale insanlar üzərində təyin edici ünsürdür. Taleyin parçası olan insan taledən müstəqil şəkildə davrana bilmir. Taleyin xaricinə çıxa bilmir. Bu bir video kasetdəki filmdə iştirak edən aktyorun, kasetin xaricinə çıxıb maddi ölçü qazanaraq videonun arxasında oturması və özünün olduğu kasetdə görüntüləri silmək və s. dəyişikliklər etməsinə bənzəyir ki, əlbəttə bu özü elə ziddiyyətli və məntiqsiz vəziyyətdir.

Bu səbəbdən taleyə boyun əymək, taleyin axışını dəyişdirmə kimi hallar mümkün ola bilməz. Unudulmamalıdır ki, “mən taleyimi dəyişdirdim” deyən bir insan əslində taleyində yazılı olan bir cümləni deyir.

Bunu bir misalla açıqlayaq. Bir insan günlərlə komada qala bilər, yenidən həyata dönməsi qeyri-mümkün görünə bilər. Gözlədiyimizin əksinə olaraq həmin insanın təkrar əvvəlki sağlamlığına qovuşması, onun “taleyini dəyişməsinə” ya da həkimlərin onun “taleyini dəyişdirdiyi” mənasını daşımır. Bu hadisə o insanın taleyində, onun üçün təyin olunmuş müddəti doldurmadığını göstərir. Bu da talenin parçasından başqa bir şey deyil. Hər şey kimi xəstələnməsi və təkrar sağalması da Allah Qatında yazılıb təsbit edilmişdir.