Lazımsız, məqsədsiz və boş yerə mal, zaman və buna bənzər şeyləri sərf etməyə və bədxərcliyə “israf” deyilir. İsraf Allahın Quranda haram etdiyi çirkin davranışdır.
Lakin Quran əxlaqından uzaq yaşayan bir çox insan hədsiz pul xərcləyib sonra bununla öyünməyi prestij mənbəyi hesab edir. Bu insanların davranışı Quranda belə bildirilir:
O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!” O, heç kəsin onu görmədiyinimi zənn edir? (Bələd surəsi, 6-7)
Bu ayədə bildirildiyi kimi, qəflətdə olan insanların etinasız yanaşdığı bir həqiqət var. Uca Rəbbimiz dünya həyatında insana öz bədənindən nəfəs aldığı havaya, yediyi yeməkdən istifadə etdiyi texnoloji alətlərə qədər sonsuz nemətlər nəsib etmişdir. Göydə və yerdə olanları, görünən və görünməyən nemət və ruzilərini onun istifadəsinə vermişdir. İnsan isə bu nemətləri Allah rizası üçün ölçülü şəkildə istifadə etməli və israfdan çəkinməlidir. Allah israf edənləri sevməz.
Allah Quranda israfı qullarına haram etmiş və israf edənləri sevmədiyini bildirmişdir:
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Əraf surəsi, 31)
Ayədə israf edənlər “şeytanın qardaşı” adlandırılır:
…Sağa-sola səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! (İsra surəsi, 26-27)
Şeytanı özlərinə ən böyük düşmən hesab edən möminlər bu ayəyə əsasən, israf etməməyə xüsusi diqqət etməlidirlər.
Möminlər əllərindəki hər şeyin onlara Allah tərəfindən verilmiş nemət olduğunu, heç birinin əsl sahibləri olmadıqlarını unutmazlar. Fədakarlıq etmək lazım gəldikdə də əllərindəki hər şeyi Quranda əmr edilən şəkildə xərcləyər, ancaq lazımsız yerə bircə qəpik də israf etməzlər. Çünki Allah Quranda möminlərə ehtiyacı olanlara mallarından vermələrini, ancaq sağa-sola səpələməməyi əmr etmişdir. (İsra surəsi, 26-27)

