Ayə izahı: Əraf surəsi, 188

Peyğəmbərimiz (s) qeyb məlumatlarını öz qabiliyyəti ilə və özünəxas özəlliklə əldə etməmişdi

Peyğəmbərimiz (s) qeyb məlumatlarını öz qabiliyyəti ilə və özünəxas özəlliklə əldə etməmişdi. O, yalnız Allahın istədiyi qədər qeybdən ona verdiyi xəbərləri ətrafındakılara təbliğ etmişdi. Hər şeyi bilən Allahın Öz elçisinə verdiyi məlumatlar isə keçmişdə baş vermiş, yaxud da gələcəkdə mütləq baş verəcək hadisələrə işarə edir. Bu da Peyğəmbərimizin (s) bildirdiyi bu məlumatların hər birinin möcüzə mahiyyətində olduğunu göstərir. Ancaq Allahın bildirməsi ilə bəlli ola biləcək xəbərləri Peyğəmbərimiz (s) həyatı boyunca dəfələrlə insanlara çatdırıb. Hz. Məhəmmədin (s) həm keçmişlə, həm yaşadığı dövrlə, həm də gələcəklə bağlı xəbərlərə vaqif olması, Rəbbimizdən qeyblə bağlı bilgilər alması da peyğəmbərliyinin dəlillərindəndir. Allahın ona verdiyi bir çox elmlə birlikdə Peyğəmbərimizin (s) göstərdiyi təvazökarlıq və itaət isə Quranda belə bildirilir:

“De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!” (Əraf surəsi, 188).

Allahın mübarək peyğəmbəri Hz. Məhəmməd (s) həm Quran ayələri ilə, həm də özəl olaraq ona gələn vəhy nəticəsində keçmişlə, yaşadığı dövrlə və gələcəklə bağlı bilgilər almış, Allahın istəyi ilə bir çox məsələlərdə heç kimin bilməyəcəyi qeyb bilgisinə malik olmuşdu. Çətin anlarda bu elm sayəsində müsəlmanları qələbə ilə müjdələmişdir. Bundan başqa da çoxlu müjdələr verərək onların şövqünü artırmışdır. Peyğəmbərimizin (s) müsəlmanlara əvvəlcədən müjdəsini verdiyi bu hadisələr bir möcüzə olaraq, ardıcıllıqla reallaşmışdır.