Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik. (Əraf surəsi, 163)
O zaman onlardan bir qrup demişdi: “Allahın məhv edəcəyi, yaxud şiddətli bir əzab verəcəyi bir qövmə nə üçün nəsihət verirsiniz?” Onlar da: “Rəbbinizə üzrxahlıq etmək üçün və onlar (pis əməllərdən) çəkinərlər ümidi ilə (nəsihət veririk)”, – dedilər. (Əraf surəsi, 164)
Onlar özlərinə verilən öyüd-nəsihəti unutduqları zaman biz də pis işlərdən çəkindirənləri xilas etdik və zülm edənləri işlədikləri günahlara görə şiddətli bir əzabla yaxaladıq. (Əraf surəsi, 165)
Təkəbbürlənərək qadağan edilən şeylərdən əl çəkmədikləri zaman onlara: “Zəlil meymunlar olun!” – dedik. (Əraf surəsi, 166)
“Əraf” surəsinin 166-cı ayəsindən əvvəlki ayələrə baxanda birbaşa İsrail oğullarına xitab etdiyini görürük. İsrail oğullarının, yəni musəvilərin arasından çıxan bir topluluq şənbə günü qadağasına əməl etmir, dinin hökmlərinə əhəmiyyət vermir və çəkinməli olduqları şeyi etməkdə israr edib qarşı çıxırlar. Dolayısilə, bu adamlar birbaşa öz “din”lərinə məxsus inkar içindədirlər. Musəvi topluluğunun arasından çıxan və söz dinləməyən topluluqdur.
Bu ayələrə diqqət ediləndə görünür ki, bir tərəfdə səmimi musəvilər var, o biri tərəfdə də musəvilərin arasında olub söz dinləməyən inkarçı topluluq var. Məsələn, 164-cü ayədə söz dinləməyən bu topluluğu israrla xəbərdar edən və doğru olana çağıran musəvilərdən bəhs edilir. Məqsədləri isə onları çəkindirib doğru yola çatdırmaqdır. 165-ci ayədə isə pislikdən çəkindirən bu səmimi topluluğun xilas olduqlarından söz edilir. Alçaldılanlar söz dinləməyən və səmimi musəvilərə çətinlik çıxaran inkarçılar olmuşdur.
Bu ayələrdən əvvəlki ayələrdə Allah düz yolda olan musəviləri belə tərifləmişdir:
Musanın qövmündən elə bir dəstə var ki, onlar (insanları) haqq yola yönəldir və ona əsasən ədalətlə hökm edirlər. (Əraf surəsi, 159)
Musanın qövmündən, yəni musəvilərdən haqqa çatdıran və ədalətli olan topluluğu Allah gözəl əməllərinə görə tərifləyir. Allahın bu ayəni nazil etməsində böyük hikmətlər vardır.
Bu və digər ayələr müsəlmanların səmimi musəvilərə münasibətini mükəmməl şəkildə açıqlayır.

