Şeytan qiyamətə qədər insanları Allahın yolundan ayırmağa və onları da özü ilə cəhənnəmə aparacağına and içən varlıqdır.
Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)
Ayədə ifadə edildiyi kimi, şeytan inkar edənlərin üzərində bu əməllərini reallaşdırmışdır. Onları əhatə etmiş, onlara Allahı unutdurmuş və onların üzərində mütləq hakimiyyət əldə etmişdir. Onlar bir mənada artıq şeytanın şəxsən özü, digər insanları da inkara, günaha və pisliklərə çağıran varlıqlar, yəni şeytanın firqəsi olurlar.
Əlbəttə ki, Allaha ixlasla inanan şəxslər üçün vəziyyət çox fərqlidir. Şeytan inkar edənlərə birbaşa təsir edə bilir. Amma möminlər Allaha qəti olaraq iman etdikləri üçün şeytan onlara təsir edə bilmir. Məsələn, Allah rizası üçün işləyib yorulmalarına əngəl ola bilmir. Quran əxlaqının hökmlərini yerinə yetirmələrinə, infaq edib namaz qılmalarına, yaxşılıq edib gözəl əxlaq göstərmələrinə, Allahı zikr etmələrinə, malları və canları ilə fədakarlıqla mübarizə aparmalarına mane ola bilmir.
Bu həqiqəti bilən şeytan iman edənlərə təsir etmək üçün daha hiyləgər üsullar axtarır. Allahın razılığını qazanmaq məqsədi ilə gördükləri işlərə birbaşa mane ola bilmədiyi üçün möminlərin niyyətinə təsir etməyə çalışır. Onları Allahın razılığından başqa hədəflərə yönəltməyə və bu şəkildə saf niyyətlə Allaha yönəlmələrini əngəlləməyə cəhd göstərir.
Ayələrdə (Nisa surəsi, 119-120, Əraf surəsi, 16-17) bildirildiyi kimi, şeytan müxtəlif üsullarla möminlərə təsir etməyə çalışır. Onların doğru bildiklərini səhv, yaxşı bildiklərini pis, gözəl gördüklərini çirkin, xeyir gördüklərini şər, şər gördüklərini isə xeyir kimi göstərməyə cəhd göstərir. Allahın razılığına uyğun bir iş görəcəkləri zaman qəlblərinə şübhə və vəsvəsə verməyə cəhd göstərir. Quran əxlaqına uyğun olmayan bir iş olduqda isə bunu bəzəyib cazibəli göstərməyə və möminləri bu işə cəlb etməyə çalışır.

