Sizi Allahdan, Onun dinindən və Qurandan uzaq tutmaqdan başqa hədəfi olmayan bir düşməniniz olduğunu əsla unutmayın. Çünki o, sizi bir an belə unutmur; vəzifəsini yerinə yetirmək üçün hər an fürsət gözləyir, pusquda dayanır. Sizi, sizin onu görmədiyiniz yerdən görür və yenə sizi tələyə salmağın min bir yolunu axtarır. Ən mühüm xüsusiyyətlərindən biri hiyləgərlikdir. Üsulları və oyunları insandan-insana dəyişdiyi kimi; zamana, məkana və şərtlərə görə də dəyişə bilir. Məhz bu düşmən, Allah dərgahından qovulan şeytandır.
Şeytan əksər insanın zənn etdiyi kimi, xəyali varlıq deyil. Dünyada imtahanın bir tələbi olaraq mövcud olan şeytanın fəaliyyətlərinə qarşı diqqət həmişə açıq olmalıdır. Çünki şeytan Allaha asi olaraq, Onun qullarını azdıracağı barədə and içmişdir.
Əraf surəsi, 11-18-ci ayələrində açıqca göründüyü kimi, şeytan insanın açıq-aydın düşmənidir. Bütün insanlara düşmən olan bu varlıq, sizə də həmişə aldanma və vəsvəsə verməyə, sizi doğru yoldan azdırmağa çalışacaq. Lakin burada mühüm bir məqam var; şeytanın ən böyük məqsədi sizi və bütün insanları öz yoluna tabe etməkdir. Qovulmuş şeytan, sizi cəhənnəmə salana qədər rahat durmayacaq. O zaman ona qarşı hər an ayıq-sayıq olmağınız və heç bir dəvətini bir anlıq belə olsun qəbul etməməyinizin lazım olduğunu əsla unutmayın.
Lakin burada unudulmayacaq çox mühüm bir həqiqət var: şeytan Allahdan müstəqil güc deyil. Şeytanı yaradan və nəzarəti altında saxlayan Allahdır. O da Allahın yaratdığı bir varlıqdır və təkcə Allahın icazəsi ilə fəaliyyətini davam etdirir. Dünyadakı imtahan müddətində həqiqi iman gətirənlərlə, iman gətirməyənlərin ayırd edilməsi üçün ona vəzifə təyin edilmişdir. Şeytan təkcə Allahın iradə və təqdiri içində fəaliyyət göstərə bilər. Özünə verilən möhlət bitdikdə, cəzasını çəkmək üçün o da azdırdığı insanlarla birlikdə cəhənnəmə atılacaq:
And olsun ki, Mən cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam! (Sad surəsi, 85)

