Ayə izahı – Əhzab surəsi, 34-cü ayə

Allah dünyanı Quranla tanıdır

Bütün kainatı yoxdan var edən, hər şeyin doğrusunu bilən Allah dünyanı bizə Quranla tanıdır. Doğru olanları ehtiva edən Quran bir möminin ömrü boyu üz tutacağı hidayət rəhbəridir. Quran hər mövzuda Allahın hz. Məhəmmədə vəhy etdiyi doğru məlumatları ehtiva edir. Allah Əhzab surəsindəki bu ayəsində bütün möminləri Quranı oxumağa təşviq edir. Möminlər evlərində Quran oxuyar və ayələri də yada salarlar.

Quranın ən əhəmiyyətli xüsusiyyətlərindən biri günümüzə qədər heç bir dəyişikliyə uğramadan, Peyğəmbərimizə vəhy olunduğu şəkildə günümüzə gəlib çatmasıdır. Bundan əlavə Quran hər insanın anlayacağı, sadə və aydın bir üsluba və bənzərsiz bir hikmətə malikdir. Quranın ehtiva etdiyi hökmlər və ayələrdə tövsiyə edilən gözəl əxlaq son dərəcə açıq, başa düşülən formadadır. Allahın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda qeyd olunanı rahat şəkildə anlaya bilər. Eləcə də anladıqlarını Allahın izni ilə bütün hərəkət və düşüncələrində ən gözəl şəkildə tətbiq edə bilər.

Allah Quranı insanların oxuyub başa düşmələri, içində yazılanları öyrənmələri, bütün kainatı yoxdan var edən Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib çəkinmələri üçün göndərmişdir. Müxtəlif nümunə və hekayələrdə ayələrini bir-bir, müxtəlif formalarda açıqlamışdır. Allahın “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq…” (Ənam surəsi, 38) ayəsi ilə də bildirdiyi kimi Quran qüsursuzdur. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyat ilə əlaqədar bir çox təfərrüat Quranda ən hikmətli şəkildə təsvir edilir.

Quranı oxuyan, ayələri bilən möminlər həmişə və hər yerdə Allahın əmrlərinə görə hərəkət edər, Quranda qadağan olunan hər cür düşüncə və rəftardan ciddi şəkildə uzaq dayanarlar. Hər hansı bir işi görərkən ya da bir qərar qəbul edərkən o mövzu haqqında Allahın nə əmr etdiyini düşünər, dərhal Quran ayələrinə müraciət edirlər. Öz istəklərinə, içində yaşadıqları cəmiyyətin batil ənənələrinə və ya atalarının haqqa əsaslanmayan adətlərinə görə deyil, yalnız Allahın buyruqlarına görə hərəkət edərlər.