Ayə izahı: Bəqərə surəsi, 216

Bəqərə” surəsinin 216-cı ayəsində Allah zərərli kimi görünən bəzi şeylərin insanlara xeyir

“Bəqərə” surəsinin 216-cı ayəsində Allah zərərli kimi görünən bəzi şeylərin insanlara xeyir gətirəcəyini xəbər vermişdir. Lakin eyni ayədə bununla yanaşı, insanların sevdiyi şeylərin onlara zərərli ola biləcəyi xəbər verilmişdir. Quranda bu mövzu ilə əlaqədar verilən misal xəsislik edən varlı inkarçıların durumudur. İnkarçıların xəsisliyi fərasət zənn etməsi və Allah yolunda istifadə etmədikləri var-dövlətin onlara fayda gətirəcəyini düşünməsi böyük qəflətdir. Çünki Allah belə zənginliyin sahibləri üçün zərər olduğunu və axirətdə əzaba səbəb olacağını Quranda bildirmişdir:

Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır… (Ali İmran surəsi, 180)

“Qəsas” surəsində də Allahın çoxlu var-dövlət verdiyi, ancaq buna görə qürrələnən və azğınlaşan Qarunun hekayəsi keçir. Edilən xəbərdarlıqları dinləmədiyinə görə həlak edilən Qarun, insanlar üçün ibrət sayılır. Onun bu vəziyyəti Quranda belə xəbər verilir:

…Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz. Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz”. Qarun dedi: “Bu sərvət mənə elmimə görə verilmişdir”. O, Allahın əvvəlki nəsillər içində ondan daha güclü və varlı kimsələri belə məhv etdiyini bilmirdimi?! Günahkarlardan günahları soruşulmaz. (Qəsas surəsi, 76-78)

Ayələrdə bildirildiyi kimi, Qarun sahib olduğu zənginliyin özünə xeyir gətirəcəyini zənn etmiş və qürrələnmişdir. Ancaq sonda ziyana uğramışdır.

Möminlərin isə mal-mülkü dəyərləndirmə şəkli cahiliyyə düşüncəsindən tamamilə fərqlidir. Quranda əmr edildiyi kimi davranan mömin üçün mülk sahibi olmaq o qədər də əhəmiyyətli deyildir.

Mal sevgisi, yığmaq həvəsi kimi cahilliyə xas hərəkətlərin heç biri möminlərin üstün əxlaqında yoxdur. Çünki mömin bütün həyatını Allahın rizasını qazanmağa həsr etmişdir. Buna görə, malını Allah yolunda xərcləyir və nəfsinin istəklərinə uymur. Beləliklə də dünyəvi mənfəətlərə deyil, axirətə yönəlir və buna görə də möminlər Allah qatında üstün edilmişdir. Allah onları Quranda belə müjdələyir:

Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)

Bu həqiqəti bilən peyğəmbərlər, elçilər, saleh möminlər tarix boyu özlərinə nemət olaraq verilən malın Allaha aid olduğunu bilərək hərəkət etmişlər. Bütün sərvətlərindən Allah rizası üçün istifadə etmişlər. Bundan başqa, möminlər bəzi insanların etdiyi kimi, nümayiş üçün deyil, tam əksinə, Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün (Bəqərə surəsi, 265) infaq edirlər. Buna görə də malları azalsa da, cahil cəmiyyətin verdiyi reaksiyadan fərqli olaraq, bunun imtahan olduğunu bilir və bunda xeyir görüb səbir edirlər. İnananların belə vəziyyətdə necə davrandıqları Quranda belə xəbər verilir:

De: “Ey mülkün sahibi olan Allah! Dilədiyin kimsəyə mülkü verərsən, dilədiyindən də mülkü alarsan. Dilədiyin kimsəni yüksəldər, dilədiyini də alçaldarsan. (Hər cür) xeyir Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən! (Ali İmran surəsi, 26)

İnananlar yaxşı bilirlər ki, inkarçıların malları axırda onlara əzab gətirir. Bu, uca Allahın vədidir. Ayədə belə buyurulur:

Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə onlara dünya həyatında əzab vermək və inkar edən olaraq can vermələrini istəyir. (Tövbə surəsi, 55)