Səmimi qəlbdən Rəbbimizə yönələn, Onun əmr və tövsiyələrinə riayət edən, sadəcə Allahın rizasını qazanmaq üçün ixlasla yaxşılıq edən və hər etdiklərinin əvəzini axirətdə görəcəklərini bilən insanlar üzərində şeytanın heç bir gücü yoxdur. Şeytan Allahın cəhənnəm üçün yaratdığı insanlar üzərində hakim olur. Məsələn, Allah namaz qılmağı fərz qılmışdır. Şeytan bunu çətin göstərməyə çalışır. Şeytanın doğru yoldan azdırmağa çalışdığı, qulağına fısıldadığı vəsvəsələr iman gətirənlərə təsir etməz. Allah bunu ayələrində belə bildirir:
Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir.(Nəhl surəsi, 99-100)
Bir başqa ayədə şeytanın bu vəziyyəti belə xəbər verilir:
Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”. (İsra surəsi, 65)
Bu səbəbdən, Allah iman gətirənlərə Quranda “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” (Ali-İmran surəsi, 175) şəklində buyurur. Şeytan müxtəlif yollarla insanın bir anlıq səhv etməsinə səbəb ola bilər, ancaq müsəlman səhv edəndə dərhal bunun fərqinə varar və tövbə edib Allaha sığınar. “Əraf” surəsində iman gətirənlərə belə bildirilir:
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (həqiqəti) görərlər. (Əraf surəsi, 200-201
Ancaq inkarçılar şeytanın sözünü dinləməklə, onu özlərinə dost etmişlər. Şeytan onları qorxu, təhdid, dünya həyatına dair müxtəlif aldanışlar, vəsvəsələr və vədlərlə təsiri altına almışdır. Artıq onlar şeytanın firqəsinə, üsyankar ordusuna mənsubdurlar. Şeytanın sözləri onlar üçün təlimat və əmrdir. Yalnız onun sözünə itaət edirlər.

