Ayə izahı: Ali-İmran surəsi, 102

Ayədə Allah qorxusunun əhəmiyyəti bildirilmişdir

Ayədə Allah qorxusunun əhəmiyyəti bildirilmişdir. Quran əxlaqı Allah rizası və qorxusu üzərində qurulmuşdur. Allahdan layiqincə qorxanlar və ancaq Allahın razılığını hədəf edənlər din əxlaqı ilə səmimi yaşaya bilərlər.

Allahdan layiqincə qorxmaq Quranda çox açıq və ətraflı izah edilmişdir.

Möminin Allah qorxusu çox dərin və hörmət dolu qorxudur. Digər qorxular kimi insana sıxıntı və əzab verən qorxu deyil. Tam əksinə, insana qulluğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açan, insanı üstün əxlaqi səviyyəyə çatdıran və Allaha yaxınlaşdıran hörmət dolu qorxudur.

Möminin axirət həsrətini artıran, ümidini və şövqünü alovlandıran, onu pis əməllərdən çəkindirib Allahın rizasına, rəhmətinə və cənnətinə yaxınlaşdıran, buna görə də çox böyük mənəvi həzz verən hissdir.

Möminə Allahın hədlərini qorumaq, Allahın rizasını qazanmaq üçün dərin şüur, diqqət və dəqiqlik qazandırır.

Mömin Allahdan qorxarkən Allahın şəfqətini, mərhəmətini, bağışlayan olduğunu, Onun nemətlər bəxş edən, tövbələri qəbul edən olduğunu da unutmaz. Bu da hiss etdiyi dərin qorxu ilə birlikdə bir tərəfdən də daxilən çox güclü ümid bəsləməsinə səbəb olur. İçindəki Allah qorxusu Allahın bu isimləri üzərində çox dərin təfəkkür etməsinə, Allahın üstünlüyünü və böyüklüyünü daha yaxşı təqdir etməsinə, beləcə, Allaha daha çox yaxınlaşmasına vəsilə olur. Allahın mərhəmətini, şəfqətini daha yaxşı dərk edir.

Ayədə Rəbbimiz qullarını həyatının son anına qədər müsəlman əxlaqına uyğun yaşamaları üçün xəbərdar edir. Ancaq Allahdan qorxan, ancaq Allahı razı etməyə çalışan, həmişə vicdanla hərəkət edən, Quranda bildirilən gözəl əxlaqla yaşayan, daima Allahın hədlərini qoruyan və hər zaman Rəbbimizə üz tutan möminləri, Allahın izni ilə, heç bir şərait və ya hadisə həqiqi məqsədindən uzaqlaşdırmaz.